ABŞ səfirliyi "Regional Kitabxanaların inkişafı" Proqramı çərçivəsində kitabxanalara
55 min kitab hədiyyə etmişdir
Noyabrın 14-də
Amerika Mərkəzində ABŞ səfirliyinin "Regional
kitabxanaların inkişafı" proqramının
yekunlaşması ilə bağlı tədbir
keçirilmişdir.
ABŞ səfirinin
müavini Donald Lu demişdir ki, proqramda məqsəd region
kitabxanalarının fəaliyyətini genişləndirmək
və onları ictimai mərkəzlərə çevirməkdir.
Bildirilmişdir ki,
proqram çərçivəsində regional kitabxanaların
inkişafı və kitabxanalarda informasiya
mərkəzlərinin yaradılması layihələri
həyata keçirilmişdir. Proqram Naxçıvan, Gəncə,
Mingəçevir və Əli Bayramlı
şəhərlərini, Gədəbəy, Qobustan, İsmayıllı,
Kürdəmir, Neftçala, Qax, Salyan, Xaçmaz, Dəvəçi,
Zaqatala, Quba, Bərdə, Lənkəran, Beyləqan, Astara
və Şəki rayonlarını əhatə etmişdir. Proqram
çərçivəsində bu regionlar arasında yaradılmış
elektron şəbəkə vasitəsilə
bölgələrdə kitabxanalarının inkişafı
üçün kitabxanaçılar, habelə əhali
arasında fikir və informasiya mübadiləsi
aparılmışdır. Eyni zamanda, ABŞ səfirliyinin və
başqa təşkilatların nümayəndələri ilə
birbaşa internet forumlar keçirilmişdir.
Kitabxanalar
müxtəlif kitablarla, jurnallarla, video və audio
avadanlıqla, kompüterlərlə təchiz edilmişdir. Layihə
çərçivəsində kitabxanalara, ümumilikdə,
55 min kitab hədiyyə olunmuş, müntəzəm
təlimlər keçirilmişdir.
Respublika.- 2007.- 15 noyabr.- S. 7.