Milli Kitabxana
pullu olmayıb, olmayacaq da
Kərim Tahirov:
“Bizim nə haqqımız var ki, kimdənsə pul alaq?”
Cəmiyyətdə böyük ajiotaj yaradan Milli Kitabxananın
pullu sistemə keçirilməsi xəbəri
bu gün də insanları narahat edir. Amma
kitabxana oxucuları ürəklərini buz kimi saxlasınlar. Çünki Milli Kitabxana pullu sistemə keçmək niyyətində deyil və olmayacaq da. Bunu kitabxananın
direktoru Kərim Tahirov deyir. İrandan qayıdan kimi rəhbərlik etdiyi kitabxana ilə bağlı xəbəri eşidən
K.Tahirov bizimlə əlaqə yaradaraq, deyilənlərin yanlış
olduğunu bildirdi.
- Kərim müəllim,
Milli Kitabxana pullu sistemə keçəcək, ya yox?
- Əlbəttə ki,
yox! “Yeni Müsavat” qəzetinin 26 noyabr tarixli nömrəsində “Milli Kitabxana pullu xidmətə keçəcək”
başlıqlı məqalə
gedib. Amma məqalənin məzmununda
belə şey yoxdur. Direktor müavini əslində pullu sistemin tətbiq olunacağını
deməyib. O, oxucu biletinin əvvəllər
pullu olsa da, 2005-ci ildə bunun ləğv olunmasından danışıb.
Ümumiyyətlə, dünyanın
heç bir yerində Milli Kitabxana pullu ola bilməz. Kitabxana ölkənin bütün vətəndaşlarına
heç bir maneçilik törətmədən
xidmət göstərir.
O cümlədən də
bizim Milli Kitabxana. Dövlət kitabxanaya həmişə
kifayət qədər
vəsait ayırıb.
Ona görə də bizim pullu
xidmətə keçməklə
bağlı fikrimiz yoxdur və ümumiyyətlə, bu haqda söhbət ola bilməz. Kitabxana dövlətin milli sərvətidir. Ölkənin vətəndaşları
heç bir vəsait ödəmədən
kitabxanadan istifadə edə bilərlər. Bu, dünyanın bütün yerində belədir. Biz də bunun üçün
çalışırıq. Hətta elektron informasiya xidmətimiz var. Çalışırıq
ki, nəinki kitabxanadakılar, rayonlardan,
dünya ölkələrindən
oxucular Bakıya gəlmədən kitabxananın
fondundan istifadə edə bilsinlər. Axı belə bir zamanda pullu
sistemdən necə danışmaq olar? Bu, tamamilə yalnış fikirdir. Milli Kitabxana pullu
olmayıb, olmayacaq da. Yanvar ayından oxuculara
kitabın sifarişini
məsafədən həyata
keçirmək imkanı
yaradacağıq. Hər bir
oxucu evindən kitabı sifariş edəcək. Kitabxanaya gələndə
isə görəcək
ki, kitab artıq hazırdır.
- Bu xidmət də pulsuz olacaq?
- Sözsüz ki, bu xidmət də ödənişsiz olacaq. Oxucular bizim kitabxanada
yalnız kitabın surətini çıxaranda
pul verirlər. Bir çoxları lazım olan materialı evində oxumaq istəyir. Buna görə də, surətini çıxarıb
aparır. Biz hazırda elə imkan yaradırıq ki, oxucular kitabxanaya
gəlmədən kitablarımızdan
yararlansınlar. Bütün dünyada
buna virtual oxucu deyirlər. Milli Kitabxananın virtual oxucularının sayı
38 min nəfərdir. Bu az rəqəm
deyil. Hətta başqa ölkələrdən
oxucular elektron kitabxanaya Azərbaycana nisbətən daha çox müraciət edirlər. Yəni istəyirik oxucu
kitabxanaya gəlməsin.
Çünki burada yer, vaxt problemi olur.
Bizim 100 mindən artıq ədəbiyyatımız elektron
kataloqundadır. Pullu xidmət
göstərmək niyyətimiz
vardısa, dəli olmuşuq ki, bu tədbirləri həyata keçirək?
Biz bu istiqamətdə
işləri davam etdirməkdəyik. Prezidentin “Milli
Kitabxananın modernləşdirilməsi
haqqında” sərəncamı
var. Bunun üçün
vəsait ayırıb.
Bizim nə haqqımız var ki, kimdənsə,
nə üçünsə
pul alaq? Belə söhbət yoxdur. Əksinə,
Milli Kitabxana çalışır ki,
oxucular məsafədən
kitabı sifariş versinlər. Bunun üçün
də imkanlar yaradırıq. Həm də
bura kifayət qədər vəsait ayrılır və pullu sistemə keçməyə ehtiyac yoxdur. Onu da deyim ki, biz artıq yanvar ayından Avropa elektron kitabxanasının məlumat
bazasına daxil olacağıq.
- Kərim müəllim,
oxucular kitabxana işçilərinin xidmətindən
narazıdırlar. Yəni işçilər
oxucuya qarşı çox diqqətsiz və sərtdirlər.
Bunun qarşısının alınması
üçün hər
hansı tədbirlər
görülməyəcək?
- Bunu aradan qaldırmaq üçün
yanvarın 1-dən bizdə
məsafədən sifariş
xidməti göstəriləcək.
Məsafədən xidmət belə
halların qarşısını
alacaq. Amma biz buna qarşı
ciddi mübarizə aparırıq. Bir müddət
əvvəl oxuculardan
biri şikayət ərizəsi ilə müraciət etmişdi.
Həmin
oxucu kitabxana işçilərindən ikisinin
sərt rəftarından
şikayət edirdi.
Mən onları cəzalandırdım.
Bizim insanlarla sərt danışmağa, insanları
narazı salmağa ixtiyarımız yoxdur.
Dövlət bizim üçün
şərait yaradır,
kifayət qədər
vəsait ayırır
və əmək haqqı verir. Bizim vəzifəmiz oxucuya xidmət etməkdir.
Belə hallar baş verə bilər. Amma oxucu dərhal bizə müraciət etməlidir ki, bu halı aradan
qaldıraq. Bizim kitabxana
artıq dünənki
deyil. Bu gün bizim adi kitabxanaçımız
120 manat əmək haqqı alır. Onların haqqı yoxdur ki, işləməyib, oxucu ilə sərt davransınlar.
- Nəşriyyatlarla bağlı
Milli Kitabxana problem yaşayırdı. Nəşriyyatlar yeni kitabların nüsxələrini yenə
vermirlər?
- Bu, çox ciddi problemdir. Bu günlərdə
Mədəniyyət və
Turizm Nazirliyində kollegiya iclası olub. İclasda məsələ çox ciddi qaldırılmışdı. Nazirlikdə nəşriyyat şöbəsi
yaradılıb. Bu şöbə gələcəkdə
bu işləri tənzimləmək haqqında
təkliflər hazırlayacaq.
İnanıram ki, bu il məsələni həll
edəcəyik. Bununla yanaşı
həm məcburi nüsxə sistemi haqqında yeni qanun, həm də nəşriyyat haqqında qanunun yeni variantı hazırlanacaq. Təəssüflər olsun ki, özəl
nəşriyyatlarımız bu gün çap
etdikləri kitabları
bizə göndərməməklə
qanunu pozurlar.
Biz qapı-qapı düşüb nəşriyyatlardan
kitab yığırıq.
Maşın, adam göndəririk, amma yenə də göndərmirlər.
Bu, belə olmamalıdır.
Mən bu günlərdə İranda idim. Orada kitab çıxan kimi ilk növbədə nüsxəsini kitabxanaya verirlər. Hamı başa düşməlidir
ki, bu, vətəndaşlıq
borcudur. Kitabın tarixdə
qalması üçün
kitabın nüsxəsi
kitabxanaya verilməlidir.
- Son zamanlar bəzi kitabxanaların kitabların
nüsxələrini tələbələrə
pulla satdığı
deyilir...
- Kitabxanadan kitab satışı heç vaxt ola
bilməz. Mən buna inana bilmirəm. Çünki kitabların inventar
nömrəsi olur.
Bu, absurd bir şeydir.
Belə hal aşkarlanarsa, həmin kitabxanaçıya
ciddi cəza verilməlidir. Bu dövlət əmlakının
dağıdılması deməkdir.
- Son zamanlar kitabxananın
fonduna hansı mövzuda olan kitablar daha çox
daxil edilir?
- Biz tələbata uyğun
kitab götürürük.
Əsasən ayrı-ayrı
elm sahələrinə aid ədəbiyyat,
dərsliklər, elmi-publisistik
məqalələr fonda daxil olur. Bədii ədəbiyyat isə
azdır. Heç
kim bədii
ədəbiyyatı oxumağa
gəlmir. Kitabxananın
oxucularının əksəriyyəti
tələbələr, tədqiqatçı
alimlərdir.
İki sahil.- 2007.- 29
noyabr.- S. 6.