İnformasiya və telekommunikasiya sistemləri
cəmiyyətin inkişafında əhəmiyyətli rol
oynayır
30 noyabr Beynəlxalq informasiya
təhlükəsizliyi günüdür
Beynəlxalq informasiya təhlükəsizliyi günü
1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz həmin ilin
noyabrında universitetlər, elmi-tədqiqat institutları
və hərbi idarələr də daxil olmaqla ARPANET-in
minlərlə qovşağını sıradan
çıxaran ilk kompyuter virusu meydana gəldi və
nəhəng itkilərə səbəb oldu.
Yaradıcısının adı ilə Morris
"soxulcanı" adlandırılan bu virusun vurduğu ziyan
təxminən 100 milyon dollar həcmində
qiymətləndirilmişdir.
Morris "soxulcanı" göstərdi ki, informasiya
təhlükəsizliyi həqiqətən də çox ciddi
məsələdir və insanlar tərəfindən
böyük səylər və müvafiq tədbirlərin
həyata keçirilməsini tələb edir. Buna görə
də dünya ictimaiyyəti informasiya
təhlükəsizliyinin təmin edilməsinə kompleks
yanaşmanın zəruriliyi haqqında ciddi
düşünməyə başladı. Həmin vaxtdan
bəri informasiya texnologiyaları, təbii olaraq informasiya
cəmiyyəti inkişaf etdikcə bu problem daha da
aktuallaşır. Bunları əsas tutaraq 1988-ci ildə
Kompyuter avadanlığı üzrə Amerika Assosiasiyası
30 noyabrı beynəlxalq informasiya təhlükəsizliyi
günü elan etdi. Ona görə ki, informasiya
təhlükəsizliyi bir ölkəni yox, bütün
bəşəriyyəti təhdid edən problemdir.
Assosiasiya bu üsulla dünya
ictimaiyyətinə kompyuter sistemləri və
şəbəkələrində informasiyasının
etibarlı mühafizəsi zərurətini xatırlatmaq,
aparat və proqram vasitələri istehsalçılarının
və istifadəçilərinin diqqətini
təhlükəsizlik problemlərinə yönəltmək
məqsədi güdürdü. Artıq
dünyanın 50-dən artıq ölkəsi bu
təşəbbüsə qoşulub.
İnformasiya təhlükəsizliyi günü çoxdan
istifadə olunan parolların yeniləşdirilməsi,
sistemdə virusların mövcudluğunun yoxlanması,
verilənlərin arxivləşdirilməsi, lazımsız
informasiyanın silinməsi, vacib informasiyaların
mühafizə səviyyəsinin auditi, kompleks
təhlükəsizliyin və digər bu kimi tədbirlərin
həyata keçirilməsi, ictimaiyyətin diqqətinin
artırılması, müvafiq qurumların və
mütəxəssislərin məsuliyyətinin
xatırlanması və ümumiyyətlə, bir monitorinq
günüdür. Həmin vaxtdan etibarən informasiya
təhlükəsizliyi problemlərinin müxtəlif
aspektlərinə həsr olunmuş beynəlxalq
tədbirlər keçirilir.
Keçən müddət ərzində bu günün
əhəmiyyəti daha da artmışdır. Cəmiyyətin
bütün sahələrinin və insanların
informasiya-kommunikasiya texnologiyalarından (İKT)
asılılığı gücləndikcə informasiya
təhlükəsizliyinin əhəmiyyəti özünü
daha çox büruzə verir. İnformasiya təhlükəsizliyi
dövlətin, cəmiyyətin və şəxsiyyətin
təhlükəsizliyinin təmin edilməsinin əsas
istiqamətlərindən birinə çevrilir.
Təsadüfi deyildir ki, informasiya
cəmiyyəti məsələlərinə həsr
olunmuş Cenevrə sammitində bəyan edilmişdir ki,
İKT sülhün, təhlükəsizliyin və sabitliyin
təmin olunmasında, demokratiyanın
gücləndirilməsində səmərəli bir
alətdir. İnformasiya resurslarından və
texnologiyalarından cinayət və terror
məqsədləri ilə istifadə etməyin
qarşısının alınması, insan
hüquqlarının qorunması, fərdi məlumatların
toxunulmazlığı və söz azadlığı
haqqında müddəalara əməl olunması ön plana
çəkilir. İnsan haqlarının qorunması ilə
yanaşı, internetdə terrorizmin bütün formaları
və təzahürlərinə qarşı
mübarizənin vacibliyi, rəqəmsal bərabərsizliyin
aradan qaldırılması üçün tədbirlərin
görülməsi vurğulanır və uşaqların,
gənclərin inkişafında, şikəst insanların,
gender probleminin həllində İKT-nin rolunun
artırılması cəmiyyətin inkişafında
taleyüklü məsələlərə çevrilir.
Bu səbəbdən 30 noyabr informasiya
cəmiyyətinin təhlükəsizlik üzrə
makroindikatorlarının monitorinqini aparmaq, mövcud
vəziyyəti qiymətləndirmək, bu sahədə
baş verən əsas dəyişiklikləri və inkişaf
meyillərini nəzərdən keçirmək, həllini
gözləyən problemləri
müəyyənləşdirmək, diqqəti bir daha
informasiya təhlükəsizliyi məsələlərinə
cəlb etmək günü kimi yeni mahiyyət qazanır.
Məlumdur ki, qlobal informasiya cəmiyyətində informasiya
iqtisadiyyatın, elmin, təhsilin, siyasi və ictimai
fəaliyyətin digər sahələrinin aparıcı
amilinə çevrilir. Müxtəlif informasiya və
telekommunikasiya sistemləri cəmiyyətin və
dövlətin inkişafının mühüm amili kimi
çıxış edir. Lakin informasiya cəmiyyəti
informasiyanın cinayətkar qruplar tərəfindən
antibəşəri məqsədlərlə tətbiqi
imkanlarını da genişləndirir.
Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin qurulması istiqamətləri və
prioritetləri ümummilli liderimiz Heydər Əliyev
tərəfindən 17 fevral 2003-cü ildə imzalanan
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya və kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya (2003-2012-ci illər)", ölkə
başçısı cənab İlham Əliyev
tərəfindən 2005-ci ilin oktyabr ayında təsdiq
edilmiş "Elektron Azərbaycan" Dövlət
Proqramında nəzərdə tutulan fəaliyyət planı
və vəzifələrlə müəyən edilir.
Elektron Azərbaycan Dövlət Proqramında
milli informasiya fəzasının təhlükəsizliyinin
beynəlxalq tələblərə uyğun qurulması və
idarə olunması sisteminin yaradılmasını, eyni zamanda
beynəlxalq və milli standartların qəbulunu, informasiya
təhlükəsizliyi üzrə proqram-texniki
vasitələrin sertifikatlaşdırılması mexanizminin işlənməsini və sınaq
laboratoriyalarının yaradılmasını
nəzərdə tutan çox əhəmiyyətli xüsusi
müddəalar var.
Ümumiyyətlə, Azərbaycan Respublikasında informasiya
təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik
bazasının formalaşdırılması və inkişaf
etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar, sərəncamlar
qəbul edilmişdir. "İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında",
"Dövlət sirri haqqında", "Elektron
sənəd və elektron imza haqqında", "Elektron
ticarət haqqında", "İnformasiya əldə
etmək haqqında", "Telekommunikasiya haqqında"
qanunlar qəbul edilmiş, kompyuter cinayətləri ilə bağlı məsələlər
Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsində öz əksini tapmışdır.
Ölkəmizdə informasiya cəmiyyəti inkişaf
etdikcə elektron hökumətin yaradılması prosesində
vahid və çoxsəviyyəli ümumdövlət
informasiya təhlükəsizliyi sisteminin yaradılması
zərurəti də meydana çıxır. Bu sahədə normativ-hüquqi bazanın
yaradılması və inkişaf etdirilməsi
vətəndaşların məlumatları əldə
etmək hüququnun sərbəst, maneəsiz və hamı
üçün bərabər, demokratik hüquqi
dövlətin prinsipləri əsasında təmin
edilməsinə şərait yaradır.
İnformasiya təhlükəsizliyinin təmin
edilməsi sistematik, kompleks yanaşma tələb edir. Bu sahədə əlaqədar qurumlar
tərəfindən konseptual, təşkilati, elmi-metodoloji,
qanunvericilik, maddi-texniki əsasların yaradılması
üzrə işlər aparılır.
İnternetin sürətli inkişafı və kütləvi
halda istifadəçilərin meydana çıxması
ilə kompyuter və kommunikasiya sistemlərinə olan
təhdidlər daha ehtimallı olur və onların realizəsinin
nəticələri daha da geniş miqyas alır.
Buna görə də informasiya
təhlükəsizliyi sistemlərində baş verən anormal
hadisələrə və qeyri-qanuni
hərəkətlərə tez reaksiya verilməsi, kompyuter
cinayətlərinin müxtəlif növlərinə
əks-təsir vasitələrindən biri də dünya
təcrübəsində geniş istifadə olunan Kompyuter
İnsidentləri üzrə Yardım
Komandalarının (Computer Emergency Response Team, CERT)
yaradılmasıdır. Dünyada ilk CERT də məhz 1988-ci
ilin noyabr ayında baş vermiş virus epidemiyasından
bilavasitə sonra yaradılmışdı. Hazırda
müxtəlif ölkələrdə çoxlu sayda CERT
qurumları fəaliyyət göstərir. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin
təşəbbüsü və rəhbərliyi ilə bu
cür komandaların yaradılması istiqamətində
məqsədyönlü işlər həyata keçirilir.
Artıq AMEA İnformasiya Texnologiyaları İnstitutunda CERT
mərkəzi fəaliyyət göstərməyə
başlamışdır. Yaxın
gələcəkdə CERT qurumların dövlət
strukturlarında, özəl şirkətlərdə, ictimai
təşkilatlarda, təhsil ocaqlarında, internet
provayderlərdə yaradılması nəzərdə tutulur.
Əlbəttə, yaradılacaq bütün CERT-lərin
mülkiyyət və təşkilat formasından asılı
olmayaraq vahid bir platformada milli CERT
çərçivəsində əlaqələndirilməsi
ölkədə formalaşan korporativ informasiya
fəzalarının etibarlı mühafizəsi və
təhlükəsizliyinin təmin olunması baxımından
mühüm əhəmiyyət daşıyır.
Milli eyniləşdirmə sisteminin iki vacib
elementinin - biometrik eyniləşdirmə sisteminin və elektron
imza infrastrukturunun yaradılması, onların
imkanlarının səmərəli şəkildə
birləşdirilməsi və istifadəsi təkcə bu
problemin həllində deyil, ümumiyyətlə informasiya
məkanının təhlükəsizliyinin təmin
edilməsində mühüm rol oynayacaq.
İnformasiya təhlükəsizliyinin təmin edilməsinin
ən vacib vəzifələrindən biri də yüksək
ixtisaslı mütəxəssislərin
hazırlanmasıdır. Bu istiqamətdə ölkədə
müəyyən işlər görülür. Bir sıra
ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr
hazırlanmasına başlanmışdır.
Təhlillər göstərir ki, informasiya
təhlükəsizliyi təhdidlərinin əsas
mənbəyi insan amilidir. Statistik hesabatlara görə,
sistemin öz istifadəçilərinin hərəkətləri
nəticəsində vurulan ziyanın həcmi artıq
virusların vurduğu ziyanı üstələyir.
Təhlükəsizlik üzrə bir çox zəif
yerlər istifadəçilərin, sistem
administratorlarının və digər
mütəxəssislərin informasiya təhlükəsizliyi
sahəsində biliklərinin kifayət səviyyədə
olmaması nəticəsində mövcuddur.
Vətəndaşlarda informasiya
mədəniyyətinin vacib hissəsi olan informasiya
təhlükəsizliyi mədəniyyətinin
formalaşdırılması istiqamətində davamlı
və məqsədyönlü tədbirlərin
görülməsi zəruriyyəti də
dövrümüzün reallıqlarıdır. Belə ki, istifadəçilərdə
informasiya-kommunikasiya sistemlərində iş zamanı
təhdidlərin vura biləcəyi ziyan, həmin
təhdidlərdən mühafizə mexanizmləri haqqında
zəruri bilikləri və onlarla işləmək
bacarıqları olmalıdır. İnternet şəbəkəsindən
istifadə mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə
qarşı "immunitet"in möhkəmləndirilməsi
üçün bu mədəniyyət normalarını
təbliğ etmək lazımdır.
Qlobal informasiya cəmiyyəti
şəraitində beynəlxalq və transmilli
səviyyədə kompyuter və informasiya sistemlərinə
olan cinayətlərlə mübarizə aparmaq, müxtəlif
ölkələrlə bu sahədə səmərəli
əməkdaşlığın həyata keçirilməsi
məqsədi ilə ölkəmiz siyasi və hüquqi
əhəmiyyət kəsb edən müxtəlif
sənədlərin qəbul olunmasında yaxından
iştirak edir.
Sevindirici haldır ki, respublikamızda informasiya
cəmiyyətinin inkişafı yeni keyfiyyət
mərhələsinə - elektron tranzaksiyaları, elektron
xidmətləri dəstəkləyən, aparıcı
dövlətlərin təcrübəsinə əsaslanan
elektron hökumətin formalaşması
mərhələsinə qədəm qoymuşdur. Ona görə də e-hökumətin
dayanıqlı və təhlükəsiz fəaliyyətini
təmin etmək məqsədilə vətəndaşlara
dövlət orqanları tərəfindən
göstərilən elektron xidmətlər və interaktiv
münasibətlər yüksək informasiya
təhlükəsizliyi tələblərinə cavab
verməlidir. Bunun üçün də
dövlət, elm, biznes və vətəndaş
sektorlarında fəaliyyət göstərən müvafiq
qurumlar ölkəmizdə formalaşmaqda olan informasiya
cəmiyyətinin təhlükəsizliyinin təmin
olunması işlərində səylərini, intellektual
potensialını səfərbər etməli və
qarşıda duran vəzifələri birgə həll
etməlidirlər. 30 noyabr - Beynəlxalq informasiya
təhlükəsizliyi gününün əsas
məqsədlərindən biri də elə budur.
Azərbaycan.- 2007.- 30 noyabr.- S. 4.