Əliquliyev R.
Azərbaycan qlobal informasiya
cəmiyyətinin fəal
qurucularındandır
İnformasiya cəmiyyəti qurulması
müstəqil Azərbaycan
Respublikasının dövlət
siyasətinin əsas istiqamətlərindəndir. Son illər bu
sahədə həyata keçirilən ardıcıl,
məqsədyönlü tədbirlər informasiya
texnologiyalarının cəmiyyət həyatındakı
rolunu xeyli artırmışdır. Hələ 2002-ci ildə
ümummilli liderimiz Heydər Əliyev İnformasiya Kommunikasiya
Texnologiyalarının (İKT) inkişafına dair milli
strategiyanın işlənməsi haqda fərman imzaladı.
Respublikamızda informasiya cəmiyyətinin qurulmasının
əsas müddəaları həmin strategiyada öz əksini
tapdı. Bu strategiyanın qarşıya qoyduğu
vəzifələr sonralar Heydər Əliyev siyasətinin
davamçısı, Prezidentimiz cənab İlham Əliyev
tərəfindən də qayğı ilə
qarşılandı. Bunun bariz nümunəsi olaraq cənab
İlham Əliyev 2003-cü ildə prezident seçildikdən
sonra ilk səfərini Genevrəyə etdi. Genevrədəki
sammitdə bütün aparıcı dövlətlərin
nümayəndələri qarşısında bəyan etdi ki,
Azərbaycan dövlətinin siyasətinin əsas
prioritetlərindən biri də informasiya cəmiyyətinin
qurulmasıdır.
Bir məsələni də qeyd etmək istəyirəm.
Hansı dövlət rəhbəri, lider, idarəetmə
ilə məşğul olan şəxs informasiya cəmiyyətinə
münasibətini bildirirsə, bununla, o, demokratiyaya
münasibətini ortaya qoyur. Çünki informasiya
cəmiyyətinin qurulduğu ölkələrdə demokratik
dəyərlər daha yüksək qiymətə malik olur.
Demokratikləşmə prosesi dərinləşir. İnsan
hüquqları, söz azadlığı yüksək
əhəmiyyətə malik olur. Belə bir fikir də deyilir
ki, demokratiyanın valyutası informasiyadır.
Cəmiyyətdə demokratiyanı kasıblaşdırmaq
üçün informasiya təminatı vasitələrini
(TV, radio, qəzet, jurnal və s.) onun əlindən almaq
kifayətdir.
Digər tərəfdən, informasiya cəmiyyətinin
yaranması qlobal prosesdi. Bu, elə inteqrasiyanın
özüdü. Azərbaycan isə bu istiqamətdə
kifayət qədər əhəmiyyətli işlər görüb.
İKT-nin inkişafına dair milli strategiyanın qəbul
edilməsi, Prezident İlham Əliyevin Cenevrə sammitində
çıxışı, idarəetmə sistemində struktur
dəyişiklikləri, köhnə nazirliyin əsasında
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
yaradılması, respublikamızın həyatının
müxtəlif sahələrində informasiya
texnologiyalarının geniş tətbiqi, orta ümumtəhsil
məktəblərinin kompyuterləşdirilməsi,
müxtəlif strateji əhəmiyyətli İKT
layihələrinin həyata keçirilməsi,
ayrı-ayrı nazirliklərdə geniş şəbəkə
infrastrukturunun yaradılması, ölkəmizin müxtəlif
regionları üçün qəbul edilmiş regionların
sosial-iqtisadi inkişaf proqramı
çərçivəsində yeni iş yerlərinin
yaradılması, mobil telefon bazarında sürətli
inkişafın nəzərə çarpması kimi
göstəricilər respublikamızda informasiya
cəmiyyətinin inkişafını xarakterizə edən
indikatorlardır. Mən bunu sevindirici hal kimi qeyd etmək
istəyirəm ki, Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin qurulması prosesinə təkcə
ölkə mütəxəssislərinin deyil, beynəlxalq
səviyyədə verilən qiymətlər də
yüksəkdir.
İnformasiya cəmiyyəti quruculuğunda ən mühüm
addım iki il öncə “Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı”nın (“Elektron Azərbaycan”) qəbul olunmasıdır.
Dövlət Proqramı çərçivəsində bir
sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Həmin tədbirlər texniki və
texnoloji xarakter daşısa da, siyasi-ideoloji, qanunvericilik,
iqtisadi və s. baxımdan da olduqca mühüm
əhəmiyyətə malikdir.
“Elektron Azərbaycan” Dövlət Proqramının əsas
siyasi-ideoloji əhəmiyyəti ondan ibarətdir ki,
ölkəmizdə informasiya cəmiyyəti ideyalarının
yayılmasına bilavasitə təsir etmişdir.
İnformasiya cəmiyyəti mövzusu artıq kütləvi
informasiya vasitələrinin diqqət mərkəzindədir
və mütəmadi olaraq elmi-kütləvi tədbirlərin
müzakirə obyekti olur. Qeyd olunan müddət ərzində
informasiya cəmiyyəti ideologiyasının insanların
təfəkküründə əks olunması
istiqamətində mühüm işlər
görülmüşdür.
“Elektron Azərbaycan” Dövlət Proqramının iqtisadi
əhəmiyyəti də çox böyükdür. Bu
proqram iqtisadiyyatın intellektuallaşdırılmasına,
informasiyanın, biliyin əmtəəyə
çevrilməsinə böyük təkan verdi,
ölkəmizdə xüsusi iqtisadi zonaların
yaradılması zərurətini ortaya qoydu. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən imzalanmış “Xüsusi iqtisadi
zonaların yaradılması haqqında” 6 mart 2007-ci il tarixli
Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Bu
fərmanda müəyyən edilən məqsədlərin
reallaşdırılması ölkəmizdə texnoparklar,
texnopolislər, innovasiya mərkəzlərinin
yaradılmasına, alim və mütəxəssislərimizin
elmi-texniki potensialından daha səmərəli istifadə
etməyə, rəqabətdavamlı, elmtutumlu
məhsulların istehsalına, nəticə etibarilə,
informasiya cəmiyyətinin əsasını təşkil
edən biliklər iqtisadiyyatının formalaşmasına
böyük təkan verəcəkdir.
Dövlət büdcəsində İKT təyinatlı
xərclərin nəzərdə tutulması da çox
mühüm məsələdir. Bu, Azərbaycanda İKT
sektorunun inkişafına dövlət qayğısının
artırılmasının daha bir bariz nümunəsidir.
Müvafiq xərclərin gələcəkdə daha da
artırılacağı gözlənilir. Bu vəsaitlər
hesabına dövlət təşkilatlarının
internetə çıxışı daha da asanlaşacaq
və sürətlənəcəkdir.
Müvafiq proqramın reallaşdırılması
nəticəsində ölkəmizdə elektron ticarətin
həyata keçirilməsi, elektron ödənişlərin
geniş miqyasda tətbiq edilməsi, informasiya xidmətləri
sahəsinin inkişaf etdirilməsi üçün
əlverişli mühit yaradılmışdır.
İKT-nın iqtisadiyyatın dövlət və özəl
sektorlarında geniş tətbiq olunmasına başlanmışdır.
“Elektron Azərbaycan” Dövlət Proqramının
beynəlxalq və xarici iqtisadi əməkdaşlıq
nöqteyi-nəzərdən əhəmiyyəti də çox
böyükdür. BMT-nin İnkişaf Proqramında,
YUNESKO-da, Beynəlxalq Telekommunikasiya İttifaqında, İKT
və inkişaf naminə Qlobal Alyansda (CAİD) digər
nüfuzlu beynəlxalq qurumlarda Azərbaycan çox
böyük nüfuza malik ölkə kimi
qiymətləndirilir.
“Elektron Azərbaycan” Dövlət Proqramı təhsil
sisteminin inkişafı və təkmilləşdirilməsi
nöqteyi-nəzərindən də əhəmiyyətlidir.
Belə ki, bu proqram sayəsində ali təhsil
müəssisələrində İKT üzrə kadrların
hazırlanması istiqamətində mövcud olan
problemlərə diqqət artırılmışdır,
xarici ölkələrdə müvafiq kadrların
hazırlanması məsələləri gündəmə
gətirilmişdir. Bu baxımdan, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
təsdiqlədiyi “Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almasına dair Dövlət
Proqramı” xüsusi əhəmiyyət kəsb edir.
Müvafiq Dövlət Proqramına uyğun olaraq,
azərbaycanlı gənclər dünyanın qabaqcıl ali
təhsil ocaqlarında müasir İKT sahəsi üzrə
yüksək ixtisaslara yiyələnərək, yaxın
gələcəkdə ölkəmizdəki informasiya
cəmiyyəti quruculuğu prosesində fəal iştirak
etmək imkanı qazanacaqlar.
Həmçinin Bakıda CİSCO və Ericsson
şirkətlərinin iştirakı ilə Kaspian
Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin
yaradılması nəzərdə tutulur.
Məlumdur ki, dünyada informasiya cəmiyyətinin
qurulmasının müxtəlif modelləri mövcuddur.
Finlandiya modeli, İrlandiya modeli və s. Artıq
qətiyyətlə demək olar ki, qlobal informasiya
cəmiyyətinə “Azərbaycan modeli” də daxil
olmaqdadır.
“Elektron Azərbaycan” Dövlət Proqramının
müddəti 2008-ci ildə başa çatır. Lakin
Azərbaycanda informasiya cəmiyyətinin qurulması
istiqamətində görüləsi işlər hələ
çoxdur. Bu proqramda qarşıya qoyulan vəzifələr
müvəffəqiyyətlə yerinə yetirilsə də,
cəmiyyətimiz üçün çox böyük
əhəmiyyətə malik bir sıra vəzifələri
də aktuallaşdırmışdır. Ona görə də
növbəti müddət üçün Dövlət
Proqramını hazırlamaq məqsədilə indidən
müvafiq işlərin görülməsi, bu
məsələdə mövcud dünya
təcrübəsinin, beynəlxalq qurumların
tövsiyələrinin nəzərə alınması
məqsədəuyğundur.
Əlbəttə, informasiya cəmiyyəti quruculuğu
mürəkkəb, vaxt tələb edən
məsələdir. Ona görə də bu sahənin
inkişafını təmin etmək üçün
dövlətin dəstəyi çox vacibdir. Azərbaycan
dövləti, xüsusilə onun rəhbəri, cənab
İlham Əliyev bu sahəyə həmişə
böyük qayğı ilə yanaşır. Ona görə
də yaxın gələcəkdə ciddi uğurlar əldə
olunacağına heç bir şübhə yoxdur.
Xalq qəzeti.- 2007.- 3 noyabr.- S. 5.