Qarayeva S.

 

Qafqaz Universitetində Beynəlxalq Konfrans keçirilir

 

Dünən Qafqaz Universitetində "Elm və təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda ikinci beynəlxalq konfrans keçirilib. Qeyd edək ki, sözügedən konfransın keçirilməsində əsas məqsəd informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar son nailiyyətləri, elm və təhsildə tətbiqi ilə əlaqədar vacib, məsələlərin həllini, müasir səviyyədə araşdırmaq və müzakirə etməkdir. Konfransda Azərbaycandan 137, Türkiyədən 26, İrandan 6, Qırğızıstandan 3, Moskvadan 1, Ukraynadan isə 1 nəfər nümayəndə iştirak edir.

Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic vurğulayıb ki, informasiya axınının güclənməsi çoxlu elmi texniki, sosioloji və siyasi aspektlərdən ibarət mürəkkəb bir proseslə əlaqədardır. Bu prosesi müvəffəqiyyətlə başa vurmaq üçün tələb olunan ehtiyaclardan düzgün istifadə edilməli və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir.

Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, qloballaşmanın sürətlə vüsət aldığı bir dövrdə informasiya kommunikasiya texnologiyalarının tətbiq və istifadə olunması məsələlərinin müzakirəsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu sahədə Azərbaycanda da mühüm dövlət proqramları qəbul edilib və bununla əlaqədar genişmiqyaslı layihəiər həyata keçirilir, elmi axtarışlar sürətləndirilir, təhsil prosesi təkmilləşdirilir: "Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bugünkü dövr üçün çox vacibdir. İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədər son nailiyyətləri öyrənmək, elm və təhsildə tətbiqini müzakirə etmək üçün Qafqaz Universiteti, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Texniki və Bakı Dövlət Universitetləri, Türkiyənin Telekommunikasiya Qurumu ilə birgə ikinci beynəlxalq konfransı keçirmək qərarına gəlib: "Mən inanıram ki, konfrans çərçivəsində aparılan müzakirələr, qarşılıqlı təcrübə mübadiləsi konfrans iştirakçılarının bu sahədəki bilik və təcrübəsini daha da təkmilləşdirəcək".

Konfransda çıxış edən Rabitə və İnformaşiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi mövzusunda birinci beynəlxalq konfrans 2004-cü ildə keçirilib. Keçən müddət ərzində informasiya-kommunikasiya texnologiyaları daha da sürətlə inkişaf edərək çox böyük nailiyyətlər əldə edib: "Bu sahədə əldə olunan nəticələrin elm və təhsildə tətbiq edilməsi günün vacib tələblərindəndir. Bu tələblərin yerinə yetirilməsində konfransların çox böyük rolu var".

Tədbirdə həmçinin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Texniki Universitetin rektoru Havar Məmmədov da çıxış edib.

Xatırladaq ki, beynəlxalq konfransda informasiya-kommunikasiya texnologiyaları, proqramlaşdırma texnologiyaları, təhsildə, elmi-tədqiqat işlərində və idarəetmədə informasiya texnologiyaları bölmələrində 170 dən çox məruzənin müzakirəsi nəzərdə tutulub. Konfrans öz işini noyabrın 3-də başa vuracaq.

525-ci qəzet.- 2007.- 3 noyabr.- S. 14.