Ermənilər
oğurluqlarını etiraf etdilər
ABŞ-da keçirilən “Naxçıvan ərazisindəki erməni abidələri” sərgisində erməni alim Möminə Xatun türbəsinin erməni abidəsi olmadığını etiraf edib. Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları üzrə Devis Mərkəzində “Naxçıvan ərazisindəki erməni abidələri” sərgisinin rəsmi açılışı olub. APA-nın ABŞ bürosunun məlumatına görə, sərginin açılış günündə 5 azərbaycanlı tələbə Bəxtiyar Hacıyev (Harvard Universiteti), Səidə Süleymanova (Simmons College), Elvin Hacıyev, Nigar Çələbizadə (Boston Universiteti) və Tural Bədirxanlı (Massaçusets Texnoloji Universiteti) yalançı erməni təbliğatının əsl üzünü çatdırmaq üçün lazımini işlər görüb, ermənilərin yalanlarını ifşa ediblər. Səidə Süleymanova APA-ya bildirib ki, sərgi yerli universitet mühitində elə də böyük maraq doğurmayıb. Tədbirə qatılanlar, əsasən, azərbaycanlı və ermənilər olub. Ermənilər öz saxtakarlıqlarını əsaslandırmaq üçün sübut etməyə çalışıblar ki, guya Dağlıq Qarabağı Azərbaycana İosif Stalin 1921-ci ildə verib. Lakin S.Süleymanova bildirib ki, həmin sənədin əsli ilə şəxsən tanışdır və orada həmin bölgənin Azərbaycana verilməsi deyil, ölkəmizin tərkibində qalması təsbit olunub. Buna qoca erməni professoru Ağram Ayvazyanın cavabı absurdluğu ilə seçilib: "Sən düz deyirsən, bu sənəddə tam sənin dediyin kimi yazılıb. Amma reallıqda bu qərarla Qarabağ Azərbaycana hədiyyə olunub". Təqdim olunan stendlərin birində isə Azərbaycanın ayrılmaz hissəsi Dağlıq Qarabağ ayrıca "respublika" kimi göstərilib. Tələbə Bəxtiyar Hacıyev həmin respublikanın mövcud olmadığını, beynəlxalq ictimaiyyət tərəfindən tanımadığını desə də, Harvard Universitetinin erməni araşdırmaları üzrə professoru, Dr. James R.Russel deyib ki, o, fərd olaraq Dağlıq Qarabağı tanıyır. Azərbaycanlı tələbənin bu məsələ ilə bağlı universitet rəhbərliyinə etiraz edəcəyini eşidəndə isə o bildirib ki, professordur, ABŞ vətəndaşıdır, Bəxtiyar isə başqa ölkənin vətəndaşı və xarici tələbədir, ona görə də bu məsələ ilə bağlı heç nə edə bilməz.
Sərgidə açılış nitqi ilə çıxış edən James R.Russel Naxçıvan adının etimologiyası və Naxçıvandakı erməni abidələri ilə bağlı danışıb. Başdan-başa Azərbaycanın əleyhinə olan çıxışında o, Sumqayıt hadisələrinə, Dağlıq Qarabağ münaqişəsinə, xristian ermənilərin müsəlman Azərbaycan və Türkiyə tərəfindən qırılmasına, ermənilərin öz müqəddəratını təyin etmə hüququna və s. məsələlərə toxunub. O, çıxışının bir hissəsini də B.Hacıyevin Naxçıvanla bağlı bir gün əvvəl keçirilmiş müzakirələrdə səsləndirdiyi faktlara cavab verməyə həsr edib.
Qeyd edək ki, sərgidə ermənilər artıq Möminə Xatun türbəsini erməni abidəsi kimi təqdim etməkdən çəkiniblər. Bəxtiyar Hacıyevin sözlərinə görə, bu məsələ ilə bağlı Ağram Ayvazyandan münasibət soruşanda o deyib ki, həmin abidənin fotosu burada olsaydı, azərbaycanlı tələbələr soruşacaqdı ki, nəyə görə həmin abidə ermənilərinki kimi təqdim olunur: "Onun cavabı belə oldu ki, Möminə Xatun erməni abidəsi deyil və bu gün onun fotosu burada olsaydı, onda soruşacaqdınız ki, nəyə görə bu abidə buradadır? Bir neçə dəfə sualını dəqiqləşdirdikdən sonra o, Mömünə Xatunun erməni abidəsi olmadığını, Səlcuqilər dövründən qalan abidə olduğunu etiraf etdi". Bununla belə, ermənilər Xudafərin körpüsünü "Aza" körpüsü , ilan Dağını isə Odzasar dağı kimi təqdim ediblər.
Bəxtiyar Hacıyevin sözlərinə görə tədbirə az sayda amerikalı qatılıb. Onların bəziləri universitetin müəllim heyətini təmsil edib. Ermənilərin azərbaycanlı tələbələrlə kobud danışmasının şahidi olan, onların cavablarının bəsitliyinı görən müəllimlər azərbaycanlılara Naxçıvanla bağlı öz sərgilərini keçirməyə kömək edəcəklərini də bildiriblər.
Qeyd edək ki, Azərbaycanın
ABŞ-dakı səfirliyi
sərginin keçirilməsi
ilə bağlı artıq Devis Mərkəzinə etiraz məktubu yollayıb. Səfirlik, həmçinin,
tələbələri tarixi
həqiqətləri əks
etdirən müvafiq sənədlərlə də
təmin edib.
Vətəndaş həmrəyliyi.- 2007.- 4-6 noyabr.- S.
6.