Naxçıvanın erməni abidələri Harvardda nümayiş olunur


Azərbaycanın alban abidələrini özününkü kimi qələmə verən düşmən işğalçı olduğunu unutdurmağa çalışır
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunmuş qondarma erməni soyqırımı qətnaməsiylə bağlı gərginlik səngiməsə də bu sənədin yaxın vaxtlarda palatanın gündəminə gəlməyəcəyi gözlənilir. Artıq Nümayəndələr Palatasının sədri Hensi Pelosinin özü də bilmir ki, "erməni soyqırımı" layihəsi Nümayəndələr Palatasının gündəminə nə vaxt çıxarılacaq.

Çünki tərəfdarlarının sayı xeyli azalan 106 saylı qətnamənin qəbul olunmaması demokratların n
üfuzunu xeyli aşağı salacaq. Buna görə də onlar bəri başdan uğursuz nəticəni görərək risq etmək fikrindən daşınıblar. Layihənin müəllifi sayılan dörd konqresmenin Hensi Pelosiya məktub göndərərək sənədin müzakirəsini təxirə salmalarını xahiş etməsi ən azı bir il bu məsələnin üstünə qayıdılmayacağından xəbər verir. Əgər respublikaçı konqresmen Devid Hunesin açıqlamasına inansaq, layihənin gələn il də gündəmə gəlməsi mümkün deyil. Buna səbəb kimi prezident seçkiləri olduğundan demokratların bu məsələyə gələn il qayıtmaqdan çəkinəcəyi göstərilir. Çünki qondarma layihə müzakirəyə çıxarılanda ABŞ-ın "erməni soyqırımı"nı tanımasına o qədər də önəm verilməyib. Əksinə, demokratlar çətin bir dönəmdə ABŞ- Türkiyə əlaqələrini pozmaqda günahlandırılıb. Onların ünvanına Buşun İraq müharibəsində məğlub olmasına çalışmaları kimi ittihamlar səsləndirilib.
Bir sözlə, ermənilərin, qondarma soyqırım layihəsinin tərəfdarı olan konqresmenlərin məyus olmasının ən mühüm səbəbi İraq bataqlığına girən Birləşmiş Ştatların Türkiyə ilə münasibətlərə verdiyi önəmin, regionda gedən geosiyası proseslərin, Türkiyənin etirazlarının, diplomatik fəaliyyətinin, türk lobbisinin əməyinin nəticəsidir.
Fikrimizcə, erməni lobbisini Rusiyanın "forpostu" olan Ermənistan rəhbərliyinin idarə etməsi də "erməni soyqırımı" qətnaməsində ABŞ hökumətinin ehtiyatlı mövqe tutmasının səbəblərindən biriydi. Rusiyanın vassalı olan Köçəryan hakimiyyətinin "erməni soyqırım" layihəsiylə bağlı əl-ayağa düşməsinin əsas səbəbi isə gələn il Ermənistanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlıdır. Çünki "erməni soyqırımı" sənədinin dünyanın supergücü sayılan ABŞ Konqresində qəbulu daxili siyasi mübarizədə Ermənistan hakimiyyətinin əlinə böyük bir "kozır" vermiş olardı. Rəsmi İrəvanın 106 saylı qətnamənin Nümayəndələr Palatasında qəbulundan əl çəkmədiyi birmənalıdır.
Ancaq son dövrlərdə ermənilər yeni bir xətt seçiblər. Məsələn, Böyük Britaniyanın Nümayəndələr Məclisində "erməni soyqırımı "layihəsinin qəbuluna nail olmaq bu xəttin əsas istiqamətlərindəndir. Bəzi məlumatlara görə, artıq 185 ingilis deputatı qondarma soyqırımı tanımayacağı haqqında sənəd imzalayıb. Üstəlik, noyabrın 3-də İngiltərənin Kardiff şəhərində qondarma soyqırıma aid xatirə abidəsinin açılış olacaq. Böyük Britaniyadakı türk cəmiyyətlərinin çağırışlarına baxmayaraq, yalançı xatirə abidəsinin açılış mərasiminin keçirilməsi dəqiqləşib. Qeyd edək ki, bu günlərdə işğal altında olan Azərbaycan ərazisində ermənilər "Dağlıq Qarabağ ərazisindəki islam mədəniyyəti abidələri" adlı sərgi keçirib. Qəribədir ki, həmin sərginin maliyyəsini verən Böyük Britaniyanın İnternational Alert (Beynəlxalq Həyacan) təşkilatıdır. Azərbaycan Xarici İşlər Nazirliyindən qəzetimizə bildirilib ki, faktla bağlı Böyük Britaniyadakı səfirliyimiz araşdırma aparacaq. Göründüyü kimi, Ermənistan hakimiyyəti "soyqırım" təxribatlarından özünün daxili siyasi maraqları üçün yararlanmağa çalışır. Xatırladaq ki, Ermənistan prezidenti, baş naziri, xarici işlər naziri, xüsusən arxiyepiskop Qaregin Birləşmiş Ştatlara səfər edərək "erməni soyqırımı" qətnaməsinə ABŞ Konqresindən keçməsinə nail olmaq üçün əllərindən gələni əsirgəmədilər. Bu təsadüfi deyil.
"Levon Ter-Petrosyan Qarabağı verir" deyə 1998-ci il fevralın 3-də onu istefaya məcbur edən Köçəryan hakimiyyəti ötən illər ərzində həm xarici, həm də daxili siyasətdə uğur əldə edə bilmədiyini, ictimaiyyətin dəstəyini itirdiyini yaxşı başa düşür. "Erməni soyqırımı" qətnamələrini gündəmə çıxarmaqla öz hakimiyyətlərinə divident gətirməyə çalışır.
Son dövrlərdə ermənilərin bu fəaliyyətində daha bir təhlükəli tendensiya aydın hiss olunmağa başlayıb. Artıq bir neçə aydır ki, Avropa Şurasının mədəni abidələrlə bağlı missiyasının Azərbaycana və Ermənistana səfəriylə əlaqədar ermənilər hay-küy qaldırıblar. Bu səfər ərəfəsində işğal olunmuş Ağdam yaxınlığında guya apostol Fadeyin şagirdi Daddinin cəsədinin tapılması (bütün tarixi faktlar Fadeyin şagirdi Yeliseyin (Daddinin deyil) Kiş çayı sahidində basdırıldığını və erməni olmadığını təsdiqləyir) tapdıqları haqqında yalançı xəbərlər yaydılar. Noyabrın 3-də "Dağlıq Qarabağ ərazisindəki islam mədəniyyəti abidələri" adlı sərgi keçirəcəklər.
Düşmənin təxribatları bununla bitmir. Belə görünür ki, 1988-ci ildə Dağlıq Qarabağ ermənilərinin sosial vəziyyətini, guya ağır yaşadıqlarını bəhanə edərək "miatsum" şüarlarıyla Xankəndində aksiyalara başlayan ermənilər Azərbaycan ərazilərinə qarşı iddialarından əl çəkməyiblər. Bu dəfə isə Naxçıvan hədəfdədir. Erməni lobbisi müxtəlif üsullarla, fərqli səviyyələrdə guya Naxçıvandakı erməni abidələrinin dağıdılması kimi cəfəng fikirlərlə ilk növbədə, ABŞ cəmiyyətini yenidən zəhərləməyə girişiblər. Artıq Naxçıvandakı "erməni abidələrinin" (əslində alban abidələrinin-red.) taleyi məsələsi elmi müstəviyə gətirilir. Məsələn, bu günlərdə beynəlxalq CORPİM fondu və arxitektor-tarixçi alim Anait Ter-Stepanyanın ailəsi Birləşmiş Ştatlarda bir sıra tədbirlər təşkil ediblər.
Noyabrın 1-də, yəni dünən Narvard Universitetində və Belmont ermənişünaslıq Milli Mərkəzində Naxçıvan mədəniyyətinə həsr olunmuş müzakirələr aparılıb. Həmin müzakirələrə Ermənistan Mədəniyyət Nazirliyinin mədəni-tarixi muzeylərin qorunması idarəsinin direktor müavini, "ermənişünas-naxçıvanşünas" Arqam Ayvazyan, Harvard Universitetinin professoru Ceyms Rassl, şotland arxitektoru Sim Stiven, erməni arxitektoru Anait Ter-Stepanyan qatılıblar. Noyabrın 2-də isə Harvard Universitetinin Devis adına Rusiya və Avroasiya Tədqiqatları Mərkəzində Arqam Ayvazyan və S.Stivenin Naxçıvan abidələrinə həsr olunmuş foto sərgisi keçiriləcək. Sərgi noyabr ayının 19-dək sürəcək. Bu tədbirlərdən başqa Arqam Ayvazyan Boston, Nyu-York, Los Ancelesdə də mühazirələr söyləyəcək. İlk dəfə olaraq onun "Cuqa-yarımçıq melodiya" adlı videofilmi göstəriləcək.
Ümumiyyətlə, erməni mətbuatının Naxçıvanla bağlı materiallarını təhlil edəndə belə bir qənaətə gəlmək olar ki, Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını işğal edən düşmən iddialarından əl çəkməyib. İndi də Naxçıvandakı "erməni abidələri" ilə bağlı "problemi" gündəmə gətirərək Azərbaycana, eləcə də Türkiyəyə təzyiq etmək niyyətindədir.
"Erməni soyqırımı" layihəsini, Naxçıvanın "erməni abidələri" və s. qondarma məsələləri zaman-zaman gündəmə gətirən düşmənin əsas məqsədi isə işğal olunmuş Azərbaycan torpaqlarını, azərbaycanlılara qarşı törətdikləri soyqırımları, Xocalı faciəsini unutdurmaqdır...

 

Xalq cəbhəsi.- 2007.- 2 noyabr.- S. 6