Abbasov
F.
Göyçay
yenə toy-bayram libası geyindi, təbiətin
şıltaqlığına baxmayaraq təntənəli bir
büsat qurdu, ikinci dəfə, həm də daha yeni bir
təravətlə, mütəşəkkil formada və
geniş proqramda "Nar bayramı" keçirməklə
bunu ənənəyə çevirmək istəyini
əməli olaraq təsdiqlədi. Mötəbər
qonaqların, qonşu rayonların
nümayəndələrinin, elliklə bütün
göyçaylıların iştirak etdiyi bu
təntənəli mərasim həm də bu sahədə
itirilməkdə olan şöhrətin bərpasının
nümayişi idi.
Azərbaycanımızın hər guşəsi bir neməti
ilə məşhurdur. Göyçayın
şan-şöhrəti isə tarixən
narçılıqla bağlı olub, şəninə
nəğmələr qoşulanda heç vaxt bu qiymətli,
əvəzsiz nemət yaddan çıxmayıb,
"Göyçayın narı gözəlE" deyilib.
Narçılıq təkcə sözdə
Göyçayın şan-şöhrəti deyil, həm
də onun iqtisadiyyatında aparıcı rola malikdir.
Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev
Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci
illərində bu bölgədə
narçılığın inkişafı ciddi nəzarət
altındaydı. Göyçayın narçılıq
üzrə ixtisaslaşdırılması istiqamətində
planlı iş gedirdi. O dövrdə üç dəfə Göyçaya
səfər edən ulu öndərin
tapşırığı ilə bu məqsədlə
xüsusi proqram da hazırlanmışdı və uğurla
həyata keçirilirdi. Bu sıradan Bığır və
Qarabaqqal kəndlərində narçılıq sovxozları
yaradıldı. 1000 hektardan artıq yeni nar bağları
salındı. İtaliyadan gətirilən müasir
avadanlıqlarla təchiz edilən, illik istehsal gücü 25
min dekalitr olan Nar Emalı Zavodu istifadəyə verildi. O
illərdə həmin müəssisənin məhsulları
süfrələr bəzəyi idi, sovetlər məkanında
əl-əl gəzirdi.
Ancaq müstəqilliyimizin ilk illərində ümumilikdə
respublika iqtisadiyyatının aparıcı
sahələrinə vurulan zərbələr
narçılıqdan da yan keçmədi. Min bir
zəhmət hesabına salınan bağlar məhv edildi. 100
hektarlarla ərazidə nar ağacları yanacaq odunu kimi
qırıldı. Bir vaxtlar yaz ağzı al
qırmızı xalını xatırladan, göz oxşayan
bağlar xarabazara çevrildi. Hətta həmin xarabazarlar
bəzi ərazilərdə bu gün də qalmaqdadır.
Mövcud emal müəssisələri fəaliyyətlərini
dayandırdı. Narçılıq sovxozlarının
əmlakı talan edildi. Hətta elə bir vəziyyət
yaranmışdı ki, Göyçay narı
xatirələrdə yaşamaq təhlükəsi
qarşısında qalmışdı.
Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışı bu təhlükəni
aradan götürdü. İqtisadiyyatın bütün
sahələri kimi aqrar sektor da yeni bir mərhələyə
qədəm qoydu. İntensiv inkişafın təmin
olunması istiqamətində həyata keçirilən qlobal
tədbirlər Göyçayda narçılığın
itirilmiş şöhrətinin bərpasına da təkan
verdi. Təkcə son bir ildə burada 1500 hektardan artıq yeni
nar bağları salınıb. 1000 nəfərdən
artıq kənd əməkçisi bu bağların
becərilməsi işinə cəlb olunub. Nar bağlarının
məhsuldarlığını artırmaq üçün
mütərəqqi aqrotexniki tədbirlər həyata
keçirilib.
Keçmiş şöhrətin bərpası narın
qiymətini və sahəyə marağı artırıb.
Keçən il nar bayramının keçirilməsi və
məqsədli şəkildə
gerçəkləşdirilən əməli tədbirlər
rayonda nar istehsalının 30 min tona çatmasına,
narın tədarük qiymətlərinin təxminən iki
dəfə artmasına səbəb olub, rayon əhalisinin
büdcəsinə keçən il təkcə
narçılıqdan 4 milyon manatdan artıq vəsait daxil
olub. Cari ildə isə ilkin hesablamalara görə nar
istehsalı 40 min ton səviyyəsində, əhalinin
narçılıqdan pul gəlirləri isə 7 milyon manatdan
artıq olacaqdır.
Nar emalının gəlirli sahə olduğunu yaxşı
bilən iş adamları yeni istehsal müəssisələri
yaratmaqla, bu sahə üzrə ixtisaslaşmış
sənaye müəssisələrini yenidən qurmaqla dünya
standartlarına cavab verən nar şirəsi və
ekstratlarının istehsalına nail olurlar. "Garnet"
Məhdud Məsuliyyətli Cəmiyyəti üçün
şəhərin sənaye zonasında ayrılmış
torpaq sahəsində 3 ay müddətində İtaliyada
istehsal edilmiş ən müasir avadanlıqlarla təchiz
olunan nar şirəsi istehsal edən emal müəssisəsi
istifadəyə verilib. Bu günlərdə həmin
müəssisədə yeni süzmə və avtomatik
qablaşdırma sexləri də istehsala qoşulub. Cari
ildə rayonun Bığır kəndində ilkin nar emalı
müəssisəsinin tikintisi üçün torpaq sahəsi
ayrılıb. Hazırda Göyçay konserv və süd
zavodlarında, "Garnet" MMC-nin meyvə emalı
müəssisəsində istehsal olunan nar şirələri
və ekstratları dünya bazarına
çıxarılır. Amerika Birləşmiş
Ştatlarında, İsraildə, Almaniyada Göyçayın
nar şirəsi böyük həvəslə alınır.
Bütün bunlar bayram tədbirlərinə yeni bir rəng
qatmışdı. Bir əlamətdar cəhət də o idi
ki, Nar bayramı respublika Prezidenti İlham Əliyevin
tövsiyəsi ilə keçirilirdi və təkcə
iqtisadi yox, həm də siyasi əhəmiyyət
daşıyırdı. Narın vətəni Azərbaycandır.
Bu, məlum bir həqiqətdir. Şirvan torpağında,
xüsusən də Göyçayda
narçılığın tarixi çox qədimdir. Lakin
torpağımıza, musiqimizə, mətbəximizə,
bütün milli dəyərlərimizə göz dikən
bədnam qonşularımız nara da sahib durmaq istəyir
və bu məqsədlə iş aparırlar. Hətta
digər ölkələrdə onların əmtəə
nişanları ilə nar şirələri də
satılır. Göyçayda keçirilən Nar bayramı
həm də narın vətəninin Azərbaycan olduğunun
nümayişi idi.
Göyçaylılar bayram tədbirlərinə böyük
ruh yüksəkliyi ilə qatılmışdılar. Bu son
illər rayonda həyata keçirilən quruculuq, abadlıq
və yenidənqurma işlərinin, Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının uğurlu icrasının
doğurduğu xoş ovqatın bəhrəsi idi.
Dövlət Proqramının qəbul olunduğu
gündən ötən müddət ərzində,
eləcə də son bir ildə Göyçay rayonunda
çox iş görülüb.
İqtisadiyyatın bütün sahələrində intensiv
amillər ön plandadır. Ötən il 42423 ton taxıl
istehsal edilib. Bu, məhdud torpaq imkanlarına malik olan
Göyçay rayonu üçün rekord göstəricidir.
Barama istehsalındakı artım isə 72 faizə
yaxındır. Meyvə istehsalında da artımı təmin
etmək üçün əməli tədbirlər
həyata keçirilir.
Aqrar sahədəki yüksəliş emal sənayesinin
inkişaf etdirilməsini, yeni müəssisələrin
istifadəyə verilməsini və mövcud zavodların
istehsal güclərindən daha səmərəli
istifadəni zərurətə çevirir.
Son bir ildə bu istiqamətdə çox iş
görülüb. Göyçay Konyak Zavodunun spirt
istehsalı sexində müasir avadanlıqlar
quraşdırılıb, yeni şərabdoldurma sexi istifadəyə
verilib. Konserv zavodunda əsaslı yenidənqurma işləri
aparılıb, Qida Məhsulları Kombinatının nar
emalı sexində yeni axın xətti
quraşdırılıb. Göyçay Süd Zavodunda
müasir standartlara cavab verən, dünya bazarlarına
çıxarılmağa layiq süd məhsulları və
meyvə şirələri istehsalı təşkil edilib.
Şəhərin sənaye zonasında "Garnet"
Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsus,
ümumi sahəsi 6300 kvadratmetr, gün ərzində 150 ton
meyvə emal edən müəssisə istifadəyə verilib.
Burada ən müasir süzmə və avtomat
qablaşdırma xətləri quraşdırılıb.
Kərpic zavodunda məhsul istehsalını artırmaq
üçün yenidənqurma işləri aparılıb.
Yeni kürələr və talvar istifadəyə verilib,
müasir nəqliyyat vasitələri alınıb.
Bütün bu tədbirlər, təbii ki, intensiv
inkişafın təmin olunmasına xidmət edir,
ümumilikdə mövcud problemlərin həllinə
şərait yaradır. Həllini tapmaqda olan problemlər
isə çoxdur. Göyçay şəhərinin su
təchizatı və kanalizasiya sisteminin yenidənqurulması
məqsədilə Azərbaycan hökuməti ilə Asiya
İnkişaf Bankı arasında 8 milyon ABŞ dolları
dəyərində kredit sazişi imzalanıb. Hazırda
layihənin həyata keçirilməsi məqsədilə
tender keçirilməkdədir.
Göyçay şəhərinin sel sularından
mühafizəsi üçün tədbirlər davam etdirilir.
Son iki ildə Göyçay çayında 1000 paqonometr beton
bənd inşa edilib. Həmçinin Asiya İnkişaf
Bankının ayırdığı 1 milyon manat kredit
hesabına 1000 paqonometr daş beton bənddə tikinti
işləri başa çatdırılıb.
Kənd yaşayış məntəqələrinin suvarma
suyu ilə təminatının
etibarlılığını artırmaq məqsədilə
Göyçay çayının məcrasında inşa
edilən nizamlayıcı qurğunun tikintisində
işlər sürətlə aparılır. Bu günə
qədər obyektdə 1500 manatdan artıq tikinti
quraşdırma işləri yerinə yetirilib. Qurğu
istifadəyə verildikdən sonra 20 min hektardan artıq
əkin sahələrinin suvarma suyu ilə təminatı
əsaslı surətdə
yaxşılaşdırılacaqdır.
Qarabağ müharibəsi əlillərinin və şəhid
ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması üçün 24
mənzilli yaşayış binası inşa edilir və ilin
sonuna qədər həmin binanın istifadəyə
verilməsi nəzərdə tutulub. Cari ildə
Ərəbcəbirli kəndində 132 şagird yerlik
məktəb binası və Şəkər kəndində 80
yerlik 4 əlavə sinif otağı istifadəyə verilib, 1
saylı və şəhər internat orta
məktəblərində əsaslı təmir işləri
aparılıb, Olimpiya İdman Kompleksinin təməli qoyulub.
Sahibkarlığın inkişafına diqqət və
qayğı gücləndirilib. İş adamlarının
vəsaiti hesabına iki qum-çınqıl karxanası, yeni
mebel istehsalı müəssisəsi, onlarla ticarət və
xidmət obyekti istifadəyə verilib. Hazırda
Göyçay şəhərində 10 mərtəbəli
iki yaşayış binasının tikintisi aparılır.
Fəaliyyətdə olan obyektlərin
genişləndirilməsi və yenidən qurulması,
kiçik və orta sahibkarlığın inkişaf
etdirilməsi və görülmüş digər
tədbirlər nəticəsində son dörd ildə 5842
yeni iş yeri, o cümlədən 3484 daimi iş yeri
açılıb. Abadlıq, quruculuq işləri,
yenidənqurma tədbirləri gündən-günə yeni
vüsət almaqdadır. Heydər Əliyev prospekti,
Natəvan, Ə.Kərim, M.Hüseynzadə, Nizami
küçələri başdan-başa
abadlaşdırılıb, müasir işıqlandırma
sistemləri qurulub, prospektdə, ulu öndərin Xatirə
muzeyinin qarşısında musiqili fəvvarənin tikintisi
başa çatdırılıb. Heydər Əliyev
parkında kürəvi fəvvarə istifadəyə verilib.
Ötən müddət ərzində şəhərin
küçə və meydanlarına 200 min kvadratmetrdən
artıq yeni asfalt örtüyü salınıb.
Şəhidlər xiyabanında şəhidlərin
xatirəsini əbədiləşdirmək üçün
yeni kompleks və muzey inşa edilib. Sabir adına
mədəniyyət və istirahət parkı
genişləndirilib. Böyük Vətən müharibəsi
və Qarabağ müharibəsində həlak olmuş, itkin
düşmüş göyçaylıların xatirə
kompleksi Şəhidlər xiyabanına
köçürülüb. Parkda Ana və uşaqlar
üçün istirahət mərkəzi inşa edilib.
Həyata keçirilən bu tədbirlər
Göyçayın hüsnünə özgə bir
yaraşıq verib. Bayram təntənələri, meydan və
xiyabanlarda bir-birini tamamlayan rəngarəng tədbirlər,
şənliklər, idman oyunları, yarmarkalar,
əyləncələr, gün ərzində davam edən
çal-çağır və insanların
çöhrəsindəki sevinc, fərəh bu
yaraşığa yeni-yeni çalarlar qatırdı.
Bütün günü yağan narın yağış
isə sanki sabahkı bolluğa bir işarə idi...
Azərbaycan.- 2007.-30
oktyabr.- S.6.