İsayev Ə.
Gəncənin yeni bir
müqəddəs guşəsi
Mir Cəlal Paşayevin mənzil
muzeyi açıldı
Yazıçı-alim
Mir Cəlal Paşayev üçün Nizami yurdu
həmişə doğma, əziz olub. O, gəncliyini burada keçirib, burada təhsil alıb, işləyib, ilk əsərlərni yaradıb.
Mir Cəlal müəllim Gəncə
Darülmüəllimində oxuyub. Elə orada tələbə təşkilatının, sonra
isə şəhər
tələbə Həmkarlar
İttifaqının sədri
işləyib. Bir müddət Gədəbəy
yeddiillik məktəbində
dərs deyib, sonra iki il
1 saylı Gəncə
şəhər məktəbində
direktor vəzifəsində
çalışıb. "Gənc qələmlər"
cəmiyyətində, "Qızıl Gəncə"
məcmuəsində fəal
iştirak edib.
Artıq qələmi
püxtələşmiş yazıçı-alim Bakıda yaşayanda da fikri-xəyalı
Gəncə ilə bağlı idi. Hələ müharibənin
qızğın çağında
Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil
Məmmədov haqqında
kitab yazaraq nəşr etdirib. Nəsillərin dillər əzbəri olan "Bir gəncin manifesti" romanında
1918-20-ci illərin coşğun
Gəncə mühiti
təsvir olunur. Ədibin digər əsərlərində də
Gəncə mövzusu,
Gəncə ruhu, Gəncə məhəbbəti
çox aydın duyulur. Bir sözlə,
Mir Cəlal Paşayev ömrü boyu Gəncə ədəbi ictimai mühiti ilə bağlı olub.
Qədirbilən gəncəlilər
də ədəbiyyatımızın
korifeyi Mir Cəlal Paşayevi dərin məhəbbətlə
sevir, onu daim xüsusi ehtiramla yad edirlər.
Təsadüfi deyildir
ki, hələ 1978-ci ildən 39 saylı orta məktəb Mir Cəlal Paşayevin adını daşıyır. Məktəb,
özü də nə məktəb! Ölməz ədibin adına layiq! Gəncənin gözü,
ən nümunəvi təhsil ocağı! Hər şəraiti olan üçmərtəbəli
binada iki min nəfərə qədər şagird oxuyur. Burada ədibin adına xatirə muzeyi düzəldilib. Güllü-çiçəkli həyətdə
abidə ucaldılıb.
Təcrübəli, təşəbbüskar
kollektiv həmişə
yeniliyin sorağındadır,
bir də görürsən ki, hətta zamanı da qabaqlayır. Neçə ildir məktəb vahid geyim formasına keçib. Biliklər doqquz bal üzrə qiymətləndirilir.
İnformatika sistemi geniş tətbiq olunur, Amerikada yaşayan soydaşımız
Lütfi-zadə adına kompyuter mərkəzi yaradılıb.
Ölməz ədibin
adını daşıyan
bu qabaqcıl təhsil ocağı həmişə hamının
diqqət mərkəzindədir.
Hər il ali məktəblərə
qəbul üzrə şəhərdə ilk yerlərdən birini tutur.
Yazıçının yaxınları, qohumları,
Mir Cəlalı sevərlər müntəzəm
surətdə bu təhsil ocağını
ziyarət edir və hər dəfə də dəyərli hədiyyələrlə,
qiymətli eksponatlarla,
işıqlı yaraşıqlı
sinif otaqlarını və xatirə muzeyini daha da
zənginləşdirirlər.
Bu günlərdə Gəncədə böyük
ədib Mir Cəlalın adına yeni bir müqəddəs
guşə yaradıldı.
Şəhərin səfalı
yerlərindən birində
mənzil-muzeyin açılışı oldu.
Bütün Gəncə
axışıb gəlmişdi.
Bu maraqlı-məzmunlu tədbirdə yazıçının doğmaları
və əzizləri ilə yanaşı, onun yetirmələri, iş yoldaşları, nazirlər, akademiklər, Milli Məclisin deputatları, elm-sənət adamları iştirak edirdilər.
Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar
Əzizov qonaqları salamladı və bu dəyərli muzeyin açılışı
münasibətilə gəncəliləri
təbrik etdi. Yazıçının övladları - Arif Paşayev və Hafiz Paşayev,
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, akademik Vasim Məmmədəliyev, professorlar
Təhsin Mütəllimov,
Xalid Əlimirzəyev,
Yazıçılar Birliyi
Gəncəbasar bölməsinin
sədri Məmməd
Alim, Təhsil idarəsinin müdiri Mahal Əliyev və başqaları çıxış edərək
Mir Cəlal Paşayevin Azərbaycanın
elmi-ictimai mühitindəki
əvəzsiz rolundan və Gəncə ilə bağlı unudulmaz səhifələrdən
danışdılar.
Yazıçının oğlu, akademik
Arif Paşayev maraqlı bir faktı açıqladı.
Bəllidir ki, Mir Cəlal Paşayev 1908-ci ilin aprel ayının 26-da Cənubi Azərbaycanın
Ərdəbil kəndində
anadan olub. 1918-ci ilin coşğun günlərində ailəsi
ilə bərabər Gəncəyə köçüb.
Nizami yurdunda ona vətəndaşlıq
vəsiqəsi, yəni
pasport veriləndə
qürurla, iftixarla bu sözləri yazdırıb. "Doğulduğu
yer - Kirovabad" - yəni Gəncə.
Ölməz ədib Gəncəni özünə
vətən bilib.
Mir Cəlal Paşayev qədim Gəncəni bax, bu cür sevirdi.
EQırmızı lent
kəsildi. Yaşıl
xiyabanın başında
ucalan mənzil-muzeyin həyətində Gəncə Dövlət Dram Teatrının aktyorları "Bir gəncin manifesti" əsərinin motivləri
əsasında hazırlanan
səhnələri nümayiş
etdirdilər. Sonra mənzil-muzeylə tanışlıq başladı.
İşıqlı, yaraşıqlı
salondakı maraqlı-məzmunlu eksponatların hər biri tarixin
bir dəyərli səhifəsindən xəbər
verir.
Beləcə, Nizami yurdunda daha bir
müqəddəs guşə
ədəbiyyatsevərlərin ixtiyarına verildi. Hamı əmindir ki, ölməz Mir Cəlalın adını daşıyan
mənzil-muzeyi çox keçməz ki, Gəncədə ədəbi mühitin ən coşğun mərkəzinə çevrilər.
Azərbaycan.-2007.-
2 oktyabr.- S.3.