Səməd Vurğunun ev muzeyində
yubiley tədbirləri

 

Oktyabrın 8-də Səməd Vurğunun ev-muzeyində istiqlal şairi Almas İldırımın 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Xanım Şadlınskaya açdı. Muzeyin direktoru Aybəniz Vurğunqızı, Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, şair Oqtay Rza, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri şair Vaqif Bəhmənli, Almas İldırımın qardaşı oğlu Hacıağa Almaszadə çıxış etdilər. 7 saylı məktəbin şagirdlərindən Həmidə Yadigarova və Yavər Məmmədova şairin şeirlərindən nümunələr söylədilər. Tədbirdə həmçinin ADPU-nin tələbələri, muzey işçiləri də iştirak edirdilər.
Oktyabrın 9-da saat 12-də “Səməd Vurğun — 100 yubiley təntənələrinin keçirilməsi” adlı səyyar sərginin açılışı oldu. Tədbiri Aybəniz Vurğunqızı açdı. 132 saylı məktəbin ədəbiyyat müəllimi Zemfira Qafqazlı və 199 saylı məktəbin əməkdar müəllimi Məlahət Babakişiyeva çıxış etdilər. Sərgiyə baxışdan sonra Səməd Vurğunun Respublika sarayında keçirilən 100 illik yubiley təntənələrindən görüntülər verildi.
Oktyabrın 10-da xalq şairi Məmməd Rahimin 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Aybəniz Vurğunqızı açdı. BDU-nun filologiya fakültəsinin müəllimi, professor, M.Rahimin tədqiqatçısı İfrat Əliyeva, həmin universitetin filologiya fakültəsinin müəllimi, M.Rahimin qardaşı qızı Elmira Rzayeva çıxış etdilər. 7 saylı məktəbin şagirdlərindən Könül Əkbərova, Dürnisə Qasımova, Zöhrə Sadıqova şairin şeirlərindən nümunələr söylədilər. Tədbirdə həmçinin BDU-nun jurnalistika fakültəsinin tələbələri, muzey işçiləri də iştirak edirdilər.
Oktyabrın 11-də saat 12-də şair Atif Zeynallının 80 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Aybəniz Vurğunqızı açdı. Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, f.e.n. Safura Quliyeva, A.Zeynallının dostu, f.e.d. Qurban Bayramov, A.Zeynallının oğlu, İncəsənət Universitetinin müəllimi Xəzər Zeynallı, Mədəniyyət və Turizm Nazirliyinin işçisi, A.Zeynallının qardaşı oğlu Polad Zeynalov çıxış etdilər. İncəsənət Universitetinin tələbələri Anar Seyfullayev və Nigar Muradova şairin şeirlərindən nümunələr söylədilər. Tədbirdə şairin nəvəsi Atif Zeynallı, İctimai-Siyasi Universitetin tələbələri, muzey işçiləri iştirak edirdilər.         

 

Ədəbiyyat qəzeti.- 2007.- 12 oktyabr.- S.3.