Turanə
İncəsənət
Muzeyi yeni saziş imzalayıb
Gələn
il Belarusda Qara Qarayevin yubileyi ilə bağlı tədbir
keçiriləcək
Dünən İncəsənət
Muzeyi ilə Belarus Təsviri İncəsənət Muzeyi
arasında ikitərəfli əməkdaşlığa dair
saziş imzalanıb. İncəsənət Muzeyində
baş tutan görüşdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevlə yanaşı, Belarusun
ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Nikolay Potskeviç də
iştirak edib.
Əbülfəs Qarayev
mədəniyyət sahəsinin dövlətin
idarəçilik siyasətinin mühüm bir hissəsi
olduğunu deyib: “Bu il Belarusda “Azərbaycan
mədəniyyət günləri” keçirilən zaman orada
yerləşən bir neçə muzey və kitabxanalarla da
tanış olmuşduq. Bizdə mədəniyyət
binalarında aparılan təmir-bərpa işləri
mərhələsi onlarda artıq
yekunlaşdırılmışdı. Belarusların bu işdə
olan təcrübəsini nəzərə alaraq, Azərbaycanda
bərpa işləri ilə məşğul olan bir sıra
mütəxəssisi Minsk şəhərinə
göndərdik. Bizim nümayəndə heyəti təmir
olunan muzeyin fəaliyyəti və yeni quraşdırılan
avdanlıqla artıq tanış olublar. İndi həmin
mütəxəssislər qazandıqları
təcrübənin Azərbaycanda da tətbiq olunması
üçün öz təkliflərini hazırlayırlar”.
Belarus səfiri Nikolay
Potskeviç isə mədəniyyətin
sərhədlərinin hüdudlarının
olmadığını deyib. O, iki ölkə arasında
körpü rolunu oynayan, möhkəmləşməkdə
olan mədəni əlaqələrin gələcəkdə
daha da sıx olacağına inandığını
söyləyib. Bu il Belarusiyada uğurla keçirilən
“Azərbaycan mədəniyyət günləri”nin xoş
təəssüratlarından söhbət açan səfir
ölkəmizdə də belə tədbirlərin
keçirilməsi istəyini gizlətməyib: “Bu
yaxınlarda Azərbaycanda da “Belarus mədəniyyət
günləri”nin keçirilməsi nəzərdə tutulub.
Bu günlər çərçivəsində biz də
öz mədəniyyətimizi, ənənələrimizi
Azərbaycan xalqına daha yaxından tanıtmaq
üçün bir-birindən maraqlı tədbirlər, kitab
sərgiləri təşkil edəcəyik. Tədbirləri
təkcə paytaxt Bakıda deyil, bölgələrdə
də təşkil etməyi nəzərdə tutmuşuq.
İnanıram ki, iki ölkənin müxtəlif
sahələrdə çalışan kollektivləri bundan
sonra daha da sıx əməkdaşlıqda olacaq”.
İncəsənət
Muzeyinin direktoru İsrafil İsrafilov iki ölkə arasında
qarşılıqlı muzey işi sahəsində atılan
ilk addımı yeni uğurların sağlam təməli
adlandırıb. Belaruslu qonaq Vladimir İ.Prokoptsov imzalanan
sazişin hər iki muzeyin gələcək inkişafında
müstəsna rol oynayacağını deyib. O gələn il
Belarusda Xalq rəssamı Tahir Salahovun yubileyinin
keçirilməsinin
planlaşdırıldığını diqqətə
çatdırıb. Onun sözlərinə görə,
gələn il Belarusda dahi Azərbaycan bəstəkarı Qara
Qarayevin 90 illik yubileyi ilə bağlı tədbir
keçiriləcək. Qarşılıqlı
əməkdaşlıq nəticəsində hər iki
ölkənin rəssamlarının əsərlərindən
ibarət sərgilər təşkil olunacaq. Gələn il
Bakıda müasir Belarus rəssamlarının
əsərlərindən ibarət sərginin təşkil
olunacağını deyən Vladimir İ.Prokoptsov imzalanan
sazişi tək iki muzeyin əməkdaşlığı
deyil, iki xalqı və dövləti bir-birinə daha
möhkəm bağlayan bir bağ adlandırıb: “Muzey
işi ilə bağlı həll edəcəyimiz ortaq
problemlərimiz, yeni işlərimiz çoxdur. Muzeylər
incəsənət məbədidir”.
Yeni Azərbaycan.- 2007.- 24 oktyabr.- S.8.