Azərbaycan deputatının Azıx mağarasının taleyi ilə bağlı AŞPA Nazirlər Komitəsinə ünvanladığı sual sənəd kimi yayılmışdır

 

Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin acı nəticələrindən biri də təcavüzə məruz qalmış ərazilərimizdə mədəni abidələrin dağıdılıb izinin itirilməsinə cəhd göstərilməsidir.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumda bununla əlaqədar 2001-ci ildən indiyə qədər 10-dan artıq sənəd hazırlamışdır. Millət vəkili bu ilin payız sessiyasında daha bir sənəd təqdim etmişdir. Bu sənəd çox mühüm bir problemə - Azıx mağarasına həsr edilmişdir.
R.Hüseynov bununla bağlı bildirmişdir ki, sessiya günlərində Mədəniyyət, elm və təhsil komitəsinin yığıncaqlarında, həmçinin bu komitəyə daxil olan alt komitənin toplantılarında Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyəti, eləcə də işğal altındakı ərazilərimizdə mədəni irsin problemləri ilə bağlı dəfələrlə çıxış etmişdir. Lakin erməni tərəfi də sakit durmur, onlar da guya Naxçıvanda erməni abidələrinin dağıdılması ilə əlaqədar saxta informasiyalar yayır, heç bir əsası olmayan sənədlər tərtib etməyə səy göstərirlər. Ona görə də Azıx mağarası ilə əlaqədar Nazirlər Komitəsinə növbəti sual ünvanlanmışdır. Bu sual sırf elmi mənbələrə əsaslanan və ermənilərin həqiqətən Azərbaycan mədəni irsinə qarşı apardığı təcavüzü əyani şəkildə göstərən bir faktdır.
Sənəddə deyilir: Zəbt olunmuş Dağlıq Qarabağdan kənarda Ermənistanın işğal etdiyi daha 7 Azərbaycan rayonundan biri olan Füzuli ərazisindəki Azıx mağarası dünya mədəni irsinin Paleolit dövrünə aid ən nadir nümunələrindəndir. Hələ 1960-1970-ci illərdə Azərbaycan arxeoloqları bu mağarada sistemli qazıntı işləri aparmış, tədqiqatlar nəticəsində 12 təbəqədən ibarət mağaranın 550-600 min il yaşı olduğu müəyyənləşdirilmişdir. Elə həmin illərdə Azərbaycan alimləri bu mağara ilə bağlı monoqrafiyalar, çoxlu elmi məqalələr, dissertasiyalar yazmış, onun barəsində məlumatlar dünyanın müxtəlif ensiklopediyalarında yer almışdır. Azıx mağarasında tapılmış 19-20 yaşlı qadın kəlləsinin isə Avropanın ən qədim insanının qalıqları olması elmdə təsdiqlənmişdir.
Qədim daş dövrünü əks etdirən bu unikal abidə Füzuli rayonu işğal edildikdən sonra bir müddət silah anbarı kimi istifadə edilmiş, nişangaha döndərilərək əsgərlərin təlim-məşq bazalarından birinə çevrilmişdir. Törədilmiş vandalizm aktları nəticəsində tarixi abidəyə ciddi zərər dəymiş və bununla bağlı AŞ PA-da vaxtilə ayrıca sənəd hazırlanmışdır.
Azərbaycan alimləri Azıx mağarasını YUNESKO-nun "Dünyanın mədəni və təbii irsi" siyahısına salınması üçün zəruri materiallar toplamışdır. Əslində, bəşəriyyətin və Avropa insanının tarixini öyrənmək baxımından burada mütəmadi tədqiqatlar aparılmalıdır. Lakin Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti bu məsələyə mane olur. Ona görə də ilk növbədə, təcavüzə son qoyulmalı, işğal edilmiş ərazilər boşaldılmalıdır. Lakin indiki halda heç olmazsa, abidənin daha ciddi ziyan çəkməsinin qarşısını almaq, tədqiqatların çərçivəsini genişləndirmək vacibdir.
Bütün bunları nəzərə alaraq R.Hüseynov Nazirlər Komitəsindən soruşur: "Nazirlər Komitəsi səlahiyyətlərindən istifadə edərək Avropa tarixi üçün müstəsna əhəmiyyət kəsb edən Azıx mağarasında bu sahə üzrə mütəxəssis olan Azərbaycan arxeoloqlarının tədqiqatlar aparması üçün müvafiq şəraitin yaradılması və onların təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistan dövlətinə hansı təsiri göstərə bilər?"

 

Azərbaycan.-2007.- 7 oktyabr.- S.3.