Daimi komissiyanın iclasında

 

Oktyabrın 9-da Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclası keçirildi. İclası açan komissiya sədrinin müavini Rafael Hüseynov bildirdi ki, gündəliyə çıxarılan məsələ "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsidir. Dəyişikliyə əsasən qanunun 22-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur: "Xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoruq elan edilir".
Tarix və mədəniyyət abidələrinin hər bir xalqın milli sərvəti olduğunu vurğulayan komissiya sədrinin müavini Azərbaycanın belə abidələrinin qorunmasının vacibliyindən söz açdı. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasından qayıtdığını bildirən Rafael Hüseynov işğal olunmuş Azərbaycan torpaqlarında bütün tarix və mədəniyyət abidəlrinin erməni qəsbkarları tərəfindən məhv edilməsi barədə faktları parlamentarilərin diqqətinə çatdırdığını dedi.
Komissiya üzvlərinin yekdil rəyi ilə qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması tövsiyə olundu.

Azərbaycan.- 2007.- 10 oktyabr.- S. 2.