Erməni
vandalizminin sonuncu həlqəsi
İşğalçılar
Tovuzda "Alı dədə" türbəsi kimi tanınan
tarixi abidəni və qəbiristanlığı
yandırıblar
Dünən
Ermənistan Silahlı Qüvvələrinin
bölmələri Tovuz rayonunun Ağdam kəndi ilə
sərhəddə güclü yanğınlar
törədiblər. APA-nın məlumatına görə,
yanğınların Azərbaycanın nəzarətində
olan cəbhəyanı əraziyə keçməsi
nəticəsində cəbhə xəttinin
yaxınlığındakı qəbiristanlıq və
Azərbaycanın tarixi abidələri siyahısında olan
"Alı dədə" abidəsi kimi tanınan, yerli
əhalinin ziyarətgahı olan Ağa Mir Əlinin
türbəsi də yanıb. Yanğınlar baş verən
ərazi minalandığından yanğın güclü
partlayışlarla müşayiət olunub. Hadisə baş
verən zaman güclü tufan qopması və yağış
yağması yanğının Ağdam kəndinin
yaşayış olan ərazilərinə keçməsinin
qarşısını alıb.
Qeyd edək ki, yerli sakinlər
münaqişə başlayandan qəbiristanlıq və ziyarətgaha
gedə bilmirlər. Ziyarətə gedən kənd
sakinləri dəfələrlə ermənilərin
atəşi altında qalıblar.
Yanğınlarla
yanaşı oktyabrın 15 və 16-da Ermənistan Silahlı
Qüvvələri müxtəlif istiqamətlərdən
cəbhəyanı kəndləri atəşə tutublar. Onlar
eyni zamanda sərhəddə olan 5 iribuynuzlu mal-qaranı da
oğurlaya biliblər.
Yanğın
faktlarını Tovuzda yerləşən regional "Simurq"
Televiziyası lentə ala bilib.
Hadisəyə
münasibət bildirən millət vəkili Qənirə
Paşayeva beynəlxalq təşkilatların və ATƏT-in
Minsk qrupuna üzv ölkələrin Azərbaycanda
akkreditə olunan səfirlərinin bu məsələyə
sərt reaksiyalarını gözlədiklərini deyib. Azərbaycanın
nəzarətində olan ərazidə
qəbiristanlığın və əhalinin
müqəddəs ziyarətgahı sayılan,
tarixi-mədəni abidənin yandırılmasını
vandalizm aktı adlandıran millət vəkili bunun
bütün beynəlxalq konvensiyalara və hüquq
normalarına zidd olduğunu söyləyib. Onun
sözlərinə görə, insanların heysiyyatınə
toxunmaq üçün atılan belə addımlarla
Azərbaycanın digər cəbhəyanı əraziləri
kimi Tovuz rayonu da ilk dəfə deyil ki
qarşılaşır: "Neçə illərdir ki,
Azərbaycan ərazisində yerləşən bu
məzarlığı ziyarət etmək istəyənlər
ermənilərin snayper atəşi ilə
qarşılaşır. Orda kənd sakinlərinin doğmalarının
məzarlarını və türbəni ziyarət
etmələri mümkünsüz olub. Cəbhəyanı
kəndlərin əhalisi əkin-biçinlə
məşğul ola bilmir. Onlar bütün
həyatlarını ermənilərin snayper
atəşlərinin altında keçirirlər".
Millət vəkili
Azərbaycanın işğal altında olan ərazilərinin
yandırılması ilə bağlı
dəfələrlə ATƏT, Avropa Şurası kimi
beynəlxalq təşkilatlar qarşısında
məsələ qaldırıldığını, hətta
yazılı sənədlər yayıldığını
da xatırladıb: "Həmin vaxt problemə lazımı
sərt reaksiyanın verilməməsi bu gün
ermənilərin bu vandallıq aktlarının sayının
artmasına, artıq nəinki işğal altında olan
torpaqlarda, həmçinin sərhəddə
yerləşən ərazilərdə, özü də
qəbiristanlığı və tarixi abidəni
yandırmaları ilə nəticələnir. İndi biz
ATƏT-in monitorinq qrupunun hadisə ilə bağlı sərt
reaksiyasını gözləyirik, hesab edirik ki, beynəlxalq
təşkilatlar bu hadisəyə çox sərt reaksiya
verməlidirlər. Çünki bu cür hallar münaqişənin
həlli ilə bağlı danışıqlar prosesinə
birbaşa zərbədir. Bu yanğın lentlərinin
beynəlxalq təşkilatlara təqdim olunmasını da
təmin edəcəyik".
Yeni Azərbaycan.- 2007.- 18 oktyabr.- S. 7.