Əliyarlı K.

 

Azıx mağarası ilə bağlı məsələ AŞPA-da müzakirə olunub

 

Azərbaycan nümayəndə heyətinin üzvləri ermənilərin isğalçılıq siyasətini ifsa edib

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanla bağlı konkret heç bir məsələ müzakirəyə çıxarılmayıb. Lakin buna baxmayaraq, ölkəmizdə baş verən proseslər Avropa parlamentarilərinin diqqətindən kənarda qalmayıb. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində müzakirə olunan məsələlər ətrafında mövqelərini nümayiş etdirməklə yanaşı, ümummilli  problemlərimizi  qabartmaqla da sessiyanın işində yaxından iştirak ediblər. Xüsusilə, Ermənistanın qurum tərəfindən çıxarılan məlum qətnaməni yerinə yetirməməsi və təcavüzkar siyasətini hələ də davam etdirməsi avropalı parlamentarilərin diqqətinə çatdırılıb.

Millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva mətbuata Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycanla birbaşa bağlı olan hər hansı məsələnin müzakirə olunmadığını deyib: "Ancaq Azərbaycan bu gün Avropa ailəsinin bir üzvüdür və bu baxımdan, AŞPA-da müzakirə olunan hər hansı bir məsələnin bizə də, bu və ya digər dərəcədə aidiyyəti var. Odur ki, AŞPA-nın sonuncu payız sessiyasının gedişatında da müzakirə olunan məsələlər bizi yaxından maraqlandırırdı. Yəni bu dəfə Azərbaycan nümayəndə heyəti çox ciddi fəaliyyət ortaya qoydu. Onlar müxtəlif məsələlərlə bağlı sənədlər hazırlayıb. Avropa Şurasının müvafiq qurumlarına təqdim edərək, Ermənistanın atəşkəs rejimini tez-tez və mütəmadi olaraq pozması, bunun nəticəsində təmas xəttinə yaxın yaşayış məntəqələrində yaşayan insanların yaralanması, öldürülməsi faktları, bir sözlə, onlara əziyyət verilməsi ilə bağlı sənədlər təqdim olundu. Eyni zamanda, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və uzun illərdir ki, əraziləri işğal altında saxlaması, bu ölkənin bir sıra beynəlxalq qurumların qətnamələrini, o cümlədən, AŞPA-nın 14/16 saylı qətnaməsini yerinə yetirməyərək, vəziyyəti daha da gərginləşdirməsi kimi faktlar da sənədlərdə öz əksini tapıb".

Məlumatlara görə, Azərbaycan nümayəndə heyəti sessiyada ermənilərin işğal altında saxladığı ərazilərdə yerləşən Azıx mağarasının taleyi ilə də bağlı məsələ qaldırıb. Məsələyə aydınlıq gətirən Qənirə Paşayeva adıçəkilən tarixi abidənin taleyi ilə bağlı, həqiqətən, AŞPA-da məsələnin qaldırıldığını qeyd etdi. O bildirdi ki, təkcə bizim yox, dünyanın qədim tarixi abidələrindən, yaşayış məskənlərindən olan Azıx mağarası da erməni işğalı altındadır. Bu tarixi abidənin taleyindən, onun məhv edilmək təhlükəsi ilə üz-üzə qalmasından narahatçılıq keçirdiyimizi bildiririk.

 

Səs.- 2007.- 12 oktyabr.- S. 4.