Həsənov S.

 

Karvansaranın türk abidələri

 

Qərbi Azərbaycanın əksər rayonlarında olduğu kimi, indiki İcevan (Karvansara) rayonunda da əsrlərdən bəri mövcud olan, vaxtilə dağıdılmış, viran qoyulmuş, lakin adları qalmış yaşayış yerlərinin,Azərbaycan türklərinə məxsus olduğunu nə tarix unudub, nə də bunu tarixdən silməyə çalısan üzdəniraq qonsularımız.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra buradakı türk mənşəli yer adları get-gedə dəyişdirilmişdir. Lakin bizə gəlib çatmış adlar onu sübut edir ki, bu yerlərdə daim türklər yaşamışlar, onların yaratdığı qədim abidələri nə qədər dağıdıb, viran ediblərsə də, yenə də onların qalıqlarında saxlanılmış yazılar, bizim mədəniyyətimizə xas olan rəmzlər - aypara, səkkizguşəli qübbə, səkkizguşəli ulduz və sairə bunlara əyani sübutdur.

"Ermənistan SSR-in tarixi abidələri" seriyasından "İcevan rayonu" (İrəvan, 1947) sorğu kitabının müəllifi N.Yegizaryan yazır: "İndiyədək Ermənistanm indiki İcevan rayonunun X əsrə qədər tarixi Ermənistanın hansı hissəsini təşkil etməsi dəqiq məlum deyil. Ərşəqilər hakimiyyəti süquta uğradıqdan, Ermənistan iki güclü fateh dövlətlər - İran və Bizans arasında bölündükdən sonra İcevan rayonu Quqark vilayətinin Goğbapor qəzasının bir hissəsini təşkil etmişdir. Sonralar qəzanın sərhədləri, eləcə də adı cürbəcür dəyişikliklərə məruz qalmış, belə ki, ərəb işğalından sonra Kayen qəzası və ya Sevordyan ölkəsi, sonra Ağstafa qəzası, Qazax-Karvansara adlanmış, indi isə İcevan (İcevan-İceva-natun-karvansara sözündəndir)adlanır.

Rayonun bir sıra - İcevan, Sevkar (Qara daş), Ağacur (Haca su), Verin Ağdan (Yuxarı Ağdan) və sairə kəndlərinin hüdudlarındakı qəbiristanlıqlarda təsadüfən aşkar edilən nümunələr İcevan rayonunda bir neçə min il əvvəldən yaşayış olmasını və onlann yüksək mədəniyyətə malik olduqlarını təsdiq edir".

İcevan rayonunun qədim tarixi abidələrinin sırasına rayonun dərin dərələrinin sıldırım yamaclarındakı insanlar yaşamış zağaları da daxil etmək olar. Məlumdur ki, hələ ərşəqilər dövrünün, əsasən 4-5-ci əsrlərdə beynəlxalq tranzit ticarət yollarından biri İcevan rayonundan keçirmiş. Ərəb hökmranlığı dövründə İcevan Gəncə əmirliyinin tərkibinə daxil imiş. Bu dövrə aid tarixi abidələr, bir sıra qalalar  - Məntaş və ya Qara Qala, Qız Qalası, Budur və sairlərdir.

İndiki İcevan eyni adlı rayonun ən qədim və mərkəzi kəndlərindən biridir ki, Ağstafa çayının sahilində yerləşir. Qədim ticarət yollarından biri Ağstafa çayının vadisindən keçirmiş və bu yolun üstündə karvansara tikilmiş, bu səbəbdən də kənd Karvansara adlanmışdır. Arxeoloji tədqiqatiar göstərir ki, adı çəkilən karvansara İcevan kəndindən 10 km cənubda Ağstafa çayının sol sahilində yerləşirmiş. İndiyə qədər orada Karvansara hamamının qalıqlan saxlanılmışdır. Ətrafında yaşayış yerlərinin izləri qalmışdır.

Məntaş və ya Qara Qala - İcevandan təxminən 12 km cənub-şərqə doğru, Ağstafa çayının sağ sahilində, ucalan dağın zirvəsində, ərəb hakimiyyəti dövründə tikilmişdir. Qapıları bütöv iri daşlardan ibarət imiş. Bölgənin böyük alınmaz qalalarından idi. İndi bu qala dağılmış vəziyyətdədir. Yalnız divarlarının xırda hissələri qalmışdır. İçəridə bir sıra yaşayış evlərinin izləri hiss olunur.

Qız qalası (Axçkaberd) - İcevan kəndindən 16 km cənub-qərb istiqamətində, meşəli dağın zirvəsində yerləşir. Dağın zirvəsindəki kiçik düzənlik hər tərəfdən təbii yüksək dağlıq hissələrlə əhatə olunub, eyni zamanda piramidaşəkilli divarlarla əhatə olunmuşdur. Qalanın girişi isə cənubdandır. Girəcəkdə içəri tərəfdən kiçik gözətçi yeri vardır. Qalanın içərisində dağılmış mənzillərdən başqa, iki su anbarı da var. Su saxsı borularla əvvəlcə kiçik hovuza daxil olmuş, sonra oradan başqa boru ilə böyük su anbarına tökülürmüş. Qalanın bütün tikililəri, eləcə divarları göy rəngli bazalt daşdandır. Bu binalar indi yarıdağınıq vəziyyətdədir. Qız qalasının tarixi-arxeoloji dəyəri çox böyükdür, çünki onun bütövlüyü nisbətən yaxşı saxlanılmışdır.

Qetaşen kəndinin 12 kilometrliyində yerləşən Kirants kilsəsi barədə müəllif belə yazır: "Qədim Ermənistanın maraqlı abidələrindən kərpicdən inşa olunmuş yeganə tikililərindən biridir. Kilsənin üstü səkkizguşəli günbəz, içərisi isə cürbəcür rəngli fiqurlu, o cümlədən beşguşəli ulduz, aypara sairə üzlük daşlarla örtülmüşdür". Sual olunur, əgər ermənilərin dediklərinə görə, bu, xristian kilsəsidirsə, onda xristianlığa yox, müsəlmanlığa, türkçülüyə aid olan aypara, səkkizgüşəli rəmzləri ifadə edən ornamentlər məqsədlə burada həkk olunmuşdur?

Mollaqaya - orta əsr qalası. İndi dağınıq haldadır. İcevandan 10 km uzaqda, Haqqıxlı (sonralar Vurğun) kəndinin yaxınlığında, Dilicana gedən yolun kənarında yerləşən dağın zirvəsində tikilmişdir.

Aşağı Danaqıran (Nerkin Danaqıran) - orta əsrlərdən qalmış dağınıq kənd yeridir. Orada iki kilsənin əsas divarları kiçik qəbiristan vardır. Qız qalasından 5 km qərb istiqamətində, eyni adlı sahədə yerləşir.

Çardaxlı - X-XIII əsrlərə aid dağılmış kənd yeridir, eyni adlı sahədə yerləşir.

Xozmərək dağılmış kənd yeridir. İcevandan 7 km şərqdə, meşənin içində, eyni adlı sahədə yerləşir. Ətrafında küsənin qalıqları, sinə daşları təbii sal daşlarından olan qəbiristanlıq vardır.

Budur - böyük qaladır, bir neçə hektar sahəni əhatə edir, siklop tipli ikiqat hörgülü divarlarla möhkəmlənmişdir. Budur dağının bütün zirvəsini əhatə edir. Qala Yuxarı Ağdan (Verin Ağdan) kəndinin şərq hissəsində yerləşir.

Aşağı ya Kiçik Laçın Qaya (Nergin Laçın qaya) - dağılmış qədim türk yaşayış kənd yeridir. Yuxarı Ağdan kəndindən təxminən 3 km şimal-şərqə doğru, Sığnaxsuyu (Sığnaxi-cur) qolunun sağ sahilindəki düzənlikdə, meşədə yerləşir.

Yuxarı ya Böyük Laçın Qaya (Verin Laçın qaya) - dağılmış kənd yeridir. Yuxarı Ağdanın təxminən 5 km şimal-şərq istiqamətində Sığnax suyu qolunun yuxarı axınının sağ sahilinin düzənliyində yerləşir. Kənd yerində böyük bir kilsənin dağılmış binası, ondan bir az aralı, dağ ətəyində böyük qəbiristan qalmışdır.

Xoba Bazar - böyük, dim kənd yeridir. Yuxarı Ağdanın şərq tərəfində, dağ ətəyində yerləşir.

İbadətgah - Xoca bazar xarabalığında yerləşir, 17-ci əsrdə tikilmişdir.

Uzuntala - bu kəndin ərazisində də hələ adları dəyişilməmiş, türkçülüyü silinməmiş toponimlərə rast gəlinir.

Qamış göl - dağılmış qədim kənd yeridir. Hnı Xaçtərək (Qədim Xaçtərək) kəndindən 2 krn şərq istiqamətində yerləşir. Qəbiristanı və kiçik kilsəsi vardır.

Mahmud Yeftci - dağılmış kilsədir, yanında qəbiristan vardır. Uzuntala kəndindən 2 km şərqdə yerləşir. Uzuntaladan qərbə doğru, Lələ kəndi ilə Uzuntala arasında qədim kənd yeri vardır. Orada ermənilər tərəfindən Ağbala-Xaç adlandırılan kiçik kilsənin divarları qalmışdır, yanında sinə daşları təbii sal daşlarından hazırlanmış qəbiristan var. Orada Nor-Xaçtərək (Yeni Xaçtərək) kəndinin bünövrəsi qoyulmuşdur.

Tala kəndi də qədim yaşayış məskənlərindəndir. Kəndin 2,5 km qərbində "İriton axbyur"un (İritan bulaq) yanında kilsə və qəbiristan vardır.

Haçasu (Açacur) - indiki eyni adlı kənddən 1 km cənub-qərbdə yerləşən qədim, dağılmış kənd yeridir. Olduqca böyük sahəni əhatə edir və bütövlüklə dağılmışdır. Yalnız cənub məhəllədə bir neçə binaların qalıqları saxlanılmışdır.

Qayan Qala (Qayanberd) - orta əsr qalasıdır. Haçasu kəndinin cənub-qərb hissəsində, Naltökən dağının meşəli zirvəsində yerləşir, dağınıq vəziyyətdədir. Qaladan aşağıda, dağın şimal ətəyində kiçik bir ibadətgah vardır.

Qaradaş (Sevkar) - kəndi də qədim türk yaşayış yerlərindəndir. Kənddən 2 km uzaqda, şimal tərəfdə Darbas adlanan kənd yeri vardır, meşəlikdə yerləşir.

Çayqovuşan körpü (Çay-qoşan) – Girants-su qolu üstündə, onunla Sameon suyu qolunun birləşən yerində - çayqovuşan hissəsində yerləşir. Körpü qəhvəyi rəngli tuf daşdan tikilmişdir. Körpünün sol tərəfmdə - şərqə baxan hissəsində, hicri təqvimi ilə 1207-ci ildə fars dilində yarıpozulmuş halda yazı vardır. Çayın hər iki sahilində yaşayış yerlərinin izləri və bir neçə qəbir vardır.

 

Xalq qəzeti.- 2007.- 9 oktyabr.- S. 7.