Məmmədov M.

 

Naxçıvanda Nuh peyğəmbərin məzarüstü türbəsi ucaldılır

 

Bəlkə də sərlövhəyə çıxardığım bu sözlərə ilk baxışdan təəccüb edənlər də olacaq. Məgər Nuh peyğəmbər bu torpaqda yaşayıbmı ki, indi onun məzarüstü türbəsinin bərpasından söhbət getsin? Əslində, bu cür düşünən insanları qınamaq da düzgün deyil. Çünki neçə-neçə onillər boyu biz doğma tariximizin öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı lazımi səviyyədə məşğul olmamışıq.
Son illər ana vətənimizin ayrılmaz bir parçası olan Naxçıvanda tariximizin tədqiqi, təbliği və öyrənilməsi istiqamətində də xeyli işlər görülüb. Əslində, bu işlər regionda aparılan genişmiqyaslı quruculuq işlərinin tərkib hissəsinə çevrilib. Buna konkret misal olaraq muxtar respublika Ali Məclisi Sədrinin imzaladığı bir neçə sərəncamı göstərmək olar: "Ordubad rayonunda Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" və "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında".
Onu da qeyd edək ki, son illər burada bir neçə beynəlxalq əhəmiyyətli elmi-praktik konfrans və simpoziumlar keçirilib. Bu mötəbər toplantılarda tariximizim indiyədək qaranlıq qalan dövrlərinə və səhifələrinə işıq salınıb. Bu baxımdan, ötən ilin ortalarında kecirilən "Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf prespektivləri" mövzusundakı konfrans daha əhəmiyyətli olub. Bir sıra xarici ölkələrdən gəlmiş alimlərin də iştirak etdiyi bu konfransda ermənilərin "tarixi dəlilləri" alt-üst edilib. Mötəbər toplantıda səslənən müddəa və tövsiyələr muxtar respublika rəhbərliyi üçün də impuls olub. "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" Ali Məclis Sədrinin imzaladığı sərəncam da məhz tarixçi alimlərimizin çoxsaylı sübut və dəlillərindən, arzu və istəklərindən qaynaqlanıb.
Tarixdən bu həqiqət də bizə məlumdur ki, Naxçıvan məmləkətimiz üçün həmişə strateji əhəmiyyət kəsb edən bir bölgə olub. Ana vətənimizin bugünkü varlığı, inkişafı da xeyli dərəcədə bu amildən asılı olub. Azərbaycanın ayrılmaz bir parçası olan bu diyar bəşər sivilizasiyasında həyatın, insan yaşayışının, ilkin mədəniyyətin başlanğıc nöqtəsi kimi qəbul olunub. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov da mötəbər toplantılarda dəfələrlə bəyan edib: "EBura ilk yerdir ki, planetimizdə həyat burada başlanıb, insan cəmiyyəti buradan formalaşıb". Bəlkə elə bu səbəbdən də zaman-zaman məkrli düşmənlərimiz bu torpağa göz dikiblər, ona sahib çıxmağa çalışıblar.
Alimlər həmişə bu fikirdə olublar ki, Naxçıvanda hər daşın, hər qayanın altında bir tarix yatır. Bu tarixin başlanğıcı da məhz insan övladının meydana gəldiyi ilk dövrlərə aparıb çıxarır. O vaxta ki, hələ də planetdə sinifli cəmiyyət yaranmamışdı, insanlar daş mağaralarda yaşayırdılar. Qazma, Əshabi-Kəhf, Daşqala və Kilid mağaralarında qədim daş dövrünün insanları yaşayıblar. Eramızdan əvvəl dördüncü minilliyin sonu, ikinci minilliyin əvvəllərində isə Naxçıvan ərazisində Oğlanqala, Govurqala, Çalxanqala kimi qala-şəhər məntəqələri yaradılıb.
Bu torpaqlarda yaşayanlar bizim əcdadlarımız, ata-babalarımız, qədim türk tayfaları olub. Amma çox təəssüf ki, qadir olduğumuz bu varlığı indiyə qədər lazımi sübut və dəlillərlə ortaya qoya bilməmişik. Bunu vaxtında etməyi bacarsaydıq, erməni millətçiləri də bu gün torpaqlarımıza göz dikə bilməzdilər. Amma yenə də gec deyil. İndi bu istiqamətdə Naxçıvanda əsaslı və köklü işlər görülür.
EXalqımızın qədim tarixə malik olmasını sübut edən dəlillərdən biri də əhali arasında yayılan rəvayətlərlə bağlıdır. Bir rəvayətə görə, 7500 il bundan əvvəl baş vermiş ümumdünya tufanı zamanı Nuh peyğəmbər və ona iman gətirənlərin mindiyi nəhəng gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və burada məckən salmışdır.
Alimlər onu da sübut etmişlər ki, Nuhla bağlı bu rəvayətin ilk yazılı variantı eramızdan əvvəl ikinci minilliyin ortalarına gedib çıxan şumer əfsanəsi ilə bağlıdır. Şumer əfsanəsinin isə Naxçıvan şəhəri ilə bağlılığının elmi əsasları artıq sübut olunub. Deyilənə görə, bir vaxtlar Naxçıvan Makedoniya, Babil, Xett və digər bu kimi qədim mədəniyyət mərkəzləri ilə sıx və yaxın əlaqələr şəraitində inkişaf edib.
EŞəhər adı kimi "Naxçıvan" toponimi də ən qədim dövrlərdən mövcuddur. Əldə olunan arxeoloji materiallara, Gəmiqaya qayaüstü rəsmlərinə, buradakı daş abidələrə və yazılı mənbələrə istinad edən tədqiqatçı alimlər bu qərara gəliblər ki, Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri olub və onun 3500-4000 ildən artıq yaşı var.
Qədim yunan mənbələrində "Naksuana", ərəb-fars mənbələrində "Naxçuvan", "Nəxçəvan", "Naşəva", "Nəqşicahan" kimi adı çəkilən bu toponimin müxtəlif dövrlərdə müxtəlif yozumları olmuş, onun yaranmasının əsası kimi "Naxç" türk tayfa, elatlarının "Nahhunte" Allah adlarına istinad olunmuş, bir sıra tədqiqatçılar isə onu Nuh peyğəmbərin adı ilə bağlamışlar. Akademik B.Budaqovla tarix elmləri doktoru Q.Qeybullayev isə yunan alimi Klavdi Ptolomeyin "Coğrafi təlimnamə" əsərində adı çəkilən "Naksuana" sözünün yerli tələffüz formasından danışarkən qeyd ediblər ki, bu dildə "ç" şəkilçisi olmadığına görə müəllif onu "s" kimi səsləndirib. Bu mənada ilk dəfə yazılı mənbələrdə adı çəkilən Naksuana sözü də "Naxçuana" kimi ifadə olunub.
Həmin rəvayətə görə, Kəmkir dağı əfsanəvi gəminin dayandığı ilk yer olub. Nuh peyğəmbər buradan Ağrıdağ istiqamətinə yola düşüb, oradan da Naxçıvan ərazisinə gəlib. Yolda bu gəmi Naxçıvanın indiki Culfa rayonu ərazisində olan İlanlı dağa toxunub. Nəhəng gəmi dağın zirvəsinə elə bir zərbə çalıb ki, o, iki yerə haçalanıb. Elə o vaxtdan da bu dağ Haçadağ adlanıb.
Bəs neçə min il bundan əvvəl məlum əfsanə və rəvayətlərdən süzülüb gələn bilgilər həqiqətə nə dərəcədə uyğundur? Təbii ki, bir çox əfsanə və rəvayətlərin yaranması da artıq elmi əsaslarla sübut olunub. Naxçıvan ərazisində ümumdünya daşqını barədə geniş rəvayətlərin yayılması və yaşaması, eləcə də Nuhla bağlı yer adlarının çoxluq təşkil etməsi də bu varlığı təsdiq edir. Yer üzərində elə bir ərazi yoxdur ki, Nuhla bağlı toponimik vahid Naxçıvandakı qədər (Nuhdaban, Naxcıvan, Nəhəcir, Nehrəm və sair) olsun.
Naxçıvan Ali Məclisi Sədrinin imzaladığı sərəncamda qeyd olunur ki, xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə, Naxcıvan şəhərinin cənubunda Nuhun, şimal-qərbində isə onun bacısının qəbri var. Bu isə o deməkdir ki, Nuh peyğəmbər də, onun ailə üzvləri də bu torpaqda yaşayıblar.
Təbii ki, muxtar respublika Ali Məclisi Sədrinin imzaladığı bu sənəd bir çox tutarlı elmi mənbələrə, sübut və dəlillərə əsaslanıb. İlk növbədə, XIX əsrin 80-ci illərində Naxçıvanda maarifçiliklə məşğul olan K.A.Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan mahalı" adlı əsəri buna misal çəkilir. Bu kitabın bir yerində deyilir: "Əfsanəvi gəmi quruya çıxdıqdan sonra Nuh Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. Öz ailəsi ilə birlikdə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir".
Müəllif Naxçıvanda Nuhun qəbrinin harada yerləşdiyini, cənazənin harada dəfn olunduğunu və onun üzərindəki türbənin hansı quruluşda olduğunu da təsvir edib: "Nuhun qəbri şəhərin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi səkkizinci yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə o, yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır... Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəsi çətinliklə keçmək mümkün olan, ortadan daş dirəklərlə möhkəmləndirilmiş daş mağaraya bənzəyir. Həmin dirəyin altında Nuh peyğəmbərin cənazəsi yerləşir".
Rus tədqiqatçısı V.M.Sısoyev isə Nuhun türbəsini təsvir edərkən onun mərkəzində diametri 2 metrə çatan səkkizguşəli sütun olduğunu qeyd edib. XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə məlumat verib. Yəhidi alimi İosif Flavi də öz tədqiqatlarında Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edib. Rus alimləri İ.M.Dyakonov Gəmiqaya qayaüstü rəsmlərindən danışarkən Naxçıvanın Nuhla bağlı məsələlərinə toxunub, K.İ.Smirnov isə Nuhun qəbrinin Naxçıvan şəhərinin cənub hissəsində olduğunu göstərib.
Bu mövzu o dövrdə ölkə ziyalılarının yaradıcılığında da əksini tapıb. Realist rəssamlıq məktəbinin banisi olan Bəhruz Kəngərli Nuh peyğəmbərin Naxçıvandakı türbəsini düz altı dəfə naturadan kətan üzərinə köçürüb. Özü də ötən əsrin 20-ci illərində. Həmin nadir əsərlər indi qiymətli eksponatlar kimi Naxçıvandakı muzeylərdə nümayiş etdirilir. Əlbəttə, bütün elmi dəlillər Nuh peyğəmbərin qəbrinin, eləcə də məzarüstü türbəsinin Naxçıvanda olduğunu bir daha inandırıcı edir. Onda belə bir sual yarana bilər ki, əgər bu faktlar inandırıcıdırsa, niyə bu abidə son vaxtlara qədər yaşamayıb? Sualın cavabı da qısadır: sovet hakimiyyətinin ilk illərində həyata keçirilən ideoloji siyasət nəticəsində Naxçıvanın ən qədim dövrlərindən Azərbaycan türklərinə məxsusluğunu sübut edən yüzlərlə tarixi abidə məhv edilib. Nuh peyğəmbərin məzarüstü türbəsi də onlardan biri olub.
Bəli, Naxçıvan torpağı dünyanın ən qədim və ilkin yaşayış məskənlərindən biri olub. Həqiqi mənada bunları danmaq və inkar etmək də çətin məsələdir. Onda gərək, ilk növbədə, ulu əcdadlarımızın yaşadığı, kök saldığı Qazma, Əshabi-Kəhf, Kilid, Daşqala mağaralarını və Nuh peyğəmbərlə bağlı yaddaşlarda yaşayan rəvayətləri yoxa çıxarasan. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bir il bundan əvvəl imzaladığı bu sərəncam da bir daha tariximizin dərin qatlarını öyrənməyə, qaranlıq səhifələrə işıq salmağa imkan yaradıb. İndi bu istiqamətdə AMEA-nın Naxçıvan bölməsinin əməkdaşları da ciddi yaradıcılıqla məşğuldurlar.
...Düz bir ildir ki, Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilir. Bu müddət ərzində burada çox işlər görülüb. Naxçıvandakı elmi-bərpa istehsalat idarəsinin bərpaçı mütəxəssisləri bu abidənin ruhunu, nəfəsini duya biliblər. Onu orta əsrlər Naxçıvan memarlıq məktəbinin ənənələri əsasında inşa edirlər.
Nuh peyğəmbərin məzarüstü abidəsinin açılış günü isə heç də uzaqda deyil. Yaxın vaxtlarda Naxçıvanın memarlıq inciləri sırasına biri də daxil olacaq.

Azərbaycan.- 2007.- 9 oktyabr.- S.6.