Mükərrəmoğlu M.
Tarixi-memarlıq
abidəsinin bərpası başa çatmışdır
Bu günlərdə
Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində
yerləşən Pir Hüseyn Xanəgahının
bərpadan sonra açılış mərasimi
keçirilmişdir. Mərasimdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxış etmişdir. O, son illər
möhtərəm Prezidentimiz İlham Əliyevin tarixi
abidələrin qorunmasına və bərpasına xüsusi
diqqət yetirdiyini bildirmişdir.
Nazir qeyd etdi ki, Azərbaycan Respublikasının ölkə
əhəmiyyətli abidəsi olan Pir Hüseyn Xanəgahı
Bakıdan 127 km aralı, Hacıqabul rayonunun Qubalı
Baloğlan kəndi ərazisində yerləşir. Pirsaat
çayı sahəsində, qədim Bakı-Salyan ticarət
karvan yolu üzərində tikilmiş bu xanəgah kompleksi XI
əsrin məşhur Böyük Şirvan Şeyxi Pir Huseyn
Rəvananın (Şirvani) adı ilə bağlıdır.
Pir Hüseyn Yaxın Şərqdə Baba Kuhi adı ilə
tanınan böyük sufi şairi və filosofu
Məhəmməd Bakuvinin kiçik qardaşı olmuşdur.
Şeyx Pir Hüseyn adıyla şöhrət tapmış
Əl-Hüseyn ibn Əli xanəgah kitabələrində
əzəmətli, görkəmli pir, sufilikdə
üçüncü dərəcəyə
çatmış, müqəddəslərin görkəmlisi,
ruhani işləri ilə məşğul olan, imam kimi
ləqəb və sifət dərəcələri ilə qeyd
edilmişdir ki, bu da onun əsrinin ən nüfuzlu
şəxsiyyətlərindən olduğunu göstərir.
Nazir Pir-Hüseynin görkəmli alim, filosof kimi Azərbaycanda
elmi-fəlsəfi fikir tarixində, islam-fəlsəfi
dünyagörüşünün formalaşmasında
mühüm rol oynadığını diqqətə
çatdırdı. Pir Hüseyn Şirvani Şirvanşahlar
1 Fəribürz, onun atası Sallar və babası Yəzid ibn
Əhmədin hakimiyyəti zamanında yaşamış
və 467-ci hicri (1074/1075) ildə öz böyük
qardaşı Məhəmməd Bakuvidən 25 il sonra, tam
qocalıq dövründə vəfat etmişdir.
Hündür bürclü divarlarla əhatə edilmiş
xanəgah kompleksinin memarlıq abidələri orta əsr
əzamətini bu günə kimi saxlamışdır.
Abidələrin üzərindəki XIII-XV əsrlərə
aid daş kitabələr indiyə qədər qalmaqdadır.
Xanəgah kompleksinə orta əsr Şirvan-Abşeron
memarlığının ən nadir əsərlərindən
sayılan türbə, məsçid, karvansara və
yardımçı tikililər daxildir. Xanəgah
abidələri kompleksi Pir Hüseynin məzarı
ətrafında yerləşirdi. Tikinti kompleksinin inşaat
tarixini qoruyub saxlamış kitabələr əsasında
demək olar ki, xanəgah tikililərindən çoxunun
əsası Şirvanşah Gərşəsbin oğlu Fərubirz
və II Əxsitanın oğlu II Gərşəsbin
vaxtında qoyulmuşdur. Xanəgahın ləyaqətli
qiyməti şərqşünas-alim, professor
V.A.Kraçkovskaya tərəfindən verilmişdir:
“Dünyada Pir Hüseyn türbəsinin kaşı
bəzəkləri ilə ancaq Məşhəddəki imam Rza
məqbərəsi rəqabət edə bilər”.
Xl-XlV əsrlərin nadir sənət incisi, bütün
dünyada məşhur olan Pir Hüseyn Xanəgahının
taleyi acı olmuşdur. Xanəgah dəfələrlə
qarət edilmişdir. Burada tədqiqat işləri aparan
erməni alimləri kaşı bəzəklərini
oğurlayıb muxtəlif ölkələrə
satmışlar.
Hazırda həmin kaşılar Peterburqun Dövlət
Ermitajı muzeyində, Moskvanın Şərq
Mədəniyyəti Muzeyində, Gürcüstanın Dövlət
muzeyində, Fransada Luvr muzeyində, Britaniyanın və
başqa ölkələrin müzeylərində
nümayiş etdirilir.
Xanəgah tikililəri soküldükdən sonra Daş
kitabələr Bakıya gətirilmiş, bəziləri
isə itib getmişdir. Hazırda mədəniyyət və
turizm nazirinin əmri ilə “Şirvanşahlar Sarayı
Kompleksi”ndə bu günə kimi qorunub saxlanan 6 ədəd
daş kitabə ”Pir-Hüseyn Xanəgahı” qoruğuna
qaytarılmışdır.
“Pir Hüseyn Xanəgahı” Azərbaycan xalqının
memarlıq incilərindən biridir. ”Pir-Hüseyn
Xanəgahı” 22 yanvar 2004-cü ildə Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi tərəfindən
tarix-memarlıq qoruğu elan edilmişdir. Həmin
dövrdən etibarən bu nadir sənət incisinin
təbliğatı gücləndirilmişdir. Bu
məqsədlə 2004 və 2006-cı illərdə burada
elmi-praktik konfranslar keçirilmişdir.
2003-cü ildə nazirlik tərəfindən qoruqda
təmir-bərpa işlərinə başlanılmış
və bu ilin sentyabrında bu işlər sona
çatdırılmışdır.
Nazir qeyd etdi ki, biz çalışacağıq ki,
Azərbaycanın turizm marşrutu məhz buradan da keçsin.
Sonra Hacıqabul Rayon İcra Hakimiyyəti
başçısı Əhməd Muxtarov, AMEA-nın
müxbir üzvü, tarixçi alim Məşədixanım
Nemətova çıxış edərək bu abidənin
tarixi əhəmiyyətindən danışdılar.
Tədbirdə millət vəkili, professor
Rəfael Hüseynov, Memarlıq və İnşaat
Universitetinin rektoru, professor Gülçöhrə
Məmmədova, müxtəlif dövlətlərin
ölkəmizdəki səfirliklərinin
nümayəndələri və turizm şirkətlərinin
rəhbərləri iştirak edirdilər.
Xalq qəzeti.- 2007.- 4 oktyabr.- S.6.