Pünhan

 

Qız qalası özünəməxsusluğu ilə fərqlənir

 

Azərbaycan torpağı memarlıq abidələri ilə zəngindir. Saraylar, türbələr, məscidlər, xanəgahlar, karvansaralar, körpülər, qalalar və s. Əsrlərin keşməkeşlərinə sinə gərmiş belə abidələr illər boyu ardı- arası kəsilmədən müharibələrdə insanların pənah gətirdikləri sığınacaq yeri olub. Bu abidələrdən Qız qalası özünəməxsusluğu ilə fərqlənir. Qız qalası memarlıq formasına görə, şərqdə yeganə abidədir. Qalanın cənub-qərb tərəfində yerdən təqribən 14 metr hündürlükdə kitabə həkk olunub. Kitabə kufi xəttində yazılmış dörd sözdən ibarətdir: "Məsud bin Davud tübbəsi". Bu yazı Məsud bin Davudu qalanın memarı hesab etməyə imkan verir. Hündürlüyü 28, diametri, divarlarının qalınlığı aşağı tərəfdə 5 metr, yuxarı tərəfdə isə 4 metr olan Qız qalası silindir formalı əsas hissədən və ona bitişik bütöv çıxıntıdan ibarətdir. Onun tikilməsi barədə bir çox fərziyyələr mövcuddur. Birinci fərziyyənin müdafiəçiləri onu feodal müdafiə qalası hesab edirlər.
   XII əsrin sonu feodal Bakının çiçəklənmə dövrü olub. Şirvanşahların Xəzər dənizində güclü donanması var idi. Şirvanşah I Axsitan təqribən 1175-ci ildə Bakı yaxınlığında rusların 73 gəmidən ibarət donanmasını məğlub etmiş və xəzərlərin işğal etdikləri Şabranı və Dərbəndi geri almışdır. Düşmənin dəniz tərəfdən hücum təhlükəsi Şirvanşahı dəniz sahilində müdafiə qalası tikməyə vadar edib. Belə qənaətə gəlmək olar ki, Qız qalası istər dəniz, istərsə də quru tərəfdən müdafiə qalası olub. O, çox möhkəm və hündür tikildiyindən lazım gəldikdə orada hərbi müşahidələr aparmaq, gözlənilən təhlükəni qonşu qalalara xəbər vermək, qısa müddətli sığınacaq və s. üçün istifadə etmək mümkün idi. Hərbi əməliyyatlar zamanı Qız qalasında 250 adam yerləşə bilirdi. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu abidə indi gördüyümüz tikintidən ibarət olmayıb. Onun şimal tərəfdən qazıntı zamanı Şah Abbas darvazasına doğru uzanan qala divarları ilə birləşən divar və yarımbürc qalıqları nəzərə çarpır. Qız qalasının cənub-şərq tərəfindən (ikimərtəbəli ev hündürlükdə) "dayaq divar"da əvvəllər mövcud bina ilə bitişən daşların qalıqları çıxıq şəklində indi də mövcuddur. Məhz bu çıxıqlar olan tərəfdə abidənin 5-6-cı mərtəbələri arasında qapı yeri qalıb. Yəqin ki, bu qala yeri vaxtilə burada qalaya bitişik olan binanın üstü ilə əlaqə saxlamaq üçün istifadə olunub. Abidənin qeyd etdiyimiz tərəfdən bir neçə quyu yeri aydın görünməkdədir. Şübhəsiz ki, bu quyular da vaxtilə abidəyə bitişik olan bina ilə əlaqədar qazılıbdır. Bütün bunlar Qız qalasına bitişik binanın olduğunu söyləməyə əsas verir.
   Qeyd edək ki, tikilinin divarında olan kitabənin tipik formalı kufi xətti onun XI-XII əsrlərə aid etməyə imkan verir. Sonradan qala XIV əsrdə baş vermiş zəlzələ nəticəsində su altında qalıb. Qalada fəal müdafiənin ən yuxarı hissəsindəki meydançada aparıldığı ehtimal olunur. Meydançadakı döyüşçüləri qorumaq üçün maşikullar düzəldilirdi. Maşkullar divar səthində irəli çıxan daş dirsəklərdən, bunların arxasındakı mazğallardan və döyüşçünü qarşı tərəfdən qoruyan dişlərdən ibarət qurğudur. Vaxtilə Qız qalasının yuxarı hissəsində də maşikullar olubdur. Lakin XIX əsrdə aparılan təmirdən sonra indiki şəklə salınıbdır.
   Onu da qeyd edək ki, Qız qalası adlı abidələrə Yaxın Şərq ölkələrində də təsadüf edilir. Qız qalalarının əsas xüsusiyyəti onların dəniz və çay sahillərində hündür yerlərdə tikilməsidir. Abidənin müdafiə istehkamı olduğu fikrinə qarşı çıxanlar da var. Onların fikrincə, abidənin "mazğal" adlanan aşırımları (kiçik pəncərələri), feodal qalalarındakı mazğallardan tamamilə fərqlənir. Əvvəla, bunlarda yuxarıdan ox atmaq, yanacaq tullamaq üçün maillilik nəzərə alınmayıb. Alimlərin bəzilərinin fikrincə, pilləkən olan tərəfin fasadında qoyulmuş yarıq şəkilli pəncərələr mərtəbələri işıqlandırır, onlar içəriyə doğru genişlənərək mazğala oxşar şəkil alırsa da, hər halda müdafiə məqsədi daşıdığı şübhəlidir. Qız qalasının qapısı üstündə, müdafiəyə daha çox ehtiyacı olan yerdə bir dənə də olsun mazğal qoyulmayıb. Abidənin daxili quruluşu da orada davam edə biləcək mühasirəni keçirmək üçün lazımı yaşayışa imkanı vermir. 12 metr hündürlükdən başlayaraq abidənin xarici səthi yuxarıya doğru bir-birini əvəz edən əhəng məhlulu ilə doldurulmuş ağ və qara kəmərlərlə qurşanıbdır. İndi həmin ağ zolaqlar çox yerdə tamamilə tökülmüş və hörülüb, səthi girintili-çıxıntılı şəkil alıbdır. Onlara görə, müdafiə üçün heç bir əhəmiyyəti olmayan əhəng zolaqlara hədsiz miqdarda əhəng işlənməsi təmamilə məntiqsizdir. Digər fərziyyəyə gözə Qız qalası atəşpərəst məbədi olub (D.Axundova görə) . Qız qalasının atəşpərəst məbədi olması da şübhəlidir. Bildiyimiz kimi, atəşpərəst məbədində daim od yandırılıb. Abidənin üstündə od yandırmaq üçün istifadə olunduğu güman edilən dulus kəməri Qız qalasının yeddinci mərtəbəsinə kimi qalxır. Dulus kəmərinin diametri 20-30 santimetrdir. Bu kəmərlə qalxan qazı tikintinin içərisinə aparmaq və ona yaxınlaşıb od vurmaq güclü partlayışa səbəb olardı. Daha bir fərziyyə var. Ona görə, Qız qalası Zərdüşti daxmasıdır (M.Nəbiyevə görə). Atəşpərəstlər daxilində xaki təriqətinə məxsus olanlar ölülərini aparıb sükut qüllələri adlanan xüsusi tikililərə qoyurdular. Burada vəhşi quşlar sümükləri ətdən təmizləyirdilər. Bu fərziyyəyə görə, Qız qalası damında çalağanların didib parçalaması üçün ölülərin qoyulduğu qüllədir. Zərdüşti dininə sitayiş edənlər ölülərini bura gətirərək qalanın ortasındakı deşik vasitəsi ilə dartıb abidənin üstünə qaldırır və ordan quşlar meyitin ətini yedikdən sonra sümükləri toplayıb divardakı dulus kəməri ilə aşağı atırlarmış. Həmin sümükləri meyitin sahibləri toplayıb başqa yerdə torpağa basırmaq məqsədi ilə aparırlarmış. Həmin dövrdə tikilən daxmalar quruluş etibarı ilə Bakı Qız qalasından fərqlənir. Onları hündür yerlərdə, həm də bir mərtəbədən artıq olmayaraq tikirdilər. Bildiyimiz kimi Qız qalası səkkiz mərtəbəlidir.
   Qız qalasının rəsədxana olduğunu (Q.Əhmədova görə) bildirənlər də var. Rəsədxanada göy cisimləri müşahidə olunurdu. Günəşin çıxmasını müşahidə etmək mümkün idi. Marağa və Təbriz rəsədxanalarında "yüksək qübbə" mövcud olub.
   Bu fərziyyələrin tərəfdarları Qız qalasını rəsədxananın qübbəsi, ona bitişik olmuş tikinti kompleksini isə rəsədxana kimi qəbul edirlər.
   Xatırladaq ki, Qız qalası iki hörgü sistemi ilə tikilib. Birinci 12 metr hündürlüyədək olan hamar hissədir. İkinci hörgü sistemi isə 12 metrdən yuxarı hissədə tətbiq edilib. Buradakı yonma daşların növbə ilə batıq və çıxıntı şəklində hörülməsi qalaya əzəmət verir. Diqqət yetirilsə burada 31 (30) çıxıntı zolaqlarını asanlıqla saymaq olar. Güman etmək olar ki, bunlar bir aydakı günlərin sayını göstərir. "Dayaq divarının" cənub və şərq tərəfindən zolaqlar sayılsa onların sayının 24 olduğunu görmək olar. 24 rəqəmi gecə-gündüz ərzində saatların sayıdır. Abidənin cənuba baxan pəncərələrinin 4 olması fəsillərin, mərtəbələrə qalxan pillələrin 12 olması isə ildəki ayların sayını göstərir.
   Lakin bu fərziyyələri bir çoxunu inkar edən fakt Qız qalası divarlarının aşağı hissədə 5 metr, yuxarı hissədə isə 4 metr qalınlığında olmasıdır. Bundan başqa, onun çox böyük hündürlüyü sonuncu üç fərziyyəni təkzib edir. Çünki, nə od məbədi, nə daxma, nə də rəsədxana üçün bu qalınlıqda və hündürlükdə divarlara ehtiyac yoxdur. Digər tərəfdən mənbələrdə Bakıda od məbədi, rəsədxana, daxma təyinatlı abidənin adı çəkilmir. Bu fərziyyələr içində həqiqətə yaxın olanı Qız qalasının müdafiə istehkamı olmasıdır. Qazıntılar zamanı aşkar edilən qala divarı bu fikrin doğruluğunu sübut edir. Görünür, Qız qalası XII əsrdə qala içərisində ən möhtəşəm müdafiə istehkamı, Bakı və ətraf ərazilərin müdafiə istehkamları sistemində baş içqala olub. Bu abidə XIX əsrin ortalarındakı təmirdən sonra indiki şəklə salınıb. Ondan gözətçi məntəqəsi və mayak kimi istifadə olunması daha real görünür.
   
 
Üç nöqtə.-2007.- 20 oktyabr.-S.18.