Sadıqlı F.
Tarixi-memarlıq abidələrini qorumaq hər birimizin
borcudur
Ölkə
başçısının onlara münasibəti hamı
üçün nümunədir
Keçən illərin birində
Sankt-Peterburqda olarkən səfər yoldaşlarımın -
bir qrup azərbaycanlının az qala hər binanın
qarşısında dayanıb seyrə
daldığını, tikililərin tarixi ilə
maraqlandığını müşahidə etdim. O vaxt
ilk dəfə ürəyimdən belə bir fikir keçdi
ki, axı özümüzdə, yəni Azərbaycanın
hər guşəsində, yaşadığımız paytaxt
şəhəri Bakıda da hər addımbaşı
bəlkə bunlardan da dəyərli tarixi binalar var. Bəs
onların qarşısında niyə ayaq saxlamır,
"tərcümeyi-halı" ilə maraqlanmır,
gözəlliyinə varmır, gözümüz
görə-görə bir daşı qopub yerə
düşürsə, heç nə olmayıbmış kimi
yanlarından laqeydcəsinə ötüb keçirik?
Gündəlik həyatın qaçhaqaçında,
qovhaqovunda - səhər işə tələsəndə,
axşam evə tez çatmağa çalışanda bunlara
vaxt tapmırıq. Bəlkə istəsək macal tapa
bilərik? Yoxsa gözəlliyi kənar göz daha
yaxşı görür? Bəlkə gözəllik uzaqdan
daha aydın görünür? Hər halda tarixi
abidələr xalqın sərvəti olduğu
üçün onlara laqeydlik hər bir kəsin
qəbahətidir.
Sankt-Peterburqdan qayıdandan az sonra işlə əlaqədar
tez-tez yolumun düşdüyü ARDNŞ-ə (Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti) getməli oldum.
Maraq məni şirkətin yerləşdiyi binanın
qarşısında dayanıb onun fasadındakı memarlıq
nişanələrinin tamaşasına sövq etdi. Yüz
kərə gördüyüm və
neçə-neçə otağında mətbuat
konfranslarında iştirak etdiyim, müsahibələr
aldığım bu binanın dəyərini, qiymətini,
memarlıq və inşaat tariximizdə,
mədəniyyətimizdə necə əhəmiyyətə
malik olduğunu sanki ilk dəfə dərk edirdim. Sonralar onu da
öyrəndim ki, Avropa stilist cərəyanı üslubunda
tikilmiş bu binanın memarı P.Ştern olub. Bina
1891-1896-cı illərdə inşa edilib. O, Mirbabayev
soyadlı şəxsə məxsus olub və uzun zaman sahibi
tərəfindən gəlir məqsədilə
kirayəyə verilib.
Belə nadir binalar Bakıda onlarladır. Maraqlıdır ki,
bu binaların və digər tarixi abidələrin çoxu
hələ də onları tikənlərin və
tikdirənlərin adı ilə tanınır:
"Tağıyev teatrı", "Hacı Əjdər
bəy məscidi", "Qasım bəy məscidi",
"Musa Nağıyevin evləri", "Hacıyevin binası"
və s. Xüsusilə XIX əsrdəki ilk neft bumundan sonra
Bakıda memarlıq cəhətdən çox qiymətli
binalar tikilib. Onlardan yalnız biri - indi MEA-nın
rəyasət heyətinin yerləşdiyi bina haqqında
saatlarla danışmaq olar. Yaxud götürək
fotomüxbirimizin Qız qalasının
yaxınlığında obyektivə aldığı
binanı. Burada daşlar gah "çiçək
açır", gah "şirləşir",
"pələngləşir", gah da üzərindəki
naxışlarla poeziya yaradır.
Bu binaları - memarlıq və mədəniyyət
abidələrini ucaltdıranlar onlara külli miqdarda vəsait
xərcləyib, çox hallarda xaricdən memar,
layihəçi, materiallar gətirdib, tikdirdiklərinin
gözəl, hər zamanın özünün dəbində
olan və yüksək qiymətləndirilən
üslublarında inşa olunmasını tələb və
təmin ediblər. Onlar öz ağıl və
dərrakələri ilə "dünyanın malı
dünyada qalacaq" həqiqətini heç də dərk
etməmiş deyildilər. Ona görə də əslində
özləri üçün deyil, xalq üçün,
gələcək nəsillər üçün
tikdiklərini yaxşı bilirdilər. Belə dühalı
şəxsiyyətlərin əməllərini ifadə
edən "tikdim ki, izim qala" misrası ilə bitən
bayatımız da hələ neçə əsrlər bundan
əvvəl əbəs yerə yaranmayıb. Bu izləri
qoruyub saxlamaq isə bizim və bizdən sonra gələn
nəsillərin boynuna düşür.
Abidələr, memarlıq nümunələri hər bir
xalqın tarixini özündə əks etdirən monumental
əsərlərdir. Onları qoruyub saxlamaq vətənin
tarixini, xalqın mədəniyyətini
nəsildən-nəslə ərməğan etmək
deməkdir. Bu sahədə də Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xidmətləri
misilsizdir. Ulu öndərin bu istiqamətdə müxtəlif
illərdə imzaladığı sərəncamlar, verdiyi
göstərişlər böyük əhəmiyyət kəsb
edir. Tarixi abidələrə qayğı ulu öndərin
fəaliyyətinin əsas prinsiplərindən biri olub.
Ümummilli liderin 1970-ci ildən 2003-cü ilədək bu
sahədə gördüyü işlər tarixi-memarlıq
abidələrimizin qorunmasında, mühafizəsi və
bərpasında əvəzsizdir.
Ulu öndər Heydər Əliyev ənənələrinin
layiqli davamçısı cənab İlham Əliyev də
xalqın milli sərvətinə, onun
mədəniyyətinə daim diqqət və qayğı
ilə yanaşır. Ölkə Prezidentinin 2006-cı il
avqustun 18-də imzaladığı "Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
tarixi-memarlıq abidələrinin bərpası və
qorunması haqqında" sərəncam bunun əyani
təzahürüdür. Həmin sərəncam
tarixi-memarlıq abidələrinin təmiri, xarici
görünüşünün bərpası,
abadlaşdırılması istiqamətində Bakı
Şəhər İcra Hakimiyyəti, Mədəniyyət
və Turizm Nazirliyi, Şəhərsalma və Arxitektura
Komitəsi, MEA, Memarlıq və İnşaat Universiteti,
Memarlar İttifaqı qarşısında mühüm
vəzifələr qoydu və tezliklə həmin
sahədə mütəşəkkil işlərə
başlandı.
Tarixi-memarlıq abidələrinin taleyi üçün
belə narahatlıq əbəs deyil. Çünki
Azərbaycanın bu abidələri təkcə bizim deyil,
bütün Yaxın və Orta Şərqin inciləridir.
Xüsusilə, qədim tarixə və mədəniyyətə
malik Bakı şəhərinin abidələrini
cəsarətlə açıq səma altında muzey
eksponatları adlandırmaq olar. Qız qalası,
Şirvanşahlar sarayı, Karvansaray, Qala divarları,
çoxlu hamam, bazar, paytaxtımızın ayrı-ayrı
guşələrində müxtəlif vaxtlarda tikilmiş
binaların inşasında istifadə olunan üslublar, işlədilən
üsullar, vurulan naxışlar xalqın zövqünü,
mənəvi dünyasını, istək və
arzularını özündə əks etdirib.
Lakin çox təəssüf ki, bizə miras qalmış bu
incilərə zaman-zaman laqeydlik göstərilib. Heç bir
qayda və qadağaya məhəl qoyulmadan onları
özbaşına sökənlər, "yenidən
quranlar" da tapılıb. Yerlərində
yaşayış evləri, restoran, qaraj, inzibati binalar və s.
tikilib. Bütün bunlar az imiş kimi bir sıra
səriştəsiz şirkətlər tərəfindən
aparılan təmir-bərpa işləri nəticəsində
tarixi-memarlıq abidələrinin bəzi hissələri
icazəsiz sökülüb və sonradan onları
əvvəlki görkəminə qaytarmaq qeyri-mümkün
olub. Bəzən daşlara vurulmuş naxışlar, həkk
olunmuş adlar, tarixi yazılar pozulub, yonulub. Belə
dəyişiklik isə tarixi abidənin az qala məhvinə
bərabərdir. Bu, həm də xalqa və onun tarixinə
xəyanətdir.
Heç uzağa getməyək:
İçərişəhərdə bir sıra aidiyyəti
orqanların günahı, laqeydliyi və
səriştəsizliyi ucbatından bir vaxtlar aparılan
"müasirləşdirmə"ni xatırlayaq. İş
o yerə çatmışdı ki, ərazi "avropalaşdırılırdı".
Prezident İlham Əliyev
"İçərişəhər Dövlət
tarixi-memarlıq qoruğunun yaradılması
barədə" 2005-ci ilin fevralında imzaladığı
sərəncamı ilə xalqın sərvətinin toxunulmaz
olduğunu bir daha göstərdi və bu sahədə hər
cür özbaşınalığa son qoydu.
Unutmayaq ki, bütün tarixi-memarlıq abidələrimiz
qiymətli üzükdürsə,
İçərişəhər onun qaşıdır.
Hər bir vətəndaş tarix, memarlıq və
mədəniyyət abidələrimizi, o cümlədən
İçərişəhəri qorumağa borcludur. Bu borc
hətta Azərbaycan Respublikasının Konstitusiyasında
təsbit edilib. Həmin müqəddəs borcu hərə
özünün bacardığı kimi yerinə
yetirməlidir: kimi vəzifə və səlahiyyəti
daxilində, kimi maddi imkanları hesabına, kimi də bu
sahədə təbliğat aparmaq, onun xeyirxah mahiyyətini
başqalarına başa salmaqla. Dövlətimizin
başçısının milli-mənəvi və maddi
dəyərlərimizə münasibəti bu işdə
hamıya örnək və nümunə olmalıdır.
Ölkə başçısı İlham Əliyev mədəniyyət
və memarlıq abidələrinin qorunması
istiqamətində yalnız sərəncamlar və
göstərişlər verməklə kifayətlənmir,
həm də bu işin icrasını nəzarətdə
saxlayır. Elə ötən yayın isti günlərinin
birində Prezident Dövlət İncəsənət
Muzeyində oldu. Mədəniyyət ocağında gedən
əsaslı təmir-tikinti və yenidənqurma işləri
ilə tanış olan dövlət başçısı
vurğuladı ki, 120 il əvvəl tikilmiş binada müxtəlif
dövrlərdə ayrı-ayrı idarələr və
təşkilatlar yerləşib. 1936-cı ildə
Azərbaycan Dövlət Muzeyinin incəsənət
şöbəsi əsasında yaradılmış həmin
muzeydə çoxlu qiymətli sənət
əsərlərinin yerləşdirilməsi,
ekspozisiyaların ildən-ilə
zənginləşdirilməsi bu sənət
məbədinə marağı xeyli artırıb. Lakin zaman
keçdikcə təbii aşınmalar nadir sənət
nümunələrini saxlayan bu bənzərsiz binanın
əsaslı təmirini zərurətə çevirib.
Kiçik arayış: keçən əsrlərdə
"Deburun malikanəsi" adlanan, əvvəllər
ünvanı Sadovı küçəsi, 9 kimi yazılan bu
nadir bina 1888-1895-ci illərdə ucaldılıb.
Mühəndis fon der Nonnenin layihəsi əsasında inşa
olunan bina layihə və memarlıq baxımından
əvəzsizdir. Onun hər iki tərəfdən iri zallarla
tamamlanan otaqlarının pəncərələrinin baş
fasada istiqamətlənməsi, bütün pilləkənlərinə
gün işığının düşməsi əsl
mühəndis və memar düşüncəsinin
məhsuludur. Bu və digər səbəblərdən sözügedən
qurğu bitkin, bütöv bir "orqanizm" təsiri
bağışlayır.
Bina şəhərsalma baxımından da çox
uğurludur. Paytaxtda neçə-neçə belə
uzunömürlü, qeyri-adi binaların müəllifi olan
Nonne onu ərazinin relyefinə uyğunlaşdırmış
və sanki gələcəkdə ətrafda tikiləcək yeni
evləri, malikanələri, önündən magistral
keçəcəyini əvvəlcədən
görmüşdü. Küçədə üzü binaya
dayananda ayrı-ayrı xətlər, işarələr
sənə mərtəbələrin, otaqların, lojaların
sayı, böyüklüyü-kiçikliyi haqqında sanki
söhbət açır. Bütün bunlarla yanaşı,
memarlıq üsullarından mahir istifadə binanın
fasadında da bitkin bir kompozisiya yaradıb.
İndi hazırlanmış layihəyə əsasən,
binanın bütün texniki qurğuları əsaslı
surətdə yenidən qurulub. İnşaatçılar ilk
növbədə özülləri, daxili və xarici
divarları metal konstruksiyalar və beton məmulatlarla
bərkidiblər. Binanın fasadı isə 1987 kvadratmetr
sahəsi olan əvvəlki görünüşünü
saxlamaqla üzlük daşlarla üzlənib. Layihəçilər
bərpa zamanı fasadın tərtibatına xüsusi
diqqət yetiriblər. Mərtəbələrin köhnə
döşəməsi monolit dəmir-beton piltələrlə
əvəz olunub. Otaqların arakəsmələri
əvvəlki formada saxlanılmaqla yenidən qurulub.
Yenidənqurma, təmir və bərpa tədbirləri ilə
əhatə olunmuş Heydər Əliyev adına saray,
"Muğam" Teatrı, Gənc Tamaşaçılar
Teatrı, Dövlət Tarix Muzeyi və başqalarında da
işlər davam edir, yaxud başa çatmaq üzrədir.
Tarix-memarlıq abidələrinə bir zamanlar
göstərdiyimiz laqeydlikdən indi əsər-əlamət
qalmayıb. Amma etiraf edək ki, abidələri qoruya
bilməməyimizin bir səbəbi də maddi
cəhətdən imkansızlıq idi. İndi imkanımız
var və bu imkan ulu öndər Heydər Əliyev
tərəfindən əsası qoyulan və başlanan,
Prezident İlham Əliyev tərəfindən davam və
inkişaf etdirilən köklü islahatların,
ölkəmizin sosial-iqtisadi yüksəlişinin
bəhrəsidir.
Azərbaycan.- 2007.-21 oktyabr.- S.4.