Samirə

 

İçərişəhər məscidləri...

 

Alahın evi bəndəyə satılıb

Azərbaycan milyonçusu Ağa Yusif Dadaşovun arvadı Izzət xanımın şərəfinə tikdirdiyi və Içərişəhərin memarlıq abidələrinə daxil edilən bina buldozerin qabağına veriləndə memar Nəriman Əliyev maraqlı bir fikir söyləmişdi. Demişdi ki, tikilinin sökülməsinə qərar verənlər Içərişəhərə növbəti edam hökmü oxudular. Söhbət Azneft Meydanının yaxınlığındakı tikilidən gedir ki, söküb yerində prezident ailəsi üçün nə isə inşa edəcəklər. Ona görə nə isə deyirəm ki, tikiləcək yeni binanın nə bina olacağı məlum deyil.
Kimə xidmət edəcəyi məlumdur, amma tarixi abidənin yerində ucalacaq möhtəşəm tikili prezidentin qızı üçün iqamətgah, yoxsa Heydər Əliyev irsinin araşdırılması mərkəzi olacaq - bax bunu dəqiq deyə bilmirik. Əslində məqsədimiz heç bunu araşdırmaq da deyil. Sadəcə, bu misalı söhbətimizə körpü salmaqdan ötrü xatırlatdım. Yəni, Içərişəhərin məhv edilən tarixi abidəsi təkcə Ağa Yusif Dadaşovun mülkü deyil, onlarla bu cür abidə məhv edilib və edilir də. Bir qismi buldozerin pəncəsində itib-batıb, bir qismi isə göz görə-görə “batır”.
Içərişəhər məscidləri
də bu qəbildəndir. Bəli, Bakının bir parçası olan qədim Içərişəhərdə məlumatlara görə, 28 məscid var. Və çox maraqlıdır ki, 28 rəqəmi əsrlərdir sirr olaraq qalır və ta binayi-qədimdən bu günə kimi, alim-üləmalar Içərişəhərdə çox şeyin - məscid, hamam, karvansarayın sayının nədən 28 olması sualına cavab tapa bilməyiblər. Üstəgəl, Qız Qalasının hündürlüyünün 28 metr olması da çoxlarını bu mübhəm qarşısında aciz qoyub. Amma bu da bizim bugünkü araşdırma predmetimiz deyil. Bu gün biz Içərişəhərin məscidlərindən danışacağıq. Hansı ki, vəziyyətləri olduqca acınacaqlıdır.
Molla Əhməd məscidi
Bu məscid 14-cü əsrə aiddir. Qoşa Qala qapısına yaxın bir ərazidə - Sabir küçəsində yerləşir. Yəqin, rəhmətlik Sabir sağ olsaydı, məsciddəki təsvirlər onun qələmində öz əksini başqa cür tapardı. Məsələn belə: “Məhfilü məclisimiz, mədrəsəvü-məscidimiz, həm qiraətxanəmiz bağlı, pərişan, mənə nə?!” Hər halda Molla Əhməd məscidinin qapısından asılan qara qıfılı görüncə, beynimdən bu misralar keçdi. Pəncərədən boylanıb məscidin içərisindəki zibil qalağını görəndə isə sanki qanım dondu. Amma sən demə, bu hələ jurnalıymış. Hərb küçəsi 5-dəki qədim məscidin ev kimi bir vətəndaşa satılması xəbərindən əsl şoka düşürük. Firdovsi 4 ünvanında isə növbəti bir məscidin satılması faktı ilə qarşılaşırıq. “Füqəranın qanını çox da sorullar lotular, şeyxlər xəlqə satır huriyi-qılman, mənə nə?” Allah sənə rəhmət eləsin Mirzə Ələkbər. Sən nə qədər uzaqgörən kişi olmusan. Bu gün şeyxlərimizin satdığı həm də
Allahın evi
dir. Məscidi kim satıb, neçəyə satıb, təbii ki, bu haqda məsciddə yaşayan ailədən heç nə öyrənə bilmirik. Qapını üzümüzə açmırlar. Amma qonşular deyir ki, bu məsciddə yaşayan ikinci ailədir. Əvvəl bir başqası yaşayırdı, onları döyüb-qovublar. 19-cu əsrə aid Bəylər məscidi də bəy-xan dövründəki yaraşığını çoxdan itirib. Indi bu məscidin divarlarındakı söyüşlər onun ən aşağı təbəqəyə - rəiyyətə məxsus olduğundan xəbər verir. Qapısındakı qıfıl imkan vermir öyrənək ki, bura zibili kim və niyə atır? Bilmir ki, bura məsciddir? Suallar ürəyimizi deşə-deşə gəlib çatırıq
Çin məscidi
nə. Çin məscidinə çatmaq üçün heç də Çin səddini aşmaq lazım deyil. 14-cü əsrə aid bu tarixi abidə də Içərişəhərin gözəgəlimli yerində qərar tutub. Niyə bu məscidi Çin məscidi adlandırıblar - bu da bizə qaranlıq qalır. Çünki, bu məscidin də qapısı bərk-bərk bağlıdır. Amma sonradan Içərişəhər Dövlət Tarixi Memarlıq Qoruq Idarəsindən bildirirlər ki, Çin məscidi təyinatı üzrə işləmir, hazırda ondan yaradıcılıq emalatxanası kimi istifadə olunur. Özü də bu təzə xəbər deyil. Hələ sovet hakimiyyəti illərində məscidin təyinatı bu istiqamətə yönəldilib. Bir az irəlidə isə
Gileyli məscidi
dir. Bu məscidi görən təkcə gileylənməklə kifayətlənməz, 1309-cu ildə inşa edilən Gileyli məscidinin halına ağlamaq da azdır. Məscidin qoz ağacından olan qapısını yandırıblar. Qədimi yazıları, ornamentləri yox etmək üçün məscidin divarlarına mala çəkiblər. Bu hələ harasıdır? Işbazlar məsciddə ayaqyolu tikməkdən də çəkinməyiblər. Maraqlıdır ki, televiziyalardan birinə müsahibəsində Içərişəhər Dövlət Tarixi Memarlıq Qoruq Idarəsinin böyük məsləhətçisi Elxan Məmmədov bildirib ki, məscidin qoz qabığından olan qapısı çox köhnə olduğundan yandırılıb və onu yenisi ilə əvəz ediblər. Elxan müəllimə deyən gərək ki, 1309-cu ildə tikilən məscidin qapısı
Avropa qapısı
olmayacaq ki? Köhnə olacaq də! Həmin məntiqlə onda sabah biri durub Gileyli məscidini də yandırsın və desin ki, köhnədir. Hər halda, Elxan Məmmədovun məntiqini heç cür başa düşmək olmur. Yaxşı, bəs məsciddə ayaqyoluna nə deyirsiz? Deyir ki, ayaqyolu məscidin içində deyil ki, həyətindədir. Bu yerdə böyük məsləhətçiyə bir məsləhətimiz var. Yaxşı olar ki, Içərişəhər Dövlət Tarixi Memarlıq Qoruq Idarəsinin başında duran bu adam Azərbaycan kinosunun incilərindən olan “7 oğul istərəm” filminə baxsın. Onda görər ki,
Məscidə it bağlayan
Mirpaşanın aqibəti nə ilə nəticələndi. Deməli məscidin həyətinə it bağlamaq murdarlıq sayıldı, amma məscidin həyətində ayaqyolu tikmək murdarlıq sayılmır. Özü də deyim ki, Gileyli məscidinin heç həyəti yoxdur və küçədən birbaşa məscidə girirsən. Elxan müəllim kimi aldatmaq istəyir, məlum deyil. 1646-cı ildə tikilən məktəb məscidində isə bu gün dini dərslər keçirilsəydi, bəlkə də Allaha da xoş gedərdi. Amma məktəb məscidindən bu gün satış obyekti kimi istifadə olunur. Məktəb məscidi də 14-cü əsrin memarlıq abidəsi sayılır, tikilmə tarixi 1301-ci ilə təsadüf edir. 1415-ci ilin yadigarı Şeyx Ibrahim məscidi də məktəb məscidi ilə eyni küçədə - Asəf Zeynallı küçəsində yerləşir. Içərişəhərlilər bu məscidin də qapısını həmişə qıfıllı görürlər. Ona görə də məscidin fəaliyyət göstərib-göstərmədiyi qaranlıq qalır. Eynən
Cümə məscidi
ndə aparılan işlərin təmir işləri olub-olmadığı kimi. Hər halda, məscidə yaxın evlərin sakinlərindən eşitdiyimizə görə bu məscidin təmirə bağlandığı göz qabağında olsa da, göz qabağında olan həm də məsciddəki təmir işlərinə nəzarət edən şəxslərin kimliyidir. Son model inomarkalarda tez-tez əraziyə baxış keçirən qaraeynəkli day-dayıların davranışı camaatda belə təəssürat yaradıb ki, Cümə məscidi üçün də artıq cüməaxşamı verməyin vaxtı gəlib çatır. Hərçənd, Içərişəhər qoruğunun baş məsləhətçisi bunu şayiə adlandırıb və gizlətməyə çalışıb. Mirzə Əhməd məscidinin ev kimi satılması faktını gizlətdiyi kimi. Xülasə, çoxlarınız üçün maraqlı sayılan bu yazıya nöqtə qoymazdan qabaq sizi bir rəsmi statistika ilə də tanış edim. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Içərişəhər Dövlət Tarixi Memarlıq Qoruq Idarəsinin məlumatına görə, Içərişəhərdə
500 abidə rəsmi dövlət qeydiyyatındadır
Onlardan 4-ü - Içərişəhər kompleksi, Şirvanşahlar kompleksi, Qız Qalası və Məhəmməd Məscidi dünya əhəmiyyətli abidə kimi dünya mədəni irs siyahısına daxil edilib. 28 abidə təyinat dərəcələrinə görə ölkə əhəmiyyətli abidədir və dövlət tərəfindən xüsusi şəkildə qorunur. Yerdə qalanlar isə yerli əhəmiyyətli abidələrdir. Görünür, Içərişəhərin yuxarıda adları çəkilən məscidləri də yerli əhəmiyyətlidir və bu mənada onları qorumağa dəyməz. Nə olsun, 14-cü əsrdə, yaxud 15-ci əsrdə tikilib? Kiməsə 14-15 qəpiklik xeyri dəyib? Kiməsə ev kimi satılsa, yaxud satış obyekti kimi icarəyə verilsə, bu başqa məsələ! Nə deyirik. Allah bazar versin. Məscidlərin xeyrini görəsiz. Öz aramızdır, indiki bazar qiymətləri ilə hesablasaq heç də az gəlir deyil. Belə ki, Içərişəhər Dövlət Tarixi Memarlıq Qoruq Idarəsinin məlumatına görə, məscid və dini sitayiş abidələrinin sayı 28 yox, 21-dir. Onlardan 20-si məscid, 1-i kilsədir. Və bu gün bu məscidlərin yalnız 6-dan təyinatı üzrə istifadə olunur. Bəs qalanları? Desək ki, Allah bilir, səhv edərik. Əgər Allahın evini bəndə satırsa, deməli Allah da yaratdığı bu üzdəniraq məxluqun əlində aciz qalıb.

Azadlıq.- 2007.- 11 oktyabr.- S.10.