Həmzəoğlu K.

 

Rəfael Hüseynov: Coğrafi yer adlarının dəyişdirilməsi daha çox mədəniyyətlə bağlı problemlərdir

 

"Yaradıcı birliklərlə yaradıcı təşkilatların sərhədlərini dəqiq müəyyənləşdirmək üçün ayrıca qanunun qəbuluna ehtiyac var"


"Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında" qanunun qəbuluna ehtiyac var. Artıq bununla bağlı qanun layihəsi üzərində işlənilməkdədir və onun parlamentin payız sessiyasının sonlarına kimi müzakirələrə çıxarılması gözlənilir. Bununla belə, istər yaradıcı şəxslər, istərsə yaradıcı təşkilatlar haqqında müvafiq qanunvericilik aktları yox deyil. Daha doğrusu, cəmiyyətdə bu yöndə yazılmamış qanunlar var. Amma yeni, müasir dövrün təklif, diqtə etdiyi elə xüsusiyyətlər var ki, onlar sözügedən qanunun qəbulunu mütləq şəkildə ortaya qoyur". Bu fikirləri bu və digər suallarımızı cavablandırarkən Milli Məclisin (MM) Mədəniyyət məsələləri daimi komissiyasının sədr müavini, professor Rəfael Hüseynov dilə gətirib. Onun sözlərinə görə, son illər müxtəlif zaman kəsiyində Gənc Rəssamlar, Gənc Yazarlar, Gənc Aktyorlar birlikləri, yəni, müxtəlif cür birliklər yaradılıb ki, müəyyən məqamlarda da bunlara ictimai birliklər kimi yanaşılır.

   - İndiki dövrdə ictimai birliklə yaradıcı birliyin sərhəddi harada başlanıb, harada qurtarır, onu dəqiq müəyyənləşdirmək çətin olur. Ona görə də ən azı bu qurumlar arasında sərhədləri dəqiq bilmək üçün "Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında" qanuna mütləq və zəruri ehtiyac var. Hesab edirəm ki, bu zəruri ehtiyac da ödənilməlidir və ödəniləcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, hələ 2003-cü ildə deputat həmkarım Nizami Cəfərovla Fransanın paytaxtı Paris şəhərində çox mühüm bir toplantıda iştirak edirdik və bu tədbir YUNESKO-nun təşəbbüsü ilə, təşkilatçılığı ilə keçirilirdi. YUNESKO-nun qəbul etdiyi Konvensiyalardan biri "Dünyanın mədəni və təbii irsi" adlanır ki, məhz həmin tədbir də bu sənədin 30 illiyinə həsr olunmuşdu. Bu tədbirə dünyanın bir çox ölkələrindən nümayəndələr qatılmışdılar. Biz orada bir halın, məqamın şahidi olduq. "Dünyanın mədəni və təbii irsi" Konvensiyası çərçivəsində müxtəlif ölkələrin təqdim etdiyi sənədlər, qanunlar, layihələr əsasında ayrı-ayrı abidələr qorunur və Azərbaycandan da həmin dövrə qədər yalnız İşərişəhər tarixi komleksi mübahisəli, təhlükə altında olan bir obyekt kimi həmin qorunan abidələr sırasına daxil edilmişdi. Qeyd edim ki, çox sevindirici bir haldır ki, son dövrlərdə daha bir tarixi abidəmiz Qobustan qoruğu həmin abidələr sırasına daxil edilib. Sözümün əvvəlinə qayıdaraq qeyd etmək istəyirəm ki, tədbir zamanı şahidi oldum ki, məsələn, Baykal gölü təbii sərvət, təbii irsin bir nümunəsi olaraq, həmin Konvensiya çərçivəsində qorunur. Bundan sonra mən söz alaraq bildirdim ki, bizdə də unikal bir göl - Göy-göl var və onu da həmin Konvensiya çərçivəsində qorumağa ehtiyac duyulur. Buna cavab olaraq, orada iştirak edən mütəxəssislərdən biri bildirdi ki, əgər hər hansı bir tarixi abidə, təbii irsin nümunəsi olan hər hansı bir göl həmin Konvensiya çərçivəsində qorunursa, mütləq onlarla bağlı qanunvericilik aktları qəbul edilir və edilməlidir. Ona görə düşünürəm ki, biz əgər gələcəkdə tarixi, mədəni, dini abidələrimizin, qoruqlarımızın, göllərimizin həmin Konvensiya çərçivəsində qorunmasını istəyiriksə, o zaman mütləq bunlarla bağlı ayrıca qanunvericilik aktları qəbul etməliyik...

   - Konkret olaraq hansı təbii, mədəni abidələrimizlə bağlı qanunvericilik aktlarını zəruri sayırsınız?

   
- Məsələn, bu gün düşmən tapdağı altında inləyən Şuşa şəhəri özü bütövlükdə bir memarlıq kompleksidir, bir tarixi abidədir. Bundan başqa, Qəbələni tarixi bir abidə, tarixi bir memarlıq kompleksi hesab etmək olar. Ümumiyyətlə, bu tipli tarixi, mədəni abidələrimiz, qədim yaşyış məskənlərimiz çoxdur. Ona görə əgər biz istəyiriksə ki, gələcəkdə bunlar da həmin Konvensiya çərçivəsində qorunsun, bunlarla bağlı mütləq ayrıca qanunlar qəbul etməliyik. Hətta, deyərdim ki, Qobustanın özü ilə bağlı ayırca bir qanun qəbul olunmalıdır. Düzdür, "Mədəniyyət haqqında" ümumi bir qanunumuz var və hazırda da o qanuna müəyyən əlavə və dəyişikliklər edilməsi üzərində işlər gedir, ancaq istər təbii sərvət, istərsə də mədəni irs nümunələri olsun, onlarla bağlı qanun layihələri işlənilərək parlament müzakirələrinə çıxarılmalı, ətraflı, geniş diskussiyalardan sonra qəbul olunmalıdırlar. Məqamı düşmüşkən, məsələn, qədim yaşayış məskənləri, mağaralarla - konkret olaraq Azıx mağarası ilə bağlı da qanun qəbul etmək olar. Qeyd edim ki, Azıx mağarası Avropa insanının, dünya insanının, bəşər övladının ən ilk yaşayış məskənlərindən biridir. Özü də Azərbaycanda bu tipli bir neçə qədim mağaralar mövcuddur. Odur ki, bunların ümumiləşdirib "Qədim yaşayış məskənləri haqqında" qanun hazırlamaq və sonda onu qəbul etmək olar.

   - Yeri gəlmişkən, üzvü olduğunuz komissiyanın payız sessiyası ilə bağlı ilk iclasında belə bir təklif irəli sürüldü ki, coğrafi yer adları ilə bağlı məsələlərin müzakirəsi daim parlamentin Regional məsələlər daimi komissiyası ilə birlikdə reallaşdırılsın. Siz buna necə yanaşırsınız?

   
- Bəli, mən də bu təklifin tərəfdarlarından, təşəbbüsçülərindən biriyəm. Hesab edirəm ki, coğrafi yer adları ilə, inzibati ərazi bögüsünə dəyişikliklərlə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb etdiyindən onlar adıçəkilən iki komissiyanın birgə iclaslarında müzakirə olunmalıdır və birlikdə qərar verilməlidir. Çünki coğrafi yer adlarının, inzibati ərazi bölgüsünün dəyişdirilməsi daha çox mədəniyyətlə bağlı məsələlərdir. Ona görə də bur cür məsələlər məhz müştərək şəkildə iki komissiyanın birgə iclaslarında öz həllini tapmalıdır.

 

525-ci qəzet.- 2007.- 20 oktyabr.- S.10.