Bakıda VII Ümumrespublika daxili turizm konfransı keçirildi

 

Sentyabrın 27-də Bakıda "Holiday İnn" mehmanxanasında VI Ümumrespublika daxili turizm konfransı keçirildi. Konfransda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Azərbaycanın geniş turizm imkanlarına malik olduğunu diqqətə çatdıran nazir, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu sahədə bir sıra uğurların əldə olunduğunu söylədi. Ölkəyə gələn turistlərin sayının hər il orta hesabla 25 faiz artdığını deyən nazir, rəsmi statistikaya əsasən, bu ilin ilk 6 ayı ərzində respublikanın müxtəlif bölgələrində 78 mindən artıq turistin istirahət etdiyini diqqətə çatdırdı. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Ə.Qarayev bildirdi ki, son bir ayda müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsi, habelə dünya səviyyəli müğənnilərin paytaxtımıza gəlişi ölkəmizdə turistlərin sayının artmasına səbəb olub.

Eyni zamanda, turizmin inkişafı üçün ölkədə mehmanxanaların vəziyyətinin də yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Nazir bildirdi ki, ölkədə mövcud olan 289 mehmanxananın hamısı bu ildən etibarən lisenziya əsasında fəaliyyət göstərəcəkdir. Lisenziyalar 5 il müddətinə veriləcəkdir. İndiyədək lisenziya almaq üçün 200-ə yaxın mehmanxanadan nazirliyə müraciət daxil olub, onlardan 52-nin xahişi yerinə yetirilib. Nazir xəbərdarlıq etdi ki, bu il dekabrın 30-dək lisenziya almayan mehmanxanaların fəaliyyəti dayandırılacaq.

Ə.Qarayev ölkəyə turist axınını sürətləndirmək məqsədi ilə teatrların, muzeylərin digər mədəniyyət ocaqlarının müasir standartlara uyğun qurulmasının vacibliyini qeyd etdi. Nazir Azərbaycan Turizm İnstitutunun açılmasının bu sahədə mövcud olan kadr çatışmazlıgının aradan qaldırılmasına kömək edəcəyini vurğuladı.

Konfransda "Şəki Saray", "Holiday İnn", "Batabat", "Az-cot", "Retro" "Palıdlı sahil" mehmanxanalarına lisenziyalar təqdim olunub.

Tədbirdə müxtəlif rayonların icra hakimiyyət orqanlarının, habelə, turizm agentliklərinin və mehmanxanaların nümayəndələri çıxış edərək, respublikamızda bu sahədə mövcud vəziyyət barədə məlumat verdilər, qarşıya çıxan müxtəlif problemlərin həlli ilə bağlı təkliflərini bildirdilər.

 

Kino+.- 2007.- 3 oktyabr.- S. 3.