Məmmədli E.

 

Lerik əsl turizm bazasıdır

 

Bu dilbər guşəyə bir az da diqqət artırılsa, həm əhali bir çox problemlərdən azad olar, həm də rayon turistlərin istirahət mərkəzinə çevrilər

 

Ötən sayımızda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramının (2004-2008-ci illər) yerinə yetirilməsi haqqında" fərmanı çərçivəsində Lerikdə son 6 ayda görülən işlərlə oxucularımızı tanış etmişdik. Qeyd etmişdik ki, Rövşən Bağırovun icra başçısı təyin edilməsindən sonra Lerikdə canlanma, bir inkişaf var. Bu barədə söhbətimizi davam etdirmək istəyirik.

 

 

İnvestorlar Lerikdə?

 

Lerik rayon İcra Hakimiyyəti başçısının Sosialqtisadi Məsələlər üzrə müavini Habil Məlikov, Təhsil, Səhiyyə, Mədəniyyət üzrə müavin Elxan Qəmbərov, İctimaiyyət və Siyasi Partiyalarla Əlaqələr Şöbəsinin müdiri Əlipanah Bayramovla maraqlı söhbətimiz xeyli çəkdi. Fürsətdən istifadə edib maraqlandım ki, nə əcəb belə səfalı yerlər investorların diqqətini cəlb etmir? Verilən cavabdan aydın oldu ki, nəinki bu yerlər investorların diqqətini cəlb edir, hətta onların normal işləməsi üçün rayonda hər cürə şərait yaradılmışdır. Məhz investorlara yaradılan normal şəraitin nəticəsidir ki, rayonda yeni istirahət, turist əyləncə mərkəzləri, kərpic və çınqıl zavodu, süfrə sularının istehsalı üçün sexlər tikilmişdir.

Artıq rayonun "Zərinqala" bulağından "Zərinqala", "Zuvand", "Lik-Aqua", Mondigah kəndində "Monidiqo", "Xanbulaq", Pirasora kəndində "Xan+su", Bülüdül kəndində "Bülüdül" adlı süfrə suları qablaşdırılaraq satışa çıxarılmışdır.

 

Bal Lerikin simvoludur

 

Hamımızın bildiyi kimi Lerikin adı gələndə, ilk növbədə təmiz və çox yüksək keyfiyyətli bal yada düşür. Elə investorların diqqətini bu sahə də cəlb edib. öyrəndik ki, arıçılığın inkişafı üçün rayonda hər cürə şərait var. Bu sahənin inkişafı üçün İFAD beynəlxalq şirkəti rayonun əksər vətəndaşlarına arı ailələri vermiş və bu proses indi də davam edir. Yeni yaradılmış "Möcüzə" kiçik müəssisəsində 200-dən artıq arı ailəsinə qulluq göstərilir. Necə deyərlər bal artıq Lerikin simvoluna çevrilmişdir.

Söhbət əsnasında məlum oldu ki, rayonda kənd təsərrüfatının hər tərəfli inkişafı üçün ağır texnikalar çatışmır. Düzdür, son vaxtlar "Aqrolizinq" ASC-nin "Aqroservis" rayon filialı işə başlamış və onun sayəsində bir çox ağır texnikalar güzəştli şərtlərlə fermerlərə icarəyə verilmişdir. Ancaq bu çox azdır. Texnikaların həddindən artıq baha olması onların alınmasında çətinliklər yaradır. Belə başa düşdük ki, dövlət tərəfindən ağır texnikaların qiymətləri dağ rayonları üçün aşağı olarsa, bu həm şəhərlərdə kənd təsərrüfatı məhsullarının bolluğunu yaradar, həm də qiymətləri ucuz olar.

İFAD beynəlxalq təşkilatın dəstəyi ilə rayonun Singədulan və Cəngəmiran kəndlərində heyvandarlığın inkişafı üçün sağlamlıq mərkəzləri yaradılıb.

 

Səhiyyə və mədəniyyət inkişafda

 

Söhbətin bu yerində üzümü Təhsil, Səhiyyə, Mədəniyyət üzrə müavin E.Qəmbərova tutub soruşdum:

- Elxan müəllim, siz rəhbərlik etdiyiniz sahələr barədə son vaxtlar baş verən yeniliklərdən danışsanız, maraqlı olardı.

E.Qəmbərov ixtisasca həkim olduğu üçün, ilk olaraq bu barədə məlumat verməyə başladı. Məlum oldu ki, Rayon Mərkəzi Xəstəxanası bütün növ xəstəlikləri müalicə etmək imkanına malikdir. Burada son vaxtlar müasir diaqnostik aparatlar, "UZİ" və s. avadanlıqlar quraşdırılmışdır. Xəstəxananın dərman ləvazimatların təminatında elə bir problem yoxdur. Rayonun ucqar dağ kəndlərində fəaliyyət göstərən tibb məntəqələrinin inkişafına da xüsusi fikir verilir. Lakin belə kəndlərdə tibb məntəqələrinin maşınla təminatında çətinlik olur ki, bu da bəzən müəyyən problemlər yaradır.

Mədəniyyət və turizm sahəsində də xeyli işlərin görüldüyü barədə Elxan müəllim məlumat verdi. Aydın oldu ki, icra hakimiyyəti başçısı Rövşən Bağırov bu sahəyə də xüsusi diqqət göstərir. Son vaxtlar Lerikin mərkəzində 600 yerlik, müasir standartlara cavab verən "Qaya" şadlıq sarayı tikilmiş və onlar artıq fəaliyyətdədir. Daster kəndində belə şadlıq sarayının və xalça sexlərinin tikintisində işlər davam etdirilir. Artıq hər cürə şəraiti olan, müasir təlabatlara cavab verən 30-dan çox istirahət evi tikilib istifadəyə verilmişdir. Maraqlı hal ondan ibarətdir ki, bu tikintilərdə 300 nəfərdən artıq lerikli işlə təmin olunmuşdur. Bildiyimiz kimi coğrafi şərait rayonu əsl turizm bazasına çevirməyə imkan verir. Elə ona görə də son vaxtlar Lənkəran-Lerik yolu boyunca "Qızıl-Qaya", "Təbəssüm", "Meşəbəyi", "Xəyal", "Elgün", "Babək", "Zuvand-1" və digər turizm və ailəvi istirahət mərkəzləri istifadəyə verilmişdir. Gənclər və İdman Nazirliyinin yaxından köməkliyi ilə müasir standartlara cavab verən rayon stadionun tikintisi davam etdirilir.

 

Təhsilə qayğı var

 

Söhbət zamanı məlum oldu ki, rayon təhsili də diqqətdən kənarda qalmayıb. Belə ki, son vaxtlar 200 şagird tutan Bülüdül kənd orta məktəbi, Sinəbandda 60 yerlik, 32 əlavə sinif otaqları, həmçinin Lərmərud kəndində 192 yerlik məktəb üçün qazanxana və idman zalı tikilib istifadəyə verilmə ərəfəsindədir. İcra başçısı kimi R.Bağırovun apardığı məqsədyönlü işin nəticəsi olaraq məktəb tikintisinə iş adamlarının da cəlb edilməsi müsbət haldır. Məhz onların sayəsində rayon mərkəzindəki 1 saylı məktəbdə əsaslı təmir işləri görülmüşdür. Hliyev Fondunun təşəbbüsü və Neft Şirkətinin vəsaiti hesabına Lerik 3 saylı orta məktəbi üçün əlavə 500 yerlik müasir məktəb binası tikilib istifadəyə verilmiş və məktəb ən müasir avadanlıqlarla təmin olunmuşdur. Hazırda məktəbin istilik qazanxanasının tikintisi başa çatmaqdadır.

 

Şəhid ailələri evlə təmin olunur

 

Sosial-iqtisadi məsələlər üzrə müavin Habil Məlikov əlavə olaraq bildirdi ki, Qarabağ döyüşlərində Lerik rayonundan da şəhid olanlar, əlillər və veteranlar var. Neft Şirkətinin maliyyə dəstəyi ilə şəhid ailələri və əlillər üçün 16 mənzilli, 4 mərtəbəli yaşayış evi tikilmişdir. Şəhid ailələrinə və əlillərə bundan sonra da diqqət artırılacaqdır. Bununla belə digər vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün 18 mənzilli yaşayış binasının tikintisində də işlər davam edir.

Bəli, göründüyü kimi Lerikdə böyük canlanma var. Bu çətin dağ şəraitində rayon rəhbərliyi əhalinin güzəranın yaxşılaşdırılması üçün əlllərindən gələni əsirgəmirlər. Düzdür, Lerikdə də əhalinin, həmçinin rayonun bir çox problemləri var. Elə problemlər var ki, onun həlli bir ay, 5 ay, 1 il vaxt, elələri də   var ki, onun həllinə illər lazımdır. Rövşən Bağırovun icra başçısı təyin olunmasından sonra bu sahədə demək olar buz tərpənib. İnanırıq ki, rayon səviyyəsində mövcud problemlər tədricən aradan qaldırılacaq və Lerik respublikamızın dilbər guşələrindən biri kimi turistlərin istirahət bazasına çevriləcəkdir.

 

Təzadlar.- 2007.- 30 oktyabr.- S.8.