Təbii müalicə ehtiyatları və kurortlar haqqında qanun layihəsi müzakirə olunmuşdur

 

AzərTAc xəbər verir ki, oktyabrın 10-da Milli Məclisin sosial siyasət daimi komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Hadı Rəcəbli gündəlikdə "Təbii müalicə ehtiyatları və kurortlar haqqında" qanun layihəsinin müzakirəsinin nəzərdə tutulduğunu bildirmişdir. Qeyd etmişdir ki, sənədin hazırlanmasında əsas məqsəd Azərbaycanda kurort-sanatoriya fəaliyyətinin genişləndirilməsi və ölkədə istirahət biznesinin inkişafına təkan verməkdir.
Əvvəlcə yeni qanun layihəsi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 17 maddədən ibarət bu qanun Azərbaycanın milli sərvəti olan təbii müalicə ehtiyatlarının və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcəkdir.
Müzakirələrdə iştirak edən deputatlar və əlaqədar nazirliklərin nümayəndələri layihə ilə bağlı rəy və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, belə bir qanunun qəbulu xidmət sahəsində sahibkarlığın inkişafına kömək göstərəcək, regionlarda yeni iş yerlərinin açılmasına imkan yaradacaqdır. Bildirilmişdir ki, Azərbaycanda kurort-sanatoriya fəaliyyətinin genişləndirilməsi turizmin komponentlərindən biridir. Respublikamızın bölgələrindəki təbii müalicə ocaqlarının və şəfa bulaqlarının müasir standartlar səviyyəsində qurularaq insanların istifadəsinə verilməsi beynəlxalq turizmin də diqqətini ölkəmizə yönəldə bilər.
Komissiyanın iclasında layihə ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Təbii müalicə ehtiyatları və kurortlar haqqında qanun layihəsi göstərilən irad və təkliflər nəzərə alınmaqla, birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

 

Azərbaycan.- 2007.- 11 oktyabr.- S.4.