Yusifli R.

 

Nümayəndə heyətimiz Yaponiyada turizm sərgisinə qatılmışdır

 

Bu günlərdə Yaponiyanın Tokio şəhərində keçirilən "JATA World Tourism Congress & Travel Fair" beynəlxalq turizm sərgisinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də qatılmışdır. Bu barədə məlumat verən sözügedən nazirliyin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bizimlə söhbətində dedi: Beynəlxalq sərgidə 6 nəfərdən ibarət folklor sənətkarları və turizm şirkətlərinin nümayəndələri iştirak etmişdir.

"JATA-2007" sərgi salonunun şərtlərinə uyğun olaraq Azərbaycan stendi tərtib edildi və musiqi proqramı üçün ayrılmış, səhnədə müəyyən olunmuş qrafik üzrə, həm də stendimizin qarşısında bir saat intervalı ilə sərgi müddətində rəqs və xalq musiqisi nümunələri nümayiş etdirildi.

Sərgi ərəfəsində, turizm şirkətlərinin nümayəndələri ilə birgə "JATA World Tourism Congress & Travel Fair" beynəlxalq Turizm sərgisi çərçivəsində keçirilən YTAA-nın Konqresində də iştirak etdik. Konqresdə Ümumdünya Turizm Təşkilatının Baş Katibi cənab Françesko Franjialli və Yaponiya Turizm Agentlikləri Assosiasiyasının sədri çıxış etmişdi. Digər rəsmi nümayəndələr də çıxış edərək Yaponiyanın bu günkü və gələcək turizm inkişaf prespektivləri ətrafında fikirlər söylədi.

Bir məqamı diqqətinizə çatdırmaq istəyirik ki, Yaponiyanın Tokio şəhərində keçirilən "JATA World Tourism Congress & Travel Fair" beynəlxalq Turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirak etməsi vaxtında atılan addımdır. Bu faktı sərgidə iştirak edən turist şirkətlərinin sayı, eyni zamanda Azərbaycanın tarix-mədəniyyət abidələrinə, mədəni irsinə və milli dəyərlərinə sərgi müddətində yaponiyalıların göstərdiyi böyük maraq təsdiq edir. Belə ki, bir tərəfdən bu sərgidə ölkəmizin turizm potensialı barədə 14 adda müxtəlif reklam məhsullarının yapon dilində nəşr olunması, digər tərəfdən isə milli rəqslərimizin və muğam mahnılarının nümayişi stendimizin cəlbedici olmasına səbəb olmuşdur.

Bildiyiniz kimi, Azərbaycanın turizm potensialının Yaponiyada belə geniş miqyasda təqdimatı ikinci dəfədir. İlk dəfə Yaponiyanın Naqoya şəhərində mart-sentyabr 2005-ci il tarixində keçirilən "EKSPO-2005 AİCNl" Ümumdünya Sərgisində də turizm potensialı ilk dəfə yapon dilində nümayiş etdirilmişdir. Həmin sərgidə də yaponlar Azərbaycana regional səviyyədə səyahət etməyə böyük maraq nümayiş etdirmişdilər.

Fikrimizcə, "JATA World Tourism Congress & Travel Fair" beynəlxalq turizm sərgisi Azərbaycanın turizm bazarının Yapon turizm bazarına inteqrasiyasına yeni bir imkan, həmçinin yapon turistlərinin tələbi çərçivəsində Azərbaycanın yerli turizm şirkətlərində regional səviyyədə turpaketlər hazırlamaq vərdişi yaradacaq,

Sərgidə ilk dəfə olaraq yapon dilində Avropa Şurasının "Kiyev təşəbbüsü" çərçivəsində nazirliyin iştirak etdiyi "Düma Qafqazda" və "Şərab Yolu" kimi beynəlxalq mədəni turizm marşrutları da Yapon turistlərinə təqdim edilmişdir.

Sərgidə iştirak edən turizm şirkətləri tərəfindən də turist məhsulları təqdim edildi və aidiyyəti üzrə əməkdaşlıq üçün yerli şirkətlərlə məhsuldar-görüşlər keçirildi. Nazirliyin nümayəndəsi kimi bir çox görüşlərdə mən də iştirak etdim, Yapon turistləri regional turpaket təqdim etmək üçün Gürcüstan və İranın turizm şirkətləri ilə danışıqlar apardı və qaneedici nəticələr əldə olundu.

Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları və Yaponiyada təhsil alan tələbələr də sərgi müddətində təqdimat zamanı nümayəndə heyətinə yaxından köməklik göstərdilər.

Ümumilikdə, "JATA World Tourism Congress & Travel Fair" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi adından ölkənin turizm potensialının təqdimatı yüksək və təmtəraqlı səviyyədə keçirilmişdir. Ümid edirik ki, bu sərgi Yaponiya ilə Azərbaycan arasında turizm əlaqəlirinin genişlənməsinə yeni bir təkan verəcəkdir.

 

Respublika.- 2007.- 5 oktyabr.- S. 4.