II Respublika yaradıcılıq festival-müsabiqəsinə yekun vurulmuşdur

 

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin II Respublika yaradıcılıq festival-müsabiqəsinə yekun vurulmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın icrasını təmin etmək istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Nazir qeyd etmişdir ki, qacqın və məcburi köçkün yeniyetmə və gənclərin II Respublika yaradıcılıq festival-müsabiqəsi gənclərə dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən biridir.
A.Rəhimov rəhbərlik etdiyi nazirliyin gələcəkdə bu festival-müsabiqəni beynəlxalq səviyyədə keçirmək niyyətini açıqlamışdır. Nazir demişdir ki, məqsəd istedadlı qaçqın və məcburi köçkün gənclərimizi dünya səviyyəsində tanıtmağa nail olmaqdır.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, bu tədbirlərin keçirilməsi çox vacib və əhəmiyyətlidir. Ə.Həsənov qeyd etmişdir ki, vaxtilə ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərin qayğılarının ölkənin bir nömrəli problemi olduğunu dönə-dönə vurğulamışdır. Natiq ölkə Prezidenti İlham Əliyevin bu problemi həll etmək istiqamətində gərgin fəaliyyət göstərdiyini, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması naminə beynəlxalq miqyasda apardığı məqsədyönlü siyasəti tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Ə.Həsənov demişdir ki, festival-müsabiqədə çıxış edən gənclərin əksəriyyəti öz doğma yurdunu görməmişdir. Lakin gün gələcək onlar öz istedadlarını doğma Qarabağ torpağında nümayiş etdirəcəklər.
Rəsm, musiqi və bədii qiraət nominasiyaları üzrə keçirilən festival-müsabiqənin 7-17, 12-16, 17-29 yaş hədlərində müəyyən edilmiş qaliblərinə müvafiq olaraq birinci, ikinci və üçüncü dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.
Festival iştirakçıları qaliblərin ifasında qala konsertini dinləmiş və teatrın foyesində rəsm nominasiyası üzrə yüksək yerləri tutmuş qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin əsərlərindən ibarət sərgiyə tamaşa etmişlər.

 

Azərbaycan.- 2007- 16 oktyabr.- S.8.