Azərbaycanlı rəssamın İstanbulda sərgisi açılıb

 

İstanbulun Kadıköy rayonundakı "Böyük Klub"da azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin sərgisi açılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, S.Babayevin yaratdığı sənət emalatxanasında yetişən tələbələrdən bir qrupu müəllimləri ilə birlikdə sulu boya, pastel və yağlı boya tablolarını İstanbulun ən önəmli sənət mərkəzlərindən biri olan "Böyük Klub"da tamaşaçıların mühakiməsinə təqdim edib. Sərginin açılışında çıxış edən Kadıköy bələdiyyəsinin sədri Səlami Öztürk Sadıq Babayevin müasir türk rəngkarlıq sənətinə bəxş etdiyi töhfələrdən danışaraq Kadıköydə sənətin inkişafına göstərdiyi xidmətlərə görə ona təşəkkür edib. Sərgi oktyabrın 31-nə qədər davam edəcək. Bu, azərbaycanlı rəssam Sadıq Babayevin Türkiyədə tələbələri ilə birlikdə açdığı 12-ci qrup sərgisidir. Keçən ilki müvəffəqiyyətlərinə görə S.Babayevə Kadıköy bələdiyyəsinin "Şərəf mükafatı" təqdim edilib.

1952-ci  ildə Tərtər rayonunda anadan olan Sadıq Babayev Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Sankt-Peterburqda isə V.İ.Muxina adına Rəssamlıq Akademiyasını bitirib. Yaradıcılığına 1996-cı ildən bəri Türkiyədə davam edən S.Babayevin qurduğu incəsənət emalatxanalarında 40 tələbə təhsil alır. Azərbaycan rəsm sənətinin Türkiyədəki önəmli təmsilçilərindən olan S.Babayev indiyə qədər 15 fərdi sərgi açıb. O, Türkiyədə əsərləri baha qiymətə satılan bir neçə azərbaycanlı rəssamdan biridir.

 

Yeni Azərbaycan.- 2007.- 20 oktyabr.- S. 11.