Bayramov İ.
Ağstafada rəsm
qalereyası
Bir neçə ay
əvvəl rayon mədəniyyət və turizm
şöbəsinə şad xəbər daxil oldu. Respublika
Mədəniyyət və Turizm naziri Ə.Qarayev 31 may 2007-ci
il tarixdə Ağstafa rayonunda Dövlət Rəsm Qalereyasının
yaradılması barədə əmr imzaladı.
Rayonun sosial
həyatı üçün önəmli olan bu məlumata
aydınlıq gətirmək üçün
mədəniyyət və turizm şöbəsinin müdiri
Gülgün Kərimovla görüşdük. O bildirdi ki, bu
təşəbbüsü rayon İcra Hakimiyyətinin
başçısı Cümşüd Musayevin
razılığı ilə nazirlik qarşısında biz
qaldırmışıq. İlin əvvəlində rayon
mərkəzi kitabxanası yeni binaya
köçürüldükdən sonra həmin binada
qalereyanın yaradılmasını nəzərdə tutduq.
Lakin uzun illər burada təmir-bərpa işləri
aparılmadığından bina tamamilə yararsız hala
düşmüşdü. Odur ki, binanın əsaslı
təmirə ehtiyacı var idi.
Respublika Mədəniyyət
və Turizm Nazirliyi qarşısında məsələ
qaldıranda şöbənin balansında olan məhz bu binada
qalereyanın yerləşdirilməsi və binada əsaslı
təmir işləri görülməsini xahiş etdik.
Nazirlik tərəfindən təklifimiz və xahişimiz
nəzərə alındı və konkret tədbirlər
görüldü. Yeri gəlmişkən, mən bizə
göstərdiyi diqqət və qayğıya görə
Mədəniyyət və Turizm naziri Ə.Qarayev
cənablarına öz dərin minnətdarlığımı
bildirirəm. Əlbəttə, bu qalereyanın
fəaliyyətə başlaması ilk növbədə rayon
əhalisinin müxtəlif təbəqələri arasında
təsviri, dekorativ sənətə marağın artmasına,
estetik tərbiyənin güclənməsinə, xalq
incilərinin müdafiəsinə, milli mədəni irsin
qorunmasına öz təsirini göstərəcəkdir. Bundan
başqa qalereyanın nəzdində rəssamlıq kursunun da
açılmasını nəzərdə tutmuşuq.
G.Kərimovun
məlumatından sonra qalereya üçün
nəzərdə tutulmuş binada aparılan təmir-bərpa
işlərinin gedişi ilə də maraqlandıq.
Bildirdilər ki, bu işlə Yaşar Aslanovun direktor
olduğu "Səma" Məhdud Məsuliyyətli
cəmiyyət məşğul olur. Y.Aslanovla
söhbətdən öyrəndik ki, qalereya üçün
ayrılmış bu binanın əsaslı təmir
olunması məqsədi ilə Respublika Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən 18 min manat vəsait
ayrılmışdır. Ötən müddətdə
binanın dam örtüyü tamamilə
dəyişdirilmiş, tavan və döşəməsi
sökülmüş, qapı-pəncərələr dəyişdirilərək
yenisi ilə əvəz edilmişdir. Bir sözlə,
indiyədək binada 8 min manatlıqdan çox
təmir-bərpa işləri aparılmışdır.
Y.Aslanovla söhbət
zamanı o, MMC-nin işçilərindən dülgər
Məmmədəli Orucovun, suvaqçılardan Mayıl
Muradovun, İsrafil Nəsibovun, briqadir Etibar Nəsibovun
adlarını məmnunluqla çəkdi. MMC-nin direktoru
həmçinin onu da bildirdi ki, hazırda binanın
daxilində və fasad hissəsində suvaq işləri
başa çatır. Bir neçə gündən sonra
döşəmə və tavan vurulacaq, elektrik xətti
çəkiləcəkdir. Əgər işimizdə
maliyyə çətinliyi yaranmasa nəzərdə
tutmuşuq ki, sentyabr ayının sonunda və yaxud oktyabr
ayının əvvəlində bütün işləri
yekunlaşdıraq.
Hazırda binada qızğın iş gedir. İnşaatçılar rayonun sosial
həyatında yenilik
yaradan, şəhərin
gözəlliyini artıran
daha bir binanın istifadəyə
verilməsi üçün
var qüvvələrini
sərf edirlər.
Mədəni-maarif.- 2007.- № 9.- S. 12.