Qaliboğlu E.

 

Muzey Mərkəzində Naira Rüstəmovanın sərgisi açılıb

 

Sərgi təbiətin nemətləri mövzusundadır

 

Rəssam Naira Rüstəmovanın ötən həftə sonu Muzey Mərkəzində açılan fərdi sərgisi yaddaqalan məqamlarla diqəti cəlb edir. Ötən ilin sonunda Azərbaycanın 4 rəssamı ilə birgə elə bu salonda sərgi açan Naira xanım indi müstəqil çıxış etmək qərarına gəlib. 52 əsərini sərgiyə çıxaran gənc rəssam hiss olunur ki, son aylar daha məhsuldar işləyib. Sərgi demək olar, tamamilə təbiətin nemətləri mövzusundadır. Rəssam tamaşaçını maraqlandırmaq üçün maraqlı biçim tapıb. Belə ki, əsərlərin sərgiləndiyi 3 zalın birincisində çoxsaylı qarpızlar, ikincisində üçüncüsündə isə bunlardan daha çox sayda balqabaqlar döşəmədə ekzotik bir biçimdə səliqə ilə yerə düzülüb. Divarlar boyunca sərgilənən əsərlər isə tamaşaçının ağlında gerçəkliklə sənət arasında olan həm fərqi, həm müəyyən çalarlarda oxşarlığı nəzərə çarpdırır.

Hər şeydən əvvəl bu sərgi sanki gözəl bir təbiət lövhəsidir. Rəssam xanım rənglərdən məharətlə istifadə edə bilib. Əsasən isti rənglərin çoxluğu diqqəti cəlb edir. Bəlkə sərginin payızda açılması bu mənada təsadüfi deyil. Adətən payız təbiətin bol-bəhrəli çağıdır, digər tərəfdən təbiət min bir rəngə bürünür.

Təbiətin nemətləri, konkret olaraq bostan məhsulları obrazlaşdırılır, ilin yay fəslində tez-tez gördüyümüz, az qala gözümüzün yağır olduğu qarpız, balqabaq, badımcan, acı bibər, şirin bibər, pomidor s. burada dəfələrlə, iri, kiçik planda təqdim edilir: kəsilmiş, müxtəlif profillərdən çəkilmiş badımcanlar, gülə oxşar meyvələr, qaza oxşar badımcanlar onun əsərlərində mənalandırmanın güclü olduğunu göstərir.

Çox zaman bu obrazlaşdırma absurd xarakter kəsb edir. Lakin tamaşaçı ilk növbədə bu əsərlərdə təbiətin min bir çalarını, rəng palitrasını görür, müşahidə edir. Həyat qəribəliklərlə doludur. Təbiətin nemətləri sanki gül açıb. Naira xanımın əsərlərində bəzən sürreallıq aparıcı olur. Məsələn, onun bir əsərində balqabaqlar hədsiz iri planda təsvir edilib, bunların hər biri iri ot tayasına oxşayır. Rənglər yerli-yerindədir. Ümumiyyətlə, Naira xanımın əsərlərində obrazlaşdırma güclüdür. Amma bu əsərlərdə sənətin həmişə müraciət etdiyi insan obrazının qarşılaşdırılmasına az rast gəlinir. Əslində isə təbiətin hansı məqamına baxırsan, orada insan var.

Rəssamın insan obrazlarına həsr etdiyi əsərləri sərgidə yer alıb. Böyük ölçülü əsərlərdən biri limonun obrazlaşdırılmasıdır. Kəsilmiş limon parçası sanki dünyaya günəş kimi işıq saçır. ­Bu əsər xüsusilə uğurlu alınıb.

 

Xalq cəbhəsi.- 2007.- 2 oktyabr.- S.14.