Qaliboğlu E.
Təbiət özü ən böyük rəssamdır
Adil Şıxəliyev: "Təbii
boyalar yüz illərlə yaşayır"
Adil Şıxəliyev qobelen üzrə peşəkar rəssamdır.
Qubada anadan olub. Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib, gənc yaşında
SSRİ Rəssamlar İttifaqının
üzvü seçilib.
Onunla qobelen sənətinin özünəməxsusluğu,
yaradıcılığı barədə söhbət
etdik.
- Sovet
dövründə rəssam
kimi tanınmaqla indi tanınmaq arasında hansı fərqlər var?
- Sovet vaxtında tanınmaq çox çətin idi. Əsərinə o dövrün ağsaqqal
rəssamları baxıb
qiymət verirdilər,
sərgilərə düşmək
üçün böyük
müsabiqələr olurdu.
O vaxtı SSRİ Rəssamlar
İttifaqı üzvlərinin
sayı 200-ə də
çatmırdı. Yəni
hər adam
"rəssamam" deyə
meydana çıxa bilməzdi.
- Yaradıcılığınızdan
daha çox qobelenlə məşğul
olmusunuz.
- Elədir,
bütün mehrimi qobelenə saldım. Xalqımızın tətbiqi sənətdə
qazandığı uğurlar
tarix boyu dünyada məşhurdur.
Xalça, palaz, şəddə
və s.-in hamısı
ayrı-ayrı texnologiyalarla
toxunur. Rəhmətlik Lətif Kərimov
bunların qaydası ilə bağlı araşdırma kitablar yazıb. Qobelendə isə bunların
hamısı birləşir.
Burada rəssamdan böyük məharət tələb
olunur ki, istədiyi kompozisiyanı bu və ya
digər texnologiya ilə yarada bilsin.
- Oxucu üçün aydın olması üçün izah edəydiniz, qobelen necə yaranır?
- Qobelendə
rəssam əvvəlcə
fikrini eskiz formasında yaradır. Şübhəsiz ki, burada da əsas məsələ
rəssamın ideyaya malik olmasıdır.
Şəxsən mənim üçün
istifadə edəcəyim
rənglər qeyri-adidir.
Sapları özüm boyayıram.
Bu məqsədlə təbii boyalardan istifadə edirəm.
Boyaları təbiətdən, yəni otlardan, ağaclardan alıram.
Rəssam sözünü toxuduğu anda deyir. Adətən mən öz
qobelenlərimi toxuculara
vermirəm. Bu sahədə məlum olan bütün texnologiyalardan sərbəst
istifadə edirəm.
Öz qobelenimi yüzlərlə
qobelenin içindən
tanıyıram.
- Bu, onu göstərir ki, əllə təbii olaraq yaradılan hər hansı bir tətbiqi sənət nümunəsi konveyerlikdən
qat-qat artıqdır.
- Əlbəttə, təbiiliyin
yerini heç nə vermir. Bəlkə də
mən fikrimi tam çatdıra bilmirəm,
amma əsər üzərində işləyəndə
tamam başqa oluram. Bu və
ya digər sənət növləri
bir xalq olaraq zəngin imkanlara malik olduğumuzu sübut edir.
- Qobelenin bir yaradıcılıq
janrı olaraq kökü haradan gəlir?
-
"Qobelen" sözünün
mənşəyi maraqlıdır. "Qobel" fransız familiyasıdır. Vaxtilə tarixdə
şpalerlər olub.
Şpaler tarix boyunca rəsm əsəri kimi toxunub. Yeni dövrdə Fransanın üzləşdiyi
çoxsaylı müharibələrin
gedişində bu janr hətta az qala yox olmuşdu. Qobel qardaşları bu janrı yenidən diriltdilər. Onlar öz
kombinatlarını yaratdılar,
qobelenin kütləvi
istehsalına başladılar.
O vaxtdan da bu sənət növü qobelen adlanmağa başladı.
Bu sənətin
Azərbaycana gəlişinin
tarixi 30-40 ildən o yana getmir.
O dövrdə Azərbaycanda
İncəsənət İnstitutunun
nəzdində qobelen sinfi yaradılmışdı.
Bir neçə nəfər bu sahədə ixtisaslaşdı. Hazırda bu
sahədə istedadlı
mütəxəssislərimiz var. Rəssamlarımız həm
Azərbaycan, həm də Avropa üslubunda qobelenlər yarada bilirlər.
- Tanınmış miniatür
rəssamı Fəxrəddin
Əli diplom işi olaraq çəkdiyi "Babək
Xürrəmidin" əsəri
çox gözəl alınıb.
- Fəxrəddin
Əli, həmçinin
Həsən Yusifov, Faiq İbrahimov o dövrün ilk qobelen üzrə rəssamlarıdır.
Qobelenin başqa yaradıcı janrlardan fərqli cəhətlərinə gəlincə,
özünəməxsusluğu ondadır ki, bir var rəngi
kətanın üzərinə
yaxasan, bir də var, həmin
rəngi yun sap vasitəsilə yerinə qoyursan. Bu, artıq
tətbiqi sənət
olur, toxuma tələb edir. Adətən
bizdə rəng ustalığı deyiləndə
rəssamlar başqa şeyi fikirləşirlər.
Müasir dövrdə tətbiqi
sənət bizə çox gərəklidir.
Bütün daxili foyelərdə,
ümumən çox
yerdə qobelendən istifadə olunur. Qobelen bu və ya
digər yerdə asılanda çox gözəl təəssürat
yaradır.
- Rəngləri təbiətdən
aldığınızı dediniz. Hərdən bu rənglərin
təbiətdə qıtlığı
ilə üzəşirsinizmi?
- Təbiət bu sarıdan çox səxavətlidir.
O, insana hər şey verib, indi də verir.
Xüsusən Azərbaycan təbiətində
çoxçeşidli, əlvan
rənglər var. Bəzən
saatlarla heyran-heyran durub həmin gözəlliklərə baxıram,
doymuram. Bütün bunlar
həm də rəssamın təbiətlə
canlı ünsiyyəti,
əvəzsiz müşahidə
imkanlarıdır. Həm də
gözəl dərk edirəm ki, təbiət özü ən böyük rəssamdır. Bu sarıdan təbiətlə
bəhsə girmək
olmaz.
Düzdür, bu gün sintetik boyalardan istifadə edilir. Haradasa bu, effekt verir. Amma bu, rənglərin
yaşarılığına gətirib çıxarmır,
bir də görürsən, itdi.
Təbii
boyalar isə yüz illərlə yaşayır.
- Qobelen yuyulmalıdırmı?
- Adətən
qobelen yuyulmamalıdır.
Amma baxır o, necə toxunulur və hansı şəraitdə
saxlanılır. Şəxsən mən təbii boyalarla yaratdığım
qobelenin yuyulmasından
heç vaxt narahat olmaram. Çünki rəngini itirməyəcək.
Bəzən qobelendə
fikrimin güclü ifadəsi üçün
süni rəngdən
də istifadə etmişəm, amma bu, çox az olub.
- Mövzu sarıdan yəqin ki, kasadlığınız yoxdur.
- Həyati
müşahidələrim tamdır.
Sovet dövrünün bütün
təzadlı məqamlarını
gördük. Şəxsən mənim üçün hər gün mövzudur. "20 Yanvar" hadisələri
ömrümdə izlərini
buraxıb. Bu faciənin canlı şahidiyəm, yaralanmışam.
Güllə sağ qolumdan dəydi, keçdi. Təsadüfi deyil ki, bu faciəyə bir qobelen həsr
etmişəm. Qolum sağalan
kimi ilk işim bu olub.
Azərbaycanın təbii
varlığını, təbiətini,
sərvətlərini qobelendə
ifadə edirəm. Güzəran qayğılarını həll
etməkdən ötrü
fərdi portretlər də yaradıram.
- Nədən qobelen adətən böyük olur?
- Mövzunun özü adamı məcbur eləyir ki, böyük həcmli olsun. Balaca əsərlə böyük ideyanı vermək çətin olur. Düzdür, mini qobelenlər də var. Mini
qobelenlərdə başqa
materiallardan, mis məftillərdən, müxtəlif
texnologiyalardan istifadə
olunur. Sovet vaxtı Pribaltikada mini qobelenlər istehsal edilirdi. Hətta o dövrdə
mini qobelen sərgiləri də təşkil edilirdi.
- Bu sənət vasitəsilə
güzəran qayğılarınızı
həll edə bilirsinizmi?
- Hazırda 60 yaşımı arxada qoymuşam, bu sənətə möhkəm
bağlanmışam. Başqa
sənətə meyl edə bilmərəm. Sovet vaxtı müəyyən
təşkilatlar qobelen
üçün sifarişlər
verirdilər. İnsafla
desək, dolanmaq olurdu. İndi zamanın tələbləri
çox dəyişib.
Əgər sifariş
olsa, gecə-gündüz oturub toxuyaram, həm də bu, sənətin
inkişafı demək
olar. Rəssamlıq
da edirəm. Fırça həmişə
əlimdədir. Amma mənim başqa rəssamlardan fərqim odur ki, qobelen
toxuya bilirəm.
Yaxşı dolanan rəssamlarımız da
var. Bu sənətlə ardıcıl,
dərindən məşğul
olmaq istəyirəm. Hərdən arzu edirəm ki, emalatxanaya qapılıb qalaydım, ardıcıl işləyəydim.
Rəssam da insandır,
maddi qayğıları
var. Əsərlərim xaricdə
çox sərgilənib.
Bu yaxınlarda Türkiyədə Azərbaycan
xalq tətbiqi sənəti sərgisi oldu. Orada mənim əsərlərim
asılmışdı. Hazırda dünya incəsənətində,
Avropada qobelen aparıcıdır. Avropada
hansısa adamın evində qobelen görürsənsə, belə
təsəvvür yaranır
ki, o adam
çox imkanlıdır.
- Bu gün süni texnologiya ilə çoxlu palazlar toxunur, amma təbii
palazların yerini heç nə vermir.
- Əlbəttə, köhnə, qədimi palazı texnologiya ilə toxunan xalça-palazın yanına qoyanda belə onun gözəlliyi, zərifliyi
o saat hiss
olunur. Qədimi palazların rəng tutumu çox zəngindir. Təəssüf
ki, müəyyən dövrdə Azərbaycanın
kəndlərindən o
palazların çoxu
ucuz qiymətə alındı, aparıldı.
- Qobelendə
bu vaxtacan çəkmək istədiyiniz,
amma çəkə bilmədiyiniz hansısa bir mövzunu gerçəkləşdirmək istərdinizmi?
- Qobelendə Azərbaycanın möhtəşəm
obrazını yaratmaq
istərdim. Düzdür,
güzəran qayğıları
var, amma qətiyyən ruhdan düşmək olmaz
Xalq cəbhəsi.- 2007.- 3 oktyabr.- S. 14.