Rəhimli İ.

 

İşıqdan nur içən, nur yağışlı rənglər

 

Tablo nağılı İşıq və kölgə rəssamlıq sənətinin vacib ünsürlərindən sayılır. Hər rəssamın işığa öz fərdi münasibəti var. Bu fərdi münasibət müxtəlif formalarda onun yaratdığı tabloların mahiyyətinə hopur, roluna nəfəs verir, kompozisiyaya yaraşıq biçir, mövzunun əzəmətini möhtəşəmləşdirir. Sənət ustadlarında kölgəyə münasibətlər də fərdi xüsusiyyətlərlə səciyyələnir. Kölgə daha çox təzad yaratmaq və fəza ənginliyinə nail olmaq üçün istifadə edilir. Ona görə də tablonun məzmun-forma prinsiplərinə uyğun olaraq kölgə qatılaşa, yumşala, tündləşə, bozara... bilər. Məşhur holland rəssamı Rembrand sərt və tünd işıq-kölgə təzadlarında şedevr əsərlər yaradıb. İspaniya boyakarı Qoyyanın gur işıqlı və tünd kölgəli prinsiplərlə işlədiyi əsərlərində poetik zəriflik və psixoloji dramatizm var. Səttar Bəhlulzadənin tünd boyalarında həzin poetiklik, parlaq rənglərlə işlədiyi tablolarda isə lətafətli munislik, ilahi lirizm var. Nazim Bəykişiyevin tablolarının işığı nə qədər boldursa, nə qədər gurdursa, nə qədər həzindirsə kölgə elementləri bir o qədər azdır, bir o qədər güclə seziləndir, bir o qədər mülayimdir. Və hətta mən deyərdim ki, rəssam kölgənin özünü də işıqla verir. Nazimin fərdi üslubunun əsas məziyyətlərindən biri də məhz elə bu əlamətdir. Nazim Bəykişiyevin rəngləri günəş nurunda yuyunmuş romantik nəğmə çələnginə bənzəyir. Həmin çələngin tamaşaçıya bəxş etdiyi ovqat sevinclidir, təbəssümlüdür, qan qaynadandır, duyğuları qanadlandırandır, ruhu coşdurandır. Nazim Bəykişiyevin bütün tablolarında rəng və onun çalarları üstünlük təşkil edir. Bu bəyazlıq, bu ağlıq rəssamın daxili təmizliyinin rənglərdə çiçəklənməsidir. Yazın yaz, payızın payız, qışın qış, yayın da yay çiçəkləri var. Amma əsas mətləb ondadır ki, həmin çiçəklər ətirlidir, nəğməlidir, həzindir, titrəkdir, kövrəkdir. İnsan Nazimin tablolarında bal dadan rəng ətrini, psixoloji ovqatın işığını sanki gözləri ilə içir. Nazim Bəykişiyevin rəngləri istidir. Hətta bəzən bu istilik Abşeronun yay havası kimi adamı içindən qovurur, baxışlarını pörşələyir. Di gəl ki, həmin istiliyin hərarəti tablodan ruhlarımıza keçir, duyğularımızı oxşayır, içimizə qəribə və bəlkə də dərkolunmaz bir rahatlıq, sərinlik verir. Nazim Bəykişiyevin rənglərinin harmoniyasında, ahəngində poetik vüsət var. Elə bilirsən ki, rənglər qolboyun olan məhəbbət aşiqləridir. Rənglərin harmoniyası dodaq-dodağa dayanıb, səssiz məhəbbət nəğməsi pıçıldayan sevgililəri xatırladır. Nazim Bəykişiyevin rəngləri həm gözlə duyulandır, lətafətlidir, həm də dadla seziləndir. Bu lətafətin, bu əsrarəngizliyin behişt təravəti seyrçinin munis hisslərinə tumar çəkir, onu əsəri idraki təfəkkürlə qavramağa kökləyir. Nazim Bəykişiyevin tablolarına lirik romantizm hakim kəsilib. Xaraktercə yumşaq və zərif olan bu romantizm daxilən insanı titrədir, onun xəyallarına qanad verir, əsrarəngizliyə səsləyir. Nazim Bəykişiyev tablolarında sərt və təzadlı rəngləri eyni duyğu ritmində verməyə səy göstərmir. O, daha çox rənglərin çalar "təzadlarını" sapa düzməyi xoşlayır. Buna görə də bir rəngdən pöhrələnən çalarlar obrazlı əlvanlıq yaradırlar. Nazim Bəykişiyevin özünəməxsus rəng yaxısının (buna rəssamlar "mazok" deyirlər) qəribə texnikası var. Elə bil bu yaxılar soldan sağa edilib və belə bir "əyinti" rəssamın işinin romantik kompozisiyasını dolğunlaşdırır. Onun tablolarında rəng yaxıları özü poetik bir ovqatdır və işin detal yerləşdirilməsində (ev, ağac, küçə və s.) tarazlığı tənzimləyir. Nazim Bəykişiyevin boya yaxısı sanki misra-misra verilib. Elə misralardır ki, həm sərbəst şeir formasında "yazılıb", həm də qoşma, bayatı, gözəlləmə ritm-ahəngində sıralanıb. Ona görə də Nazimin lirik tabloları, Abşeron mənzərələri misra-misra qavranılır. Hətta bəzi tablolarında emosional duyğuların leysanına düşürsən. Nazim Bəykişiyevin hansısa məlum məkana qəribə baxım bucağı seçmək səriştəsi var. Həmin baxım bucağında istənilən detal rəssamın kompozisiyasına "uyğun gəlməyəndə" onun yerini məharətlə və cəsarətlə dəyişir. Belə dəyişmədə duyğu və idrak eyni ladda köklənir, rəngin musiqi dili aydın və ifadəli olur. Yeni kompozisiya daha cazibəli, daha yaraşıqlı və daha füsunkar görünür. Nazim Bəykişiyevin ağ, sarı və mavi rəngləri nazlı-qəmzəlidir. Onlar naz ata-ata bir yerdə ülvi paklıqla rəqs edirlər. Rəqs edəndə gah qurşaq-qurşağa dayanırlar, gah qol-boyun olurlar, gah üz-üzə dururlar, gah da dövrə vurub bir-birini məhəbbətlə seyr edirlər. Nazim Bəykişiyevin bəzi tablolarında müqəddəs sevinclə bakirə qüssə bir ahəngdə təcəssüm tapır. Həmin qovuşuqda işin mahiyyəti, mənzərəyə rəssamın öz iç dünyasından baxmaq istəyi üst qatdadır. Rəssam sanki bizi vadar edir ki, onun hiss və duyğularının içindən keçək və qarşımızdakı tabloya məhz həmin ovqatla baxaq. Nazim Bəykişiyevin bir qisim tabloları var ki, mən onlara ümumi ad verməkdə çətinlik çəkirəm. Həmin tablolar zifaf gərdəyində üzündən duvağı qaldırılan gəlin təsiri bağışlayırlar. O duvağın arxasındakı sirri-xuda, cazibə, ülviyyət, duyğu bakirəliyi göz qapaqlarımızı kirpik çalmağa qoymur. Kirpik çalmağa bir də ona görə qoymur ki, biz sanki həmin tabloların ilğımda yox olacağından qorxuruq. Buna görə də onları bütün munisliyi ilə göz yaddaşımızda həkk eləməyə çalışırıq. Nazim Bəykişiyevin yaradıcılığında Abşeron mövzusu xüsusi yer tutur. Abşeronun vurğunu olan, onun təbiətini sevən rəssam yaradıcılığının şah mövzusunu müxtəlif psixoloji ovqatlarda fırçaya alıb. Nazimin günün günorta çağı çəkilmiş Abşeron tablolarında sufilik ovqatı var. Yəqin ki, yaxud bəlkə də, Nazimi heç sufi təriqəti, sufiliyin mənəviyyat dəyərləri maraqlandırmır. Lakin mənim fikrimcə, onun haqqında söhbət gedən tablolarının dərinliklərində duyğuların müqəddəs ilğımı mürgü vurur, insanı ülviyyətə səsləyir. Həmin ilğımda sanki yerlə göy qübbəsi birləşir. Birləşirsə, deməli, rəssamın romantik təxəyyülü ilə reallığı yaradıcılıqla dərk etmək bacarığı vəhdətdə qovuşur. Nazim Bəykişiyevin tablolarında ehtiraslı, coşqun hisslərdən doğan rənglərə də rast gəlmək olar. Təbii ki, bu, ilk növbədə tablonun mövzusundan və onun psixoloji məzmunundan, fəlsəfi dəyərindən asılıdır. Bu öz yerində. Ancaq maraqlısı və diqqətçəkəni odur ki, rəssam həmin hissləri heyrətamiz zərifliklə, yumşaq aydınlıqla verməyə ustalıqla müyəssər olur. Elə bununla da öz üslubuna yeni əlvanlıq və orijinal bənzərsizlik gətirir. SƏHNƏ NAĞILI Nazim Bəykişiyev Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında, Dövlət Gənclər Teatrında onlarla tamaşaya bədii tərtibat verib. Bu əsərlər həm mövzu-problematikasına, həm də yazılma dövrlərinə görə müxtəlifdir. Üstəlik rəssamın işlədiyi rejissorlar da üslub xüsusiyyətlərinə görə müxtəlifdirlər. Deməli, rəssamın hazırlanan tamaşaya forma tapması əsl yaradıcılıq axtarışları, yüksək təxəyyül və kamil estetik zövq tələb edir. Bu keyfiyyətləri mənimsəmiş Nazim Bəykişiyevin quruluş verdiyi tamaşa tərtibatları forma bitkinliyi, kolorit əlvanlığı ilə seçilirlər. Nazim ilk növbədə tamaşanın ideya-bədii dəyərini, rejissorun ali məqsədini tamaşanın bədii tərtibatında təcəssüm etdirməyə çalışır. Onun tərtibatları tamaşanın obrazı kimi səciyyələnir. Rəssam tamaşanın janrına uyğun olaraq rəng variasiyalarını dəyişir. Bu dəyişmələri və müxtəlifliyi şərti olaraq üç prinsipə bölmək olar: Şux və parlaq rənglər; Sərt və soyuq rənglər; Rəmzi detallar və qarışıq rəng çalarları. Birinci bölümə daha çox musiqili komediyalardan "Qızıl toy", "Məzəli əhvalat", "Nəğməli könül", "Məşədi İbad", komediyalardan "Lənkəran xanının vəziri", "Əliqulu evlənir", "Arşın mal alan" (Avstriya, Vyana), "Məşədi İbad" (Türkiyə, Ankara), "Varlı qadın", "Yeddi məhbusə", "Dadaşbala əməliyyatı" əsərlərinə verdiyi tərtibat aiddir. Rəssam sərt və soyuq rənglərdən klassik üslubda və obrazlı şəkildə daha çox dramatik-psixoloji, lirik yüklü tamaşalarda istifadə edir. Misal olaraq "Neron oynayır və ya iblisin komediyaları" (Miklos Xubai), "Ördək ovu" (A.Vampilov), "Günah" (R.Əlizadə), "Yayda qartopu oyunu" (V.Səmədoğlu), "Qızıl dağın kralı" (Dəmir Ehram), "Dəli Domrul" (Kamal Aktay), "Atamın kitabı" (B.Vahabzadə) tamaşalarının adlarını çəkə bilərəm. Rəmzi detallardan və qarışıq rənglərdən istifadə olunmuş tamaşalar daha çoxmonumentallığı və romantik vüsəti ilə diqqətçkəndir. Bu bölümə "Hamlet" (U.Şekspir), "Afət", "İblis" (H.Cavid), "Ölülər" (C.Məmmədquluzadə), "Karmen" (P.Merime), "Qatil" (Elçin), "Dirilən adam" (Mir Cəlal), "Kaş araba aşmayaydı!.." (O.İoseliani) tamaşalarını aid etmək olar. Nazim Bəykişiyevin tərtibatında detallar nə qədər çox olsa da, orta məkan, başqa sözlə, aktyorların ifası üçün meydan həmişə genişdir. Rəssamın monumental ruhlu tərtibatlarındakı əzəmət tamaşanın ideyası və rejissorun ali məqsədi ilə harmonik vəhdətdə uzlaşır. Bu monumentallıq fəlsəfi dəyərlərlə cilalanır, obrazlı təcəssüm tapır. Nazimin tərtibatlarında dekorlar vüsətli və ifadəli, mənalı və koloritlidir. Səhnədən tam və cazibəli görünür. Forma və məzmun xronotopunun estetik bədii həllində rəssam hər dəfə orijinal üslubdan bəhrələnir. Nazim Bəykişiyev quruluş verdiyi teatrda səhnənin texniki ölçülərini dərindən mənimsəyir. Buna görə də onun tamaşalarında kompozisiya bitkindir. Fəza genişliyində poetik vüsət var. Bir sıra tamaşalarda Nazim Bəykişiyevin tərtibatı ikimərtəbəli olur. Bu iki mərtəbə də çox maraqlı və obrazlı detallarla əlaqələndirilir. Məkanından asılı olmayaraq, onun tərtibatlarında aktyorların sərbəst və məzmunlu davranışları, hadisələrə sərbəst daxil ola bilmələri üçün bitkin şərait var. Bir rəssam kimi Nazim Bəykişiyevin rənglərinin mayasında ülviyyət, həzinlik və titrəklik var. Həmin cəhətlər rəssamın fəlsəfi-emosional duyğularını dərindən-dərinə dərk eləmək üçün açardır, əsərlərinin mahiyyətini incədən-incəyə duymaqdan ötəri bələdçidir. Həmin rənglərin ifadə gücünü, fikir dərinliyini, fəlsəfi qənaətlərini dərk etdikcə ilk növbədə tamaşanın bütöv obrazı aydın dərk olunur. Həm də rəssamın idrakının, rəssamın təfəkkürünün qaynarlığı və sakitliyi, çılğınlığı və həlimliyi, poetikliyi və zərifliyi sənətkarın özünün şəxsiyyət obrazını canlandırır.
   
 
525-ci qəzet.- 2007.- 25 oktyabr.- S.7.