Xalq
rəssamı Kamil Əliyev - naxışlarda
əbədiləşən ömür
“Həqiqətən
Kamil Əliyev Azərbaycanda rəssamlıq məktəbinin
çox görkəmli bir nümayəndəsidir. Xüsusən,
rəssamlıq sənətinin çox çətin bir
sahəsi olan xalçaçılıq-rəssamlıq
sənətinin böyük bir rəssamıdır... Onun
əsərləri də Azərbaycan
xalçaçılıq sənətində,
rəssamlıq məktəbində daim yaşayacaqlar və
çox görkəmli əsərlər kimi Azərbaycan
mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqlar”.
Bu sözləri Azərbaycan xalqının ümummilli lideri,
mədəniyyətimizin hamisi Heydər Əliyev demişdir.
Oktyabrın 26-da Azərbaycan xalçaçılıq
sənətinin klassiki, rənglər və ilmələr
sehrkarı Kamil Əliyevin vaxtilə yaşadığı
evin qarşısında xatirə lövhəsi və ev muzeyi
açılmışdır. Xatirə lövhəsində bu
sözlər yazılmışdır: “Azərbaycanın xalq
rəssamı, professor Kamil Əliyev bu evdə
yaşamışdır 1921–2005".
Tədbirdə dövlət və mədəniyyət
xadimləri, ictimaiyyət və KİV
nümayəndələri iştirak etmişlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
lövhənin ağ örtüyünü
götürdükdən sonra, lövhənin
qarşısına tər qərənfillər
düzülmüşdür.
Bu münasibətlə keçirilən tədbiri giriş
sözü ilə Əbülfəs Qarayev açaraq Kamil
Əliyev sənətindən, onun yaratdığı nadir
incilərdən danışmışdır. O bildirmişdir
ki, Azərbaycanın misilsiz maddi-mənəvi
dəyərlərini yaradan, səsi-sorağı
dünyanın bir şox ölkələrinin muzey, qalereya,
sərgi salonlarından, şəxsi kolleksiyalardan gələn
bu istedadlı sənətkarın irsi bu günlərdə
olduğu kimi, gələcək nəsillər
üçün də əvəzsiz örnəkdir.
Mərasimdə çıxış edən Rəssamlar
İttifaqının sədri, xalq rəssamı Fərhad
Xəlilov, Rəssamlıq Akademiyasının rektoru, xalq
rəssamı Ömər Eldarov, sənətşünas alim
Kübra Əliyeva Azərbaycan xalçaçılıq
sənətində öz üslubunu yaratmış
sənətkarın hələ sağlığında
dünya şöhrəti qazandığını
söyləmişlər. Onun yaratdığı “Nizami”,
“Füzuli”, “Nəsimi”, “Atatürk”, “Heydər Əliyev”,
“İlham Əliyev”, “Mir Möhsün ağa”, “A.S.Puşkin”,
“İndira Qandi”, “Rabindranat Taqor”, “Mənim anam” və digər
onlarla görkəmli şəxsiyyətlərin portretləri
və milli ornamentlər nəqş olunmuş xalçalar
bütün dünyanı heyrətə gətirmişdir.
Mərasim iştirakçıları
xalçaçı-rəssamın ev muzeyini gəzmiş,
sənətkarın öz əlləri ilə
yaratdığı rənglərin poeziyasını,
ilmələrin dastanını vərəq-vərəq
oxumuş, işığın, zövqün əbədi
harmoniyasına tamaşa etmiş, füsunkar
əlvanlığa heyran qalmışlar.
Mərasimdə “Kamil Əliyev sənət
kəhkəşanının parlaq ulduzudur” deyən
sənətşünas alim Esmira Fuadın “Azərbaycan
xalça sənətinin Kamili” kitabının
təqdimatı olmuşdur.
Xatirə lövhəsinin və ev muzeyinin
açılış mərasiminə toplaşanlar Kamil
Əliyev dünyasından xoş təəssüratla
ayrılmışlar.
Xalq qəzeti.- 2007.- 27 oktyabr.- S.5.