Abşeronun 40 qrafik kompozisiyası
“Abşeron” Rəsm Qalereyasında tanınmış
qrafika ustası mərhum Sara Manafovanın xatirəsinə həsr
olunmuş sərgi təşkil olunub
“Abşeron”
Rəsm Qalereyasının kolleksiyasından 40 qrafik kompozisiya”
adlı sərgidə 37 nəfər qrafika ustasının
əsərləri sənətsevərlərə təqdim
edilir. Onların arasında
dünyalarını dəyişmiş
sənət adamlarının, qocaman xalq
rəssamlarının, eləcə də orta nəslə
mənsub sənətkarlarımızın sənət
nümunələri yer alıb. Bu mənada ekspozisiyada
maraqlı əsərlər çoxdur. Altay Hacıyevin “Leyli
və Məcnun”u, Siruz Mirzəzadənin “Füzulinin portreti”,
Qəyyur Yunusun “Məcnun”u, Sara Manafovanın güllər
əks olunmuş, pastellə işlənmiş qrafik kompozisiyaları
tamaşaçını valeh edir. Qeyd edək ki, Sara xanım
dünyasını bu yaxınlarda dəyişib. Baba
Əliyevi hamı rəngkarlıq ustası kimi tanıyır.
Onun quaşla işlənmiş “Məhsul bayramı” qrafika
nümunəsi olsa da, əsasən rəngkarlıq
elementləri çoxdur. Əlisəttar Səlimov
Azərbaycanın sulu boya ilə işləyən ən
mükəmməl rəssamıdır. Onun “Kənd
həyatı” və “Müqəddəs işıq”
kompozisiyaları sulu boya texnikasının parlaq
nümunələridir.
”Abşeron” Rəsm Qalereyasının direktoru Eldəniz
İbrahimovun sözlərinə görə, bu sərginin
məqsədi heç də qrafika sənətimizin
bugünkü vəziyyətini əks etdirmək deyil.
Tanınmış qrafika ustası mərhum Sara Manafovanın
xatirəsinə həsr olunmuş bu sərginin əsas
məqsədi - bədii qrafikanın, Azərbaycan təsviri
sənətinin geniş imkanlarını nümayiş
etdirməkdir. Ekspozisiya tərtib olunarkən motiv, məzmun,
texnika, həcm, rəngarənglik əsas
götürülüb. Bu əsərlərin hamısı
heç də şah əsərlər deyil. Lakin kompozisiyalar
bir-birini gözəl tamamlayır və qrafika ustalarımızın
geniş imkanları haqqında mükəmməl
təsəvvür yaradır”. O, sərginin tanınmış
qrafika ustası Sara Manafovaya həsr olunmasını isə
belə əsaslandırdı: “Sara xanım
ölkəmizdə ilk özəl qalereyanın
təşkilini arzulayan rəssamlarımızdan biri olub.
Elə “Abşeron”un ərsəyə gəlməsində
də onun xidmətləri çoxdur”. Həmsöhbətimiz
yeni yaradıçılıq planları haqqında da söz
açdı: “Bir neçə il öncə “Abşeron”
Rəsm Qalereyası kolleksiyasından 40 tablo” adlı sərgi
keçirmiş və eyniadlı kataloq dərc etdirmişik.
Bu dəfə sıra qrafika əsərlərinə
düşdü. Növbədə isə hələ
heykəltəraşlıq və tətbiqi sənət
nümunələri durur. Axı “Abşeron” Rəsm
Qalereyasının kolleksiyası Azərbaycanda ən
böyük kolleksiyalardan biridir”.
Zaman.- 2007.- 18-19 oktyabr.- S.8.