Xəlilzadə F.

 

Mənəvi dəyərlərin ucalığında

 

Millətin mənəvi dəyərlərinin daim yaşaması, qorunması, unudulmaması yolunda fədakarcasına çalışmaq çox çətin olsa da, ümummilli liderimiz Heydər Əliyev bütün fəaliyyəti boyu bu missiyanı şərəflə yerinə yetirdi. Hələ sovet quruluşunun ağır təzyiqləri və diktələri altında çalışdığı illərdə belə milli-mənəvi dəyərlərin hifz edilməsi naminə çox gərəkli addımlar atdı. Azərbaycan musiqisinin, incəsənətinin, ədəbiyyatının inkişafında böyük xidmətləri olan korifey sənətkarlarımızın nəinki SSRİ məkanında, hətta dünyada tanınmasına, şöhrətlənməsinə nail oldu.
Ürəyimiz qürur və fərəhlə döyünür ki, bu şərəfli yolu indi ləyaqətlə davam etdirən ölkə başçımız cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən imzaladığı sərəncamların bir qismi də məhz milli-mənəvi dəyərlərimizlə bağlı oldu.
Möhtərəm Prezident İlham Əliyev mədəniyyətimiz və ədəbiyyatımız üçün vacib əhəmiyyət daşıyan bir sərəncam imzaladı. "Milli ensiklopediyanın və latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi" ilə bağlı olan yeni sərəncam bütün ədəbiyyatsevərlərin, yazıçıların, oxucuların ürəyincə oldu. Məlumdur ki, yeni əlifba ilə əlaqədar olaraq müasir oxucular, xüsusilə də gənclər Azərbaycan ədəbiyyatının gözəl nümunələrini oxumaqda bir növ çətinlik çəkirdilər. Bu səbəbdən də müstəqillik dövründə təhsil alan uşaqların folklorumuzdan, dünya ədəbiyyatının incilərindən mükəmməl xəbərdar olmaları üçün kütləvi nəşrlərin latın qrafikasında həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki müasir və gələcək nəsillər mədəniyyətin, ədəbiyyatın ən gözəl nümunələrindən layiqincə bəhrələnmək, tərbiyə almaq üçün mütləq onları oxumalıdırlar. Sərəncam həyata keçirildi. Azərbaycanın tanınmış yazıçı və şairlərinin, folklorşünaslarının kitabları yeni qrafikada işıq üzü gördü. Məhz bu sərəncamın davamı kimi 2007-ci ildə dünya ədəbiyyatı incilərinin bir qisminin latın qrafikasında çap edilməsi üçün ölkə başçısı növbəti sərəncam verdi. Ədəbiyyata, mədəniyyətə göstərilən bu xüsusi diqqət və qayğı yenə də ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
Məlumdur ki, ümummilli lider Heydər Əliyev İçərişəhərin mühafizəsi ilə bağlı vaxtilə bir neçə sərəncam imzalamışdır. 2006-cı il avqustun 18-də Prezident İlham Əliyev bu işin uğurlu davamı kimi "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi memarlıq abidələrinin bərpası və qorunması haqqında" sərəncam verdi. İçərişəhərlə bağlı imzalanan bu sərəncamda Bakının nadir tarixi memarlıq abidələri ilə bağlı bir sıra ciddi məsələlər qaldırılaraq əlaqədar təşkilatların diqqətinə çatdırıldı. Cənab İlham Əliyevin 2 aprel 2007-ci ildə imzaladığı "Azərbaycan Respublikasında monumental heykəltəraşlıq abidələri, xatirə, monumental və memarlıq kompleksləri haqqında" imzaladığı sərəncamda deyilir: "Monumental heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil olmuş bütün abidələr, xatirə memorial və memarlıq kompleksləri öz plastik forma rəngarəngliyi, koloriti və estetik təsir gücü ilə səciyyələnir. Həmin əsərlər insanların tarixini - mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edir". Bu sərəncamla əlaqədar müəyyən strukturlar, aidiyyəti təşkilatlar ölkə başçısının tövsiyələrini yerinə yetirmək üçün həqiqi mənada fəallıq göstərdilər. Bu sahədə maraqlı müqayisələr də aparmaq olar. Məlumdur ki, Azərbaycan Dövlət Filarmoniyası fəaliyyətə başladığı (XIX əsrin əvvəllərində) gündən XX əsrin sonlarınadək o qədər də ciddi təmir edilməmişdi. Bu mədəniyyət ocağının bu gün şəhərin qızıl tacına çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin birbaşa zəhmətidir. Filarmoniya məhz ulu öndərin sərəncamı əsasında yenidən həyata qaytarıldı. Filarmoniyaın yaxınlığında yerləşən Yaşıl Teatr da baxımsızlıq ucbatından, demək oalr ki, tamamilə sıradan çıxmışdı. Vaxtilə şəhərin çox qaynar və sevilən mədəniyyət ocaqlarından biri olan Yaşıl Teatrın yenidən tamaşaçıların ixtiyarına verilməsi məhz İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində mümkün oldu. Yaşıl Teatr bu gün dünya standartlarına cavab verən açıq səma altında yerləşmiş, əsrarəngiz gözəlliyə malik bir konsert salonudur. Burada təkcə azərbaycanlı sənətçilər deyil, xarici ölkələrdən gəlmiş ifaçılar da böyük məmnuniyyətlə konsert verirlər.
Mədəni irsin qorunması və təbliğ olunması işində muzeylərin rolu əvəzsizdir. Ən qədim zamanlardan müasir dövrədək xalqımızın tarixini və mədəniyyətini əks etdirən nadir sənət incilərinin muzeylərdə hifz olunması, nümayiş etdirilməsi ənənəsi illərdir ki, öz ahəngindədir. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Ulu öndərimiz hakimiyyətə qayıtdıqdan sonra bu sahədə əsaslı dönüş yarandı. İlk növbədə bu qiymətli incilərin, mədəniyyətlə, tarixlə bağlı eksponatların, etnoqrafik əşyaların qorunub saxlandığı muzeylərin özünün qorunması diqqət mərkəzinə çəkildi. Ölkə Prezidenti cənab İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. 18 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" sərəncam imzaladı. Dövlət başçısı bungan bir gün sonra "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" növbəti sərəncama imza atdı. Bu, muzey işinə dövlət qayğısının aydın təzahürü və yeni çalarlarıdır. Maraqlıdır ki, bu sərəncamlar həyata keçdikcə qarşıya yeni problem və vəzfiələr də çıxmaqdadır. Bu səbəbdən cənab İlham Əliyev 6 mart 2007-ci ildə "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" növbəti sərəncam imzaladı. Həmin sərəncamda deyilir: "EÖlkə muzeylərinin mövcud vəziyyəti bu sahədə təxirəsalınmaz əlavə tədbirlərin həyata keçirilməsi zərurətini doğurmuşdur. Bir çox muzeylərin yerləşdiyi muzey mərkəzinin hazırkı mənzərəsi onun son dərəcə ciddi təmirə ehtiyacı olduğunu göstərir. 40 il əvvəl dünyada ilk dəfə olaraq yaradılan, unikal eksponatlarla zəngin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi müasir, beynəlxalq standartlara cavab vermir". Ölkəmizin mədəni həyatının inkişafı baxımından çox əhəmiyyətli olan bu sərəncamda əlaqədar təşkilatlara, xüsusilə də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə bir vəzifə olaraq tapşırıldı ki, muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulması, nümayiş etdirilən eksponatların azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması təmin edilsin. Hazırda Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı muzeylərində əsaslı yenidənqurma və təmir işləri getməkdədir. Cənab İlham Əliyevin özü şəxsən həm muzeylərin təmiri ilə, həm də Heydər Əliyev adına sarayda gedən yenidənqurma işləri ilə tanış olaraq orada çalışan insanlara lazımi məsləhətlərini vermişdi.
Tarixin maraqlı və yaddaqalan səhifələrinə çevrilən son dörd il müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də diqqətçəkən hadisələrlə zəngindir. Hər dəfə ötən illərə nəzər salanda bir fərəhin şahidi oluruq ki, mədəniyyət həmişə dövlətin və cəmiyyətin diqqətində dayanmışdır. Mədəniyyətə göstərilən qayğı, diqqət, çəkilən xərc bəhrəsini verməkdədir. Bu səbəbdən də hər bir milli mədəniyyət hadisəsi Azərbaycan dövlətçiliyinin, Azərbaycan müstəqilliyinin təntənəsi kimi dəyərləndirilir. Xalqları və millətləri bir-birinə daha çox yaxınlaşdıran, isti münasibətlərə qovuşduran mənəvi dəyərlərdir. Demək olar ki, son dörd ilin hər ayında mədəniyyət tariximizin müəyyən səhifələrini naxışlayan, ürəkaçan tədbirlərin, mərasimlərin şahidi olmuşuq. Doğma xalqına ünvanladığı bayram təbriklərinin birində dövlət başçısı İlham Əliyev belə bir ifadə işlətmişdir: "Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir". Bu dörd ildə həyata keçirilən tədbirlər göstərdi ki, cənab Prezident öz vədinə sadiq qaldı. Bu illər ərzində Azərbaycanın bütün bölgələrində elə yeniləşmə baş verdi ki, bu da fərəh, sevinc doğurdu. İmzalanan sərəncamlarda milli ədəbiyyata, musiqiyə, sənətə böyük məhəbbət və qayğı duyuldu. "Molla Nəsrəddin" jurnalının nəşr edilməsinin 100 illik yubileyinin dövlət tərəfindən qeyd edilməsi, müxtəlif yazıçı və şairlərin yubileylərinin unudulmaması mədəni həyatımızın zənginliyindən xəbər verir.
2005-ci ildə Rusiyada Azərbaycan ili, 2006-cı ildə Azərbaycanda Rusiya ili keçirildi. Hər iki tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak etdilər. Milli mədəniyyətləri zənginləşdirən və genişləndirən bu cür tədbirlərin keçirilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
Heydər Əliyev Fondunun Azərbaycan muğamlarına göstərdiyi sonsuz məhəbbət və diqqət həm bu sahənin bilicilərini, həm də xalqımızı ürəkdən sevindirdi. Hətta muğam ustaları inana bilmirdilər ki, qədim mədəniyyət incilərimizə bu dərəcədə ehtiramla yanaşmaq, onu şouların əlindən xilas etmək mümkün olar. Cənab İlham Əliyevin Bakıda Muğam evinin tikilməsi ilə bağlı imzaladığı sərəncam sənət fədailərini hədsiz dərəcədə məmnun etmişdir. Xalq artisti Arif Babayev söyləyir ki, nəhayət, bizim də gedəcək yerimiz olacaq.
Dörd ilin yaddaqalan məqamlarından biri də müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi oldu. Bu günlərin uğurlu alınmasında əsas səbəb ilk növbədə ölkə başçısının göstərdiyi diqqət və qayğıdır.
Əgər dörd il ərzində Azərbaycan mədəniyyət, incəsənət, ədəbiyyat, elm xadimlərinə göstərilən xüsusi qayğını, verilən mükafatları, fəxri adları və başqa təltifləri ardıcıl siyahıya alsaq, çox böyük bir rəqəm alınar. Onlarla sənətkara müxtəlif fəxri adlar verildi, Prezident mükafatçısı, Prezidentin fərdi təqaüdçüsü sevincini yaşayanlar da çoxdur. Neçə-neçə insanın mənzil şəraitinin yaxşılaşdırılmasına ölkə başçısı tərəfindən diqqət göstərilmişdir. Mədəniyyət sahəsində çalışan insanların əmək haqlarının artırılması haqqında dövlət başçısı bir neçə dəfə sərəncam imzaladı. Dövlət büdcəsindən maliyyələşən mədəniyyət müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək üçün aylıq vəzifə maaşları 2006-cı il dekabrın 1-dən orta hesabla 25 faiz artırıldı. Mədəniyyət xadimləri göstərdiyi xidmətə və yubileyləri ilə əlaqədar vətənin müxtəlif orden və medallarına layiq görüldülər.
6 il öncə İçərişəhərin YUNESKO-nün Dünya İrs siyahısına salınması tarixi bir hadisəyə çevrildi. Sevindik ki, İçərişəhər təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəniyyət incisidir. Bu il isə Qobustan Dövlət Tarixi Bədii Qoruğu Dünya İrs siyahısına salındı.
Dörd il boyunca baş verən hadisələri nəzərdən keçirdikcə gəldiyimiz qənaət belə oldu ki, bu istiqamətdə atılan hər bir addımın məqsədi mənəvi dəyərlərimizə yaxınlaşmaq, onu qorumaqla müasirliyə qovuşmaq və bütün bunları ləyaqətlə gələcək nəslə çatdırmaqdır. Azərbaycan mədəniyyəti dünyaya sürətlə inteqrasiya olunmaqdadır. Bu işin daha da uğurla həyata keçməsində ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü, eləcə də Heydər Əliyev Fondunun hazırladığı faydalı layihələrin səmərəsi danılmazdır.

Azərbaycan.- 2007.- 28 oktyabr.- S.7.