Niftəliyev E.
Sloveniyada Mehdi
Hüseynzadənin abidəsi açılmışdır
Oktyabrın 25-də Sloveniyanın Nova Qoritsa
şəhərinin yaxınlığındakı Şempas
qəsəbəsində Azərbaycanın igid oğlu, Sovet
İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin
abidəsinin təntənəli açılış
mərasimi keçirilmişdir.
Sloveniyada Mehdi Hüseynzadənin abidəsinin ucaldılması
2006-cı ilin avqustunda Azərbaycan Prezidenti İlham
Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı
razılaşdırılmışdır. Azərbaycanın
Avstriyadakı və eyni zamanda Sloveniyada akkreditə olunmuş
səfirliyi ötən ilin sentyabrından başlayaraq bu
layihənin həyata keçirilməsi ilə
məşğul olmuşdur.
Abidənin açılış mərasimində
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin
Əfəndiyevin başçılıq etdiyi geniş
tərkibli nümayəndə heyəti, ölkəmizin
Avstriyadakı səfiri Fuad İsmayılov, səfirliyin
əməkdaşları, Sloveniya Xarici İşlər
Nazirliyi MDB və Şərqi Avropa Ölkələri
İdarəsinin rəisi xanım səfir Ada Filip-Slivnik, Nova
Qoritsa şəhərinin meri Milko Brulç, əfsanəvi
partizan M.Hüseynzadə ilə çiyin-çiyinə
vuruşmuş silahdaşları və yerli sakinlər
iştirak etmişlər.
Nümayəndə heyəti əvvəlcə Nova Qoritsa
şəhərinin meri Milko Brulç ilə
görüşmüşdür. Görüşdə
M.Hüseynzadənin abidəsinin açılışı,
ikitərəfli əməkdaşlıq imkanları, turist
mübadiləsi və digər məsələlər
müzakirə olunmuşdur. Eyni zamanda Nova Qoritsa regionu ilə
Azərbaycanın regionlarından biri arasında
əməkdaşlıq əlaqələrinin
yaradılması haqqında ilkin fikir mübadiləsi
aparılmışdır.
Sonra qonaqlar Vitovlye kəndində M.Hüseynzadənin həlak
olduğu yerə baş çəkmiş,
qəhrəmanın memorial abidəsi önünə əklil
və gül dəstələri düzmüşlər.
Baş nazirin müavini Elçin Əfəndiyev
M.Hüseynzadəni şəxsən tanıyan kənd
sakinləri ilə səmimi söhbət etmişdir.
Daha sonra Şempas qəsəbəsində
M.Hüseynzadənin abidəsinin təntənəli
açılış mərasimi keçirilmişdir.
Tədbirdə Sloveniya tərəfindən Nova Qoritsa
şəhərinin meri M.Brulç, xanım səfir Ada
Filip-Slivnik və yerli veteranlar şurasının
rəhbəri çıxış edərək
M.Hüseynzadənin Sloveniyada milli müqavimət
hərəkatının qəhrəmanı olduğunu,
faşizmə qarşı rəşadətlə
döyüşdüyünü və Sloveniya xalqı
tərəfindən daim böyük ehtiramla yad edildiyini
bildirmişlər. Onlar bu abidənin
açılışının ölkələrimiz
arasında əlaqələrin inkişafına öz
töhfəsini verəcəyinə ümidvar
olduqlarını bildirmişlər.
Baş nazirin müavini Elçin Əfəndiyev
mərasimdə çıxış etmiş və
Azərbaycan Prezidenti İlham Əliyevin səmimi
salamlarını mərasim iştirakçılarına
çatdırmışdır. Baş nazirin müavini
bildirmişdir ki, II Dünya müharibəsində faşistlərə
qarşı şücaətlə döyüşən
M.Hüseynzadə təkcə Azərbaycanın deyil, həm
də indiyədək onu böyük ehtiramla sevən Sloveniya
xalqının da övladı və
qəhrəmanıdır. O, vətənini hədsiz
məhəbbətlə sevən M.Hüseynzadənin ruhunun
öz yaxın qohumlarının və Azərbaycandan
gəlmiş həmvətənlərinin iştirak etdiyi bu
əlamətdar gündə yad olduğunu
vurğulamışdır.
Şempas məktəbli xoru və “Lipa” qarışıq xoru
bir neçə sloven milli mahnısı və hərb musiqi
parçaları ifa etmişlər. Bakı Xoreoqrafiya
Məktəbinin şagirdləri Azərbaycan milli rəqslərini
nümayiş etdirmişlər.
Sonda E.Əfəndiyev, abidənin müəllifi
heykəltəraş Akif Əsgərov və “Mixaylo”nun silahdaşlarından
biri büstün üzərindəki örtüyü
götürmüşlər. Büstün qranitdən
postamenti üzərində sloven, Azərbaycan və ingilis
dillərində qızılı hərflərlə
aşağıdakı yazı həkk olunmuşdur:
“Mehdi Hüseynzadə (Mixaylo) 1918-1944
İkinci Dünya müharibəsi illərində Sloveniyada
müqavimət hərəkatının qəhrəmanı
Azərbaycanın igid oğlu".
Büstün önünə əklil və
gül-çiçək dəstələri qoyulmuşdur.
Baş nazirin müavini E.Əfəndiyev M.Hüseynzadənin
silahdaşları ilə ehtiram əlaməti olaraq bir-bir
görüşmüş və mərasimdə iştirak
edənlərin, xüsusilə abidənin ucaldılmasında
zəhməti olan insanların əməyini yüksək
qiymətləndirmişdir.
Tədbirdən sonra E.Əfəndiyev II Dünya
müharibəsində M.Hüseynzadə ilə birlikdə
döyüşən partizanlar və Şempas
qəsəbəsinin yerli əhalisi ilə Mədəniyyət
Mərkəzində görüşmüşdür. Burada
ona, böyük bir fəsli M.Hüseynzadə haqqında
olmaqla, partizanlara həsr edilmiş və sloven dilində
yenicə çapdan çıxmış kitab hədiyyə
edilmişdir.
Daha sonra nümayəndə heyəti M.Hüseynzadənin
uyuduğu Çepovan kənd qəbiristanlığına
baş çəkmişdir. M.Hüseynzadənin məzarı
üzərinə əklil qoyulmuşdur.
Baş nazirin müavini E.Əfəndiyevin rəhbərlik
etdiyi nümayəndə heyətinin Sloveniya və Avstriyaya
səfəri davam edir.
Xalq qəzeti.- 2007.- 28 oktyabr.- S.3.