Sloveniyada Mehdi Hüseynzadənin abidəsi açılmışdır

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 25-də Sloveniyanın Nova Qoritsa şəhərinin yaxınlığındakı Şempas qəsəbəsində Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılış mərasimi keçirilmişdir.
Sloveniyada Mehdi Hüseynzadənin abidəsinin ucaldılması 2006-cı ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı razılaşdırılmışdır. Azərbaycanın Avstriyadakı və eyni zamanda Sloveniyada akkreditə olunmuş səfirliyi ötən ilin sentyabrından başlayaraq bu layihənin həyata keçirilməsi ilə məşğul olmuşdur.
Abidənin açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti, ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov, səfirliyin əməkdaşları, Sloveniya Xarici İşlər Nazirliyi MDB və Şərqi Avropa Ölkələri İdarəsinin rəisi xanım səfir Ada Filip-Slivnik, Nova Qoritsa şəhərinin meri Milko Brulç, əfsanəvi partizan M.Hüseynzadə ilə çiyin-çiyinə vuruşmuş silahdaşları və yerli sakinlər iştirak etmişlər.
Nümayəndə heyəti əvvəlcə Nova Qoritsa şəhərinin meri Milko Brulç ilə görüşmüşdür. Görüşdə M.Hüseynzadənin abidəsinin açılışı, ikitərəfli əməkdaşlıq imkanları, turist mübadiləsi və digər məsələlər müzakirə olunmuşdur. Eyni zamanda, Nova Qoritsa regionu ilə Azərbaycanın regionlarından biri arasında əməkdaşlıq əlaqələrinin yaradılması haqqında ilkin fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlar Vitovlye kəndində M.Hüseynzadənin həlak olduğu yerə baş çəkmiş, qəhrəmanın memorial abidəsi önünə əklil və gül dəstələri düzmüşlər. Baş nazirin müavini Elçin Əfəndiyev M.Hüseynzadəni şəxsən tanıyan kənd sakinləri ilə səmimi söhbət etmişdir.
Daha sonra Şempas qəsəbəsində M.Hüseynzadənin abidəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə Sloveniya tərəfindən Nova Qoritsa şəhərinin meri M.Brulç, xanım səfir Ada Filip-Slivnik və yerli veteranlar şurasının rəhbəri çıxış edərək M.Hüseynzadənin Sloveniyada milli müqavimət hərəkatının qəhrəmanı olduğunu, faşizmə qarşı rəşadətlə döyüşdüyünü və Sloveniya xalqı tərəfindən daim böyük ehtiramla yad edildiyini bildirmişlər. Onlar bu abidənin açılışının ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildirmişlər.
Baş nazirin müavini Elçin Əfəndiyev mərasimdə çıxış etmiş və Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını mərasim iştirakçılarına çatdırmışdır. Baş nazirin müavini bildirmişdir ki, İkinci dünya müharibəsində faşistlərə qarşı şücaətlə döyüşən M.Hüseynzadə təkcə Azərbaycanın deyil, həm də indiyədək onu böyük ehtiramla sevən Sloveniya xalqının da övladı və qəhrəmanıdır. O, vətənini hədsiz məhəbbətlə sevən M.Hüseynzadənin ruhunun öz yaxın qohumlarının və Azərbaycandan gəlmiş həmvətənlərinin iştirak etdiyi bu əlamətdar gündə şad olduğunu vurğulamışdır.
Şempas məktəbli xoru və "Lipa" qarışıq xoru bir neçə sloven milli mahnısı və hərb musiqi parçaları ifa etmişlər. Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri Azərbaycan milli rəqslərini nümayiş etdirmişlər.
Sonda E.Əfəndiyev, abidənin müəllifi heykəltəraş Akif Əsgərov və "Mixaylo"nun silahdaşlarından biri büstün üzərindəki örtüyü götürmüşlər. Büstün qranitdən postamenti üzərində sloven, Azərbaycan və ingilis dillərində qızılı hərflərlə aşağıdakı yazı həkk olunmuşdur: "Mehdi Hüseynzadə (Mixaylo). 1918-1944. İkinci dünya müharibəsi illərində Sloveniyada müqavimət hərəkatının qəhrəmanı
Azərbaycanın igid oğlu".
Büstün önünə əklil və gül-çiçək dəstələri qoyulmuşdur. Baş nazirin müavini E.Əfəndiyev M.Hüseynzadənin silahdaşları ilə ehtiram əlaməti olaraq bir-bir görüşdü və mərasimdə iştirak edənlərin, xüsusilə abidənin ucaldılmasında zəhməti olan insanların əməyini yüksək qiymətləndirdi.
Tədbirdən sonra E.Əfəndiyev İkinci dünya müharibəsində M.Hüseynzadə ilə birlikdə döyüşən partizanlar və Şempas qəsəbəsinin yerli əhalisi ilə Mədəniyyət Mərkəzində görüşmüşdür. Burada ona böyük bir fəsli M.Hüseynzadə haqqında olmaqla, partizanlara həsr edilmiş və sloven dilində yenicə çapdan çıxmış kitab hədiyyə edilmişdir.
Daha sonra nümayəndə heyəti M.Hüseynzadənin uyuduğu Çepovan kənd qəbiristanlığına baş çəkmişlər. M.Hüseynzadənin məzarı üzərinə əklil qoyulmuşdur.

 

Azərbaycan.- 2007.- 28 oktyabr.- S.6.