Əliyev Ə.
Fəxriyyə Xələfovanın modaları
fransızları heyrətə salmışdır
"Ethical
Fachion show" firmasının təşəbbüsü
ilə oktyabrın 10-dan 14-dək Parisin 10-cu rayonunun
"Qırmızı xalça" sərgi salonunda
dünyanın 100-dən artıq ölkəsinin 400 modelyerinin
kolleksiyalarının sərgisi və nümayişi
keçirilmişdir. Belə böyük tədbirdə
Azərbaycanı tanınmış modelyer, əməkdar
incəsənət xadimi Fəxriyyə Xələfova
təmsil etmişdir.
Oktyabrın 12-də Norveç, Azərbaycan və Braziliya
modelyerlərinin kolleksiyalarının nümayişi
olmuşdur. F.Xələfovanın hazırladığı
geyimlər ölkəmizin təbiətini və görməli
yerlərini əks etdirən qısametrajlı filmin
müşayiəti ilə nümayiş etdirilmişdir.
Azərbaycanın tarixi abidələrinin rənginə
uyğun hazırlanmış yeni modalar fransız
tamaşaçıların hədsiz marağına
səbəb olmuşdur. Onlar milli koloritli modaların ilk
dəfə Parisdə nümayiş etdirilməsini
böyük razılıq hissi ilə
qarşılamışlar.
Fransalı tamaşaçı Sesil Bone Azərbaycan
modalarından aldığı təəssüratı
belə ifadə etmişdir: "İlk dəfədir ki,
azərbaycanlı modelyerin kolleksiyası ilə tanış
oldum. Norveç və Braziliya dizaynerlərindən fərqli
olaraq, milli koloritdən istifadə, rənglərin seçimi,
moda duyumu azərbaycanlı modelyerin zəngin
təcrübəsindən, müasir moda ilə
ayaqlaşmasından xəbər verir.
Açığını deyim ki, modaya hədsiz
tələbkar olan fransız tamaşaçılar belə
yüksək zövqlə və zərif formada
hazırlanmış kolleksiyanın nümayiş
etdiriləcəyini gözləmirdilər. Arzu edərdim ki,
azərbaycanlı modelyerin hazırladığı belə
geyimlərin Fransada satışı təşkil edilsin".
Modaların nümayişi başa çatdıqdan sonra onlarca
tamaşaçı F.Xələfovaya yaxınlaşaraq,
belə gözəl modalar hazırladığı
üçün ona təşəkkür etmişlər.
Tanınmış modelyer sərgi ilə bağlı
AzərTAc-ın xüsusi müxbirinə məxsusi
müsahibəsində demişdir: Etiraf edim ki, kolleksiyamın
sərgisi və nümayişi ilə bağlı Fransadan
dəvət alarkən bir qədər həyəcan
keçirdim. Çünki dünyanın mədəniyyət
və modalar mərkəzi hesab edilən Parisdə
çıxış etmək hər bir modelyerə qismət
olmur. Digər tərəfdən, modalara hədsiz maraq
göstərən fransız tamaşaçılarını
razı salmaq, onların rəğbətini qazanmaq çox
çətindir.
Amma bunlara baxmayaraq, dəvəti böyük sevinc hissi ilə
qarşıladım və mənim üçün bir növ
sınaq olan bu mühüm tədbirə ciddi
hazırlaşdım.
Tədbirin ideya mahiyyəti çox maraqlı, peşəkar
ünsiyyət yaratmaq baxımından dəyərli olmaqla
yanaşı, müxtəlif ölkələrə məxsus
nadir əl işləri ilə yaxından
tanışlığa görə mühüm
əhəmiyyət daşıyırdı.
Sevinirəm ki, çoxdankı arzum reallaşdı və
mənim hazırladığım 13 yeni modadan ibarət
kolleksiyam fransız tamaşaçılar tərəfindən
yüksək qiymətləndirildi.
Modanın nümayişi ölkə barədə də tamaşaçılara
dolğun məlumat verir. Ona görə də mən
özümlə bərabər ölkəmizin tarixini,
zəngin mədəniyyətini, abidələrini,
təbiətini əks etdirən broşür və
şəkillər gətirmişdim. Onları sərgi
zamanı tamaşaçılara təqdim etdim.
Açığını deyim ki, fransızlar moda ilə
bərabər, ölkəmizə xüsusi maraq göstərir
və müxtəlif suallarla müraciət edirdilər.
Əlbəttə, biz onların hər bir sualına
ətraflı cavab verirdik.
Ümumiyyətlə, sərgi və kolleksiyamın
nümayişinin uğur qazanması məni hədsiz sevindirir
və yeni yaradıcılığa ruhlandırır.
Azərbaycan.- 2007.- 17 oktyabr.- S.7.