Mən sənətdə
hələ heç nə etməmişəm
yaxud Hacı İsmayılovun
səhər duaları və sənət kredosu
Müsahibimiz Azərbaycan
Respublikasının xalq artisti Hacı İsmayılovdur.
Başqa sözlə, təqdimata ehtiyacı olmayan, teatrda
100-dən artıq, kinoda isə 15 filmə
çəkilmiş aktyor.
- Oxuduğum 190 saylı
məktəbin dram dərnəyinin fəal
üzvlərindən olmuşam. Rəhbərimiz hazırda
tanınmış kinorejissor olan Tofiq İsmayılov idi. Daha
sonra 26 Bakı Komissarı adına Mədəniyyət
Sarayından Lütfü Məmmədbəyovun
yaratdığı Xalq Teatrının bir sıra
tamaşalarında iştirak etmişəm. O illərdən
yaddaşımda həkk olub qalan ən dərin xatirə ondan
ibarətdir ki, bir idman dərsi olan gün kefim kök olurdu,
bir də teatra gedəndə. İdmanın futbol, boks, voleybol,
qılıncoynatma növləri ilə mütəmadi
məşğul olmuşam. Təəssüf ki, aktyorluq
fəaliyyətinə başlayanda istər teatrda,
istərsə də kinoda elə bir rolum olmayıb ki, bu
vərdişlərdən bilavasitə istifadə edim. Amma
aktyor sənətinin ümdə şərtlərindən biri
fiziki hazırlıqdır. Buna görə də çox
şadam ki, uşaqlıq həvəslərim, maraqlarım
bir-birini tamamlayan sahələrə aid olublar.
1963-cü ildə sənədlərimi
Mirzəağa Əliyev adına Azərbaycan Dövlət
Teatr İnstitutuna verdim. Qəbul imtahanlarında 2 il ritmikadan
kəsildim. 3-cü il qəbul komissiyasının sədri Rza
Təhmasib idi. Elə həmin il bu ali məktəbə
qəbul olundum. Əsas sənət müəllimlərim
Məlik Dadaşov, Rza Sarabski, Tofiq Kazımov, Nəsir
Sadıqzadə olublar. IV kursda bizim kursu Cabbarlı adına
İrəvan Azərbaycan Dövlət Teatrına
göndərdilər. Orda "Sevil" tamaşasını
hazırladıq. Mənə Məmmədəli bəy
obrazı həvalə olunmuşdu. İrəvan teatrında
çox qala bilmədim. Valideynlərim artıq yaşlı
idilər, mən isə tək övlad idim. Buna görə
də Bakıya qayıdıb institutda səhnə
danışığı fənni üzrə assistent
işləməyə başladım. 1968-ci ildə
Sumqayıt Dövlət Musiqili Dram Teatrı
açıldı. 1970-ci ildə "Azdrama"nın
truppasına daxil olana kimi orada çalışdım. Akademik Milli Dram Teatrında
ilk rolum "Xırs-quldurbasan"
tamaşasında Kərəm
rolu olub.
- Sonralar pedaqoji
fəaliyyətinizi davam
etdirmədiniz?
- Yox. Teatrda, kinoda
işlərim çox
olduğundan müəllimlik
edə bilməzdim.
- Amma ola bilməz ki, teatrınızda çalışmağa başlayan
gənc aktyorları müşahidə edib, hansısa cəhətləri
müəyyənləşdirməyəsiniz...
- O vaxt biz korifeylərlə
işləmişik. Adil
İsgəndərov, Mehdi
Məmmədov, Tofiq Kazımov, Ələsgər
Şərifov kimi rejissorların tamaşalarında
Hökumə Qurbanova,
Hamlet Xanızadə, Ətayə
Əliyeva, Sofa Bəsirzadə,
Məmmədrza Şeyxzamanov
və digər müqtədir sənətkarlarla
tərəf-müqabil olmuşuq.
Onlar sənətə təmənnasız
xidmət etmək nümunəsi idilər.
Şübhəsiz, dövrün, zamanın
təsiri mütləq
özünü göstərir.
İndiki nəsildə peşəyə
biganə, məsuliyyətsiz
münasibət halları
artdıqca qəribədir
ki, fəxri adlara, məşhurlaşmağa
meyl də güclənir. Bizdə belə
bivaxt iddialar baş qaldırmırdı.
Əlbəttə, birmənalı şəkildə
demək olmaz ki, gənclərin hamısı belədir.
Teatrımızdakı sənətə
yenicə qədəm
qoyan aktyorları müşahidə edib deyə bilərəm ki, az da olsa, inkişaf,
ümidverici gənclər
var.
- Bu nədən irəli gəlib - bəlkə məsuliyyət
anlayışında hansısa
dəyişikliklər baş
verib?
- Yox, məsuliyyət
məsuliyyətliyində qalır.
Sadəcə, bir var sənətə ciddi münasibətlə yanaşıb
sənətkar olmağa
çalışmaq, bir
də var bu sahədə elə-belə mövcud olmaq. Birincilərdən olarsansa, fəxri
adı da, mükafatı da yerində, vaxtında alarsan. Etiraf qazanmaqdan ötrü
gərək o dərəcəyə
yetişəsən. Mərhum pedaqoq
Nəsir Sadıqzadə
diplom tamaşamızı
təhvil verməzdən
öncə hər birimizə arxasında müxtəlif hikmətlər
yazdığı açıqcalar
bağışlamışdı. Mənim açıqcamda bu sözləri yazmışdı: "Mən
sənətdə hələ
heç nə eləməmişəm" sözləri
qoy sənin səhər duanın ilk kəlmələri olsun".
O zamandan mən hər dəfə yeni rolum üzərində
işə başlayanda
bu sözlər beynimdə olur.
- Fəxri adlara
münasibət dəyişməkdədir.
Siz nə fikirləşirsiniz
bu barədə - lazımdırmı bu ənənəni saxlamaq?
- Fəxri adlar,
dövlət mükafatları
və təqaüdləri
zəruri amillərdir.
Əgər dövlət bu
və ya digər sənətkarın
fəaliyyətini təqdir
edirsə, bunun nəyi pisdir? Başqa ölkələrdə bunun
əvəzində maddi
təminat, yüksək
məbləğdə mükafatlar
verilir...
- Kinoda ilk rolunuz
mərhum sənətkar
Rasim Ocaqovun "Ad günü" filmindəki
Mustafa obrazı olub...
- Bəli. Rüstəm
İbrahimbəyovun ssenarisi
əsasında çəkilmiş
bu ekran əsərinin mənim yaradıcılığımda çox böyük rolu oldu. "Ad günü"
1976-cı ildə tamamlandı.
1978-ci il yanvarın 26-da isə filmimiz mərkəzi televiziya ilə nümayişləndi. Bu, ilk Azərbaycan filmi idi ki, ümumittifaq
ekranına çıxmışdı.
- Bir neçə
ay öncə Rasim Ocaqovun bir sıra
filmlərində maraqlı
obrazlar yaratmış
aktyorlarımızdan biri
bəyan edib ki, Rasim Ocaqovdan
sonra Azərbaycan kinosu rejissorsuz qalıb. Bu qənaəti
bölüşürsünüz?
- O aktyor çox
düz deyib. Rasim Ocaqov o səviyyəyə,
sadəcə, mükəmməl
təhsil sayəsində
gəlib-çıxmamışdı.
Təhsilin bəhrəsi yalnız
o zaman olur ki, həyat təcrübəsi, müşahidə
qabiliyyəti, ən əsası isə fəhm, ilahi istedaddan məhrum olmursan. Rasim Ocaqov məhz
belə seçilmişlərdən
idi. Onun üçün dəfələrlə imkan
yaranmışdı ki,
kino sahəsində ən yüksək vəzifələrdə çalışsın.
Özü də yalnız
respublika səviyyəsində
yox, SSRİ səviyyəsində
imkanlar yaranmış,
təkliflər olmuşdu.
Amma onun üçün həyatının ən ümdə vəzifəsi
kino yaradıcılığı
ilə məşğul
olmaq, potensialını
Azərbaycan kino sənətinin inkişafına,
zənginləşməsinə yönəltmək idi.
Rejissorlarımız inciməsinlər, amma Rasim Ocaqovun
yoxluğu son dərəcə
qabarıq görünür...
- Dublyaj sahəsindəki
fəaliyyətiniz kifayət
qədər mütəmadidir.
Müxtəlif dövrlərin təcrübəsini
müqayisə edəndə
nə kimi nəticələr çıxarırsınız?
- 1970-ci illərdən filmlərin dublyajında iştirak edirəm. Bu işdə obrazı
ərsəyə gətirməyin
yeganə yolu onu səsinlə, nəfəsinlə yaşamağı
bacarmaqdır. 1970-ci illərdə
filmlər Cəfər
Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında
sinxron üsulu ilə dublyaj olunurdu və bu iş peşəkarların
əlində olduğu
üçün çox
yüksək səviyyədə
təşkil edilmişdi.
İndiki dublyaj işindən
həm texniki, həm də üslub cəhətinə
görə çox fərqlənirdi. Bu gün dublyaj diktor mətninin oxunması ilə baş verir. Bu isə bir
sıra uyarsızlıqlar
törədir.
- Aparıcılarından biri olduğunuz "Kinoklub" verilişi ilə bağlı bir müddət öncə xoşagəlməz
söz-söhbətlər gəzirdi.
Bəzi kino xadimlərimiz umu-küsü edirdilər
ki, o verilişə dəvət edilənlərin
əksəriyyətinin kinoya
heç bir dəxli yoxdur...
- "Kinoklub" Azərbaycan kinosunun tənəzzül, dərin
böhran keçirdiyi
dövrdə ekranlara çıxdı. Biz bu verilişlə vurğulamaq istəyirdik ki, kino sənətimizin
zəngin ənənələri
və deməli, tənəzzüldən çıxmaq
üçün yaradıcı
qüvvəsi var. Qonaqlara
gəldikdə isə
orda kinoya dəxli olmayanlar yalnız müğənnilərdir.
Dəvət olunmayanlar darıxmasınlar.
Mövzularımızdan asılı olaraq
hər bir kino xadiminə növbə çatacaq.
- Qloballaşma, müasir meyarlar, yeni iş üsulu
teatr sahəsinə də toxunmaq ərəfəsindədir. Əlbəttə, söhbət keçmiş
SSRİ respublikalarının teatr sahəsindən gedir. Azərbaycan teatrı hazırdırmı
prodüser və digər təcrübələrin
tətbiqinə?
- Bizim teatrın
özünəməxsus tarixi
var. Qloballaşmanın da
yeri olmalıdır. İstənilən təcrübədən, nə qədər mütərəqqi olur-olsun,
yalnız özümüzə
uyğun olanını
götürməliyik. Azərbaycan tamaşaçısının öyrəşdiyi teatr estetikasını pozmamaq şərti ilə yeniliklər zəruridir - həm texniki baxımdan, həm də yaradıcı nöqteyi-nəzərdən. Amma mütləq hər kəs öz yolunu getməlidir. Unutmaq olmaz ki, "Azdrama" zəngin ənənələrə malikdir
və 1980-ci illərə
kimi İntibah dövrü yaşayıb.
Həftə içi.- 2007.- 24 oktyabr.- S.8.