Bir həsrət nəğməsi

 

Sənədli film Almaniyanın Milli Bayram günündə təqdim olundu

 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Almaniyanın milli bayramı ilə əlaqədar olaraq tanınmış kinorejissor Ziya Şıxlinski ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə kompleksin direktoru Rəhim Hüseynov açaraq, almanların milli bayramı günündə Ziya Şıxlinskinin "Bir həsrət nəğməsi" filminin təqdim olunacağını bildirdi.

Ziya Şıxlinski tədbir iştirakçılarına 1990-cı ildən bu günə qədər Almaniyanın milli bayramı kimi qeyd etdiyi 3 oktyabr günündən söz açaraq, bildirdi ki, həmin tarixdə Almaniya Demokratik Respublikası ilə Almaniya Federatıv Respublikası birləşmiş və alman xalqı bu böyük tarixi hadisəni bayram kimi qəbul etmişlər. O, qeyd etdi ki, həmçinin, bu tarixi gün bizim üçün də əlamətdardır. Bu baxımdan ki, 3 oktyabr tarixi ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi gündür. O, sözlərinə davam edərək, nəzərə çatdırdı ki, XIX əsrdə Almaniyadan Azərbaycana gəlmiş bu xalqın nümayəndələri Gəncə-Qazax zonasında koloniya tikmişdir. Eyni zamanda, alman memarlarının proyekti əsasında ölkəmizin bir çox gözəl binaları inşa olunmuşdur. Belə ki, alman memarlarının proyekti əsasında Rüstəm Mustafayev adına İncəsənət Muzeyi, İmamhüseyn Məscidi, hazırda Fransa səfirliyinin yerləşdiyi bina və digər binalar tikilmişdir. Böyük Vətən müharibəsi illərində əsir alınmış almanlar tərəfindən Hökumət Evi inşa edilmişdir. Ziya Şıxlinski iştirakçıların nəzərinə bir çox faktları çatdırmaqla yanaşı, onu da qeyd etdi ki, bir neçə alman şəhərində onun çəkdiyi film nümayiş olunmuşdur. Bu yaxınlarda - sentyabrda Almaniyanın Bremin şəhərində həmin film maraqla qarşılanmışdır. Gələn il Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində filmin göstərilməsi nəzərdə tutulmuşdur. Belə bir əlamətdar gündə filmin təqdim edilməsini müəllif uğurlu hadisə kimi qiymətləndirdi simvolik məna daşıdığını bildirdi.

Tədbirdə rejissorun "Bir həsrət nəğməsi" sənədli filmi iştirakçılara təqdim olundu. Film iştirakçılar tərəfindən maraqla qarşılandı.

 

Səs.- 2007.- 5 oktyabr.- S. 12.