Həmidə Ömərova son
illər çəkilən filmləri izləmir
"Elə filmlər olub ki, çəkilmək istəmişəm, amma məni dəvət etməyiblər"
Uzun illərdir ki, Azərbaycan
kinosuna həm aktrisa, həm də kino tənqidçisi kimi
xidmət etmiş, "Anla məni" (Oqtay Mirqasımov),
"Qızıl uçurum" (Fikrət Əliyev),
"Qorxma, mən səninləyəm" (Yuli Qusman) kimi bir
çox filmlərdə çəkilmiş və
tamaşaçıların sevimlisinə çevrilən, eyni
zamanda "Retro" verilişinin aparıcısı kimi
tanınan kinoşünas, xalq artisti Həmidə
Ömərova son illər aktrisalıq fəaliyyətinə
ara versə də, kinoşünas kimi fəaliyyətini davam
etdirməkdədir. Belə ki, aktrisa ANS TV-nin efirində
yayımlanan "Orta gün" layihəsi ilə
tamaşaçılara Azərbaycan kinosu barədə
zəngin araşdırmalardan və təhlillərdən
ibarət yeni bir veriliş təqdim etməkdədir. -
Həmidə xanım, ANS-də yeni layihəyə
başlamısınız. Xahiş edirik, layihə ilə
bağlı bir qədər məlumat verərdiniz.
- Bu, həftədə bir dəfə, hər
şənbə günü ANS tamaşaçılarına
təqdim etdiyimiz "Orta gün" layihəsidir. Burada
əsas məqsəd unudulmuş, eyni zamanda yeni
çəkilən, vaxtilə böyük
tamaşaçı marağına səbəb olmuş
filmləri, teletamaşalar, teatr tamaşaları barədə
məlumat vermək, ümumiyyətlə, incəsənət
aləmində və dünya kinosunda baş verən
yenilikləri tamaşaçılara çatdırmaq,
incəsənət xadimləri ilə görüşlər
təşkil etməkdən ibarətdir. Layihənin
önəmli tərəflərindən biri də odur ki,
hər dəfə bir film və ya tamaşa barədə
söhbət açmaqla həm filmdə, həm də
çəkilişlərdə iştirak etmiş
aktyorları, aktrisaları və rejissorları verilişə
dəvət edirik.
- Necə oldu ki, ANS-in bu layihə ilə
bağlı təklifini dəyərləndirdiniz?
- Bu təklifi alınca mən həmin telekanalda
"Seans" verilişini aparırdım. Təklifi çox
bəyəndim, ideya xoşuma gəldi və verilişin
həm müəllifi, həm də aparıcısı
olmağa razılıq verdim. Mən hər bir işi
səviyyəli şəkildə görməyə
çalışıram. Hazırda da bu layihənin
tamaşaçılar üçün maraqlı olması
və onların zövqünü oxşaması
üçün əlimdən gələni edirəm.
Düşünürəm ki, bu, kinomuzu yaşatmaq, eyni zamanda
tamaşaçılarımızı belə bir filmlərin
çəkiliş prosesi ilə yaxından tanış
etmək üçün çox uğurlu bir layhədir.
- Həmidə xanım, son illər
filmlərə çəkilmirsiniz. Bu nə ilə
bağlıdır?
- Bu, təkcə məni yox, bütün
Azərbaycan kinosunu əhatə edən bir
məsələdir. Çünki son illər bizdə
çox az sayda film istehsal olunub, təbii ki, bu filmlərdə
məşhur aktyor və aktrisalar çəkilməlidir.
Bəzən elə filmlər olub ki, çəkilmək
istəmişəm, amma məni dəvət etməyiblər.
Amma film hazır olduqdan və ona baxdıqdan sonra orada
çəkilmədiyim üçün sevinmişəm.
Hər bir aktyor filmə çəkilməyi arzulayır, amma
əsas odur ki, sonradan peşman olmayasan.
- Bəlkə həmin obrazları siz
yaratsaydınız, dediyiniz filmlər daha uğurlu
alınardı.
- Yox, məncə bir filmin uğursuz
alınması üçün yalnız bir aktyoru, yaxud
rejissoru günahlandırmaq düzgün deyil. Çünki
bu, kollektiv şəkildə hər kəsin əməyinin
məhsuludur və filmin uğurlu, yaxud uğursuz
alınmasında da hər kəsin öz rolu var.
- Azərbaycanda son illər çəkilmiş
filmlər barədə nə deyə bilərsiniz?
- Əslində son illər çəkilən
filmlərin demək olar ki, çoxuna baxmamışam.
Yalnız festivallar çərçivəsində
nümayiş olunan filmləri izləmişəm. Arzu
edirəm ki, milli kinomuz həm keyfiyyət, həm də
kəmiyyət baxımından daha da inkişaf etsin.
Mənə elə gəlir ki, son 2-3 ildə Azərbaycanda
maraqlı filmlər çəkilməkdədir. Artıq bu
sahənin inkişafı üçün bir çox
işlər görülür. Ümid edirəm ki, tezliklə
tamaşaçılar da bizimlə birgə aparılan bu
işlərin nəticəsini görəcəklər.
- Yeni fəaliyyətə başlayan
"BakıFilm" studiyasında da son günlər yeni
serialların çəkilişinə başlanılıb.
Ümumiyyətlə, seriallara münasibətiniz necədir?
- Bu, məni çox sevindirir. Mən
dəfələrlə mətbuatda da demişəm ki, seriallar
mütləq lazımdır. Düzdür, bu sahə bizdə
hələ tam inkişaf etmədiyi və hələ yeni
yarandığı üçün bəzi qüsurlar var. Bir
çoxları isə bunu qəbul edə bilmir.
Məsələn, biz filmləri yeni dublyaj etməyə
başlayanda tamaşaçılar buna alışa bilmirdi.
Amma indi dublyaj olunmuş filmləri artıq hamı izləyir.
Serial istehsalında da inkişaf əldə etmək
üçün mütləq serialların
çəkilməsi lazımdır. Dünya kinosunda da
belə nümunələr çox olub: dramatik və
faciəvi obrazlar yaradan bir aktyor birdən-birə bir serialda
komik bir rola çəkilir və tamaşaçılar onun
tam fərqli tərəflərini kəşf edirlər.
Yəni aktyorun istedadını hərtərəfli
açması üçün seriallar çox kömək
olur. İnanıram ki, tezliklə Azərbaycanda da
yüksək keyfiyyətli, baxımlı seriallar istehsal
olunacaq.
Bu da milli kinomuzun dirçəlməsində
önəmlit rol oynaya bilər.
Üç nöqtə.- 2007.- 9 oktyabr.- S.13.