Azərbaycan-Amerika Şurasının nümayəndələri "İrvine Global Village" festivalında iştirak edib

 

ABŞ-ın Kaliforniya ştatının İrvin Şəhər Şurasının dəvəti ilə sentyabrın 29-da Azərbaycan-Amerika Şurasının nümayəndələri "İrvine Global Village" adlı festivalda iştirak ediblər. APA-nın məlumatına görə, hər il keçirilən və İrvin meriyası tərəfindən təşkil olunan festival şəhərin, eləcə də Kaliforniyanın müxtəlif mədəni fonunu təbliğ edir.

Azərbaycan-Amerika Şurası Türkiyə, Sloveniya və İsraillə qonşuluqda ayrılan xüsusi çadırda ölkəmizi təbliğ etmək imkanı qazanıb. Şura üzvləri Cavid Hüseynov, Ülviyyə Nəsibova, Nərminə Məmmədova və Arzu Ağayeva tədbirdə iştirak edən çoxsaylı ziyarətçilərə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, coğrafiyası və iqtisadi potensialı, turizm sahələri barədə ətraflı məlumat veriblər. Azərbaycan-Amerika Şurasının üzvü Ülviyyə Nəsibovanın milli geyimdə ifa etdiyi Azərbaycan rəqsi tamaşaçıları cəlb etməklə yanaşı, onların bir neçəsinin oynamasına səbəb olub. Rəqs edənlər arasında İrvin şəhərinin meri Bet Kron da olub. Xanım Kron Azərbaycan çadırına daxil olaraq çoxlu sayda milli mətbəx nümunələrinin dadına baxıb.

 

Palitra.- 2007.- 3 oktyabr.- S. 2.