Anar
imzası ekranda Gün keçdidən İblisə qədər
Xalq yazıçısı Anarın
Azərbaycan kinosunda özünəməxsus dəst-xətti
var. Anar kinoya gələndə artıq nəsrdə
özünü təsdiq edən, dramaturgiyada sınaqdan
çıxan peşəkar bir yazıçı idi və
"Molla Nəsrəddin-66" kimi uğurlu bir əsərin
müəllifiydi. Moskvada ali ssenari və ali kinorejissorluq
kurslarını bitirən Anar bir-birinin ardınca "Torpaq.
Dəniz. Od. Səma", "Gün
keçdi", "Dədə Qorqud", "Dantenin
yubileyi", "Ötən ilin son gecəsi",
"Üzeyir ömrü" , "İmtahan",
"Qəm pəncərəsi", "Əlaqə",
"Təhminə", "Otel otağı" kimi
sevilən bədii, "Dəniz", "Qobustan",
"Bu, Səttar Bəhlulzadədir", "Daş saat"
, "Bu, Cavaddır" və başqa sənədli
filmlərə imza atdı. Anarın ssenariləri
istər tarixi, istərsə də müasirliyi əks
etdirən hər bir əsəri hadisələri öz
prizmasından keçirir və şəxsi ideyasını
ortaya qoyur, məqsədini açıqlamağa
çalışır. Məsələn, "Gün keçdi"
filmi haqqında danışarkən ilk əvvəl filmin
lirikası və seyrçini bu lirikanın arxasınca apara
bilən dolğun diaploqları, bir də unudulmaz Arif Babayevin
lirik dəst-xəttini görürük. "Gürcü
familiyası" hekayəsinin motivləri əsasında
müəllifin özü tərəfindən kinoya
uyğunlaşdırılan bədii mətndən də
aydın olur ki, müəllif uşaqlıq və ilk
məhəbbət,müasirlik və tarixə münasibət
nöqteyi-nəzərindən orjinal bir formadan istifadə edib.
"Dədə Qorqud" isə ssenarisi
türkün ən böyük yazılı
abidələrindən sayılan "Kitabi-Dədə
Qorqud" dastanının motivləri əsasında qələmə
alınan və 1975-ci ildən bəri Azərbaycan
tamaşaçılarının sevə-sevə
izlədikləri tarixi filmlərimizdən biridir. Bu filmdə müəllif tarixi olaylara müasirlik
nəzərləri ilə yanaşaraq türkün
başına gələn faciələrin
səbəblərini açmağa çalışıb,
dastanın özündən gələn dilini və
üslubunu qoruyub saxlamaq şərti ilə onu
tamaşaçı marağına doğru yönəldə
bilib. Anar özünü Azərbaycan kino tarixində
publisistik filmlər müəllifi və rejissoru kimi də
təsdiq edib. Onun müəllifliyi və rejissorluğu ilə
çəkilən iki filmi - "Üzeyir ömrü"
və "Qəm pəncərəsi"ni xatırlamamaq
mümkün deyil. Dahi Azərbaycan
bəstəkarı, milli peşəkar musiqimizin banisi və
görkəmli şəxsiyyət, fenomenal insan olan Üzeyir
bəy Hacıbəyovun həyat və
yaradıcılığına, onun yaşadığı mürəkkəb
tarixi dövrə və o dövrün gözəl tarixi
mənzərəsinə həsr edilmiş bu film kinematoqrafiyanın çəkindiyi bir janrda - kinopublisistika
janrında lentə alındı. O dövrün tarixi
şəxsiyyətlərinin, musiqi xadimlərinin,
ədiblərinin obrazları canlı şəkildə
yaradıldı. Konfliktlər, intriqalar, siyasi baxışlar,
adətlər filmin marağını və bədii
dəyərini artırdı. Musiqi tarixinin korifeyləri və
onların müasirləri... Anar bu paralellərlə
həm Üzeyir dövrünün, həm də Anar
dövrünün istedadlı sənət adamlarını
tarixiləşdirə bildi. Filmin bir uğuru da onda idi ki, Qədir
Rüstəmov, Ramiz Quliyev və başqaları kimi
böyük musiqiçilər burada yer alaraq son
dərəcə effektli bir filmin ərsəyə
gəlməsində mühüm rol oynadılar. Bədii kardarın sənədli lentlərlə
əvəzlənməsi, bəzən müəllifin (Tofiq
Mirzəyevin) hadisələrə müdaxiləsi və
hər hansısa bir tarixi olayı nəql etməsi filmin
dəyərini aşağı salmadı, əksinə, ona
öz janrına uyğun bədii dəyər verdi. Anar "Üzeyir ömrü"nün uğuruna
arxalanıb eyni janrda qələmə aldığı
başqa filmin çəkilişlərinə başladı.
"Qəm pəncərəsi" adlanan bu film də
yuxarıdakı film kimi kinopublisistika janrında lentə
alındı. Həsənağa Turabovun yaratdığı
unudulmaz Mirzə Cəlil obrazı isə filmin əsas
uğurlarından biri oldu. Müəllif bu
filmdə əsasən Mirzə Cəlilin yaratdığı
obrazları, onun felyetonlarının
qəhrəmanlarını və yenə də
ənənəsinə sadiq qalaraq Mirzə Cəlil
dövrünün qarışıqlığını, ziddiyyətlərini
ön plana çıxarmağa çalışdı.
Filmdəki hadisələr bütövlükdə dahi
dramaturqun və millətini sevən bir insanın
həyatda gördüyü və içində
yaşadığı məqamları əks etdirdi. Filmdə
Anarın rejissor işi də xüsusilə fərqlənir.
Oyun səhnələrindəki mizanlar, kadrların
dolğunluğu, hadisələrin
ardıcıllığı və aktyorlarla iş son
dərəcə peşəkar bir kinorejissorun kamera
arxasındakı fəaliyyətindən xəbər verir.
Arabir ekrana gələn sənədli kadrların və
tarixi-publisistik dialoqların varlığı "Üzeyir
ömrü" filmində olduğu kimi bu filmin də ideya
xəttini kinopublisistikaya doğru yönəltdi. Anar hələlik son olaraq özünün bu
janrdakı trilogiyasının dairəsini yaxınlarda
tamamlanmış və kino mütəxəssisləri
tərəfindən uğurlu sayılan "Cavid
ömrü" - "İblis" filmi ilə qapatdı. Film
ölməz Cavidin Bakıdakı abidəsinin
qarşısında İblisin məşhur monoloqu ilə
başlayır. Aktyor Məmməd Səfanın film boyu
yaratdığı bir-neçə "iblisvari" obrazlardan
seçilən və yaddaqalan bu monoloqun təsiri film boyu
seyrçini müşayiət edir və unuda bilmirsən ki,
sən "İblis" filminə baxırsan. Dövrün
içindən gələn şeytanilik, cəmiyyətin
ortaya atdığı faciəli insan taleləri, uğursuz
ideologiyanın təsiri altında gülünc
vəziyyətdə düşən "ziyalı" ordusu,
bir-birinin qanına susayan qələm əhli, istedadlıyla
istedadsızın nəticəsiz mübarizəsi və
digər cəhətlər filmin süjet xəttini
təşkil edir. Qeyd etmək lazımdır ki, bu film
Anarın eyni janrda yazdığı və
ekranlaşdırdığı iki digər filmdən fəlsəfi
yükü ilə seçilir. Məsələn,
"Üzeyir ömrü"ndə kadrlar aktyorların komik
vəziyyətə düşmələri, rəngarəng
musiqi nömrələri ilə tamaşaçıları
öz arxasınca çəkib aprırdısa, "Qəm
pəncərəsi"ndə Mirzə Cəlil yumorundan
gələn gülüşün və faciənin
vəhdəti vardısa, bu filmdə
ağır və dolğun kadrlar, faciələrin bir-birini
əvəzləməsi, həm Cavidin şəxsi
həyatında onu qarabaqara izləyən faciələrin,
həm də onun əsərlərindən gələn
faciələrin zənginliyi ilk baxışdan seyrçini
yorsa da, sonda insan taleyi və insan faciəsi filmin
məqsədini açıqlayır və ideyanı ortaya
qoyur. Cavid obrazını Nəsimi, Babək, Beyrək kimi
möhtəşəm rolları ilə milli kinomuzun tarixind yer
tutan xalq artisti Rasim Balayev yaradıb. Cavid
xarakterinin incəliklərini, onun türk dünyasına
sarsılmaz sevgisini, gördüyü işə
hörmətini, ailəyə dərin məhəbbətini
və qırılmaz əqidəsini qabarıq verməyə
çalışan Rasim müəllim özünün tarixi
obrazlar kolleksiyasına yeni və gözəl bir obraz da
əlavə etdi. Filmin süjet xətti inkişaf
etdikcə, hadisələr və konfliktlər bir-birini
əvəz etdikcə Rasim Balayevin ifasında yaddaqalan bir Cavid
obrazının şahidlərinə çevrilirik. Kamera qarşısında obraz yaratmaq peşəkar
və təcrübəli Rasim Balayev üçün heç
də çətin deyil, lakin fərqli bir obraz yaratmaq (zaman
fərqi ilə təxminən eyni faciələri yaşayan
Nəsimidən sonra) hər bir sənətçi
üçün məsuliyyət tələb edir. Cavid
sevildiyi qədər də "vurulur" və bu
mənəvi zərbələr fərqli kadrlarda fərqli
süjet xətti ilə qabardılır ki, bu da filmin
tarixi-fəlsəfi yükünü artırır. Cavid
müstəntiq qarşısında da eyni xarakterdədir,
həbsxanada da, Sibir çöllərinə doğru
iməkləyən məhbəs qatarında da. Film
boyu Cavid yalnız bircə dəfə - həbsxanada ailəsi
ilə görüşəndə məğrurluğunu itirir
və bu, təbiidir. Çünki ayrılıq qoşa
qanadları ilə məğrur və sarsılmaz Cavidin
çiyinlərinə çökmüşdü, bu
ayrılığın adı vətən və doğmalardan
ayrılıq idi və şairin həssas qəlbinə
dammışdı ki, bu ayrılığın bir
dəhşətli adı da ölümdür. Filmdə
diqqəti çəkən digər bir obraz da
tamaşaçılara komik amplualı aktrisa kimi yaxşı
tanış olan Dilarə Əliyevanın yaratdığı
Müşkinaz xanım obrazıdır. Dilarə
xanımın Müşkinazı həyatda daima qürurunu
qoruyub saxlayan, Cavid adına xələl gəlməyə
qoymayan, əsl ana obrazının ekran
təcəssümüdür. Ərtoğrulu oynayan gənc
aktyor Vüsal Murtuzayevin, Turanın uşaqlıq illərini yaradan
Dəniz Tacətdinin də filmdəki ifası
baxımlıdır. Bir qədər kiçik Turan və
həyatı artıq dərk edən istedadlı
Ərtoğrul... Yaşamaq haqqı olan qızcığaz,
yaratmaq eşqilə yanan gənc... Filmin rejissoru, uğurlu
televiziya tamaşaları ilə şöhrət
qazanmış Ramiz Həsənoğludur. Rejissor
müxtəlif teletamaşalarda istedadına və
bacarığına yaxından bələd olduğu fərqli
nəslin aktyorlarını filmə dəvət etməkdə,
yəqin ki, belə ağır filmdə
qeyri-peşəkarların gücünə arxalanmaqdan
çəkinib. Mütləq mənada demək
mümkündür ki, elə bunun nəticəsində
filmə çox maraqlı aktyor heyəti toplaşıb.
İrili-xırdalı obrazların, demək olar ki, hər
birində insan xaraketeri, onun mənəvi və zamandan
gələn qeyri-insani keyfiyyətləri
açıqlanır. Lakin razılaşmaq
lazımdır ki, iş olan yerdə (özü də belə
böyük və məsuliyyətli bir iş)
çatışmazlıqlar da olur və dünya kino
tarixində elə bir film göstərmək mümkün
deyil ki, o, tam mənada uğurlu sayılsın. Bu
baxımdan bəzi aktyorların oyunlarındakı (Azər
Axşam - Əlili, Qurban Məsimov - Müşfiq kimi
gənclərlə yanaşı, bir çox daha
təcrübəli aktyorlar) tanış mimikalar, təkrar
hərəkətlər diqqətdən yayınmır. Amma inamla deyə bilərik ki, kiçik
çatışmazlıqları nəzərə almasaq, film
yalnız xoş sözlərə layiqdir. İblis
obrazının və bununla yanaşı filmin
özündən gələn bütün "iblislərin"
obrazını yaradan Məmməd Səfanın işi
üzərində ayrıca dayanmağa dəyər.
Aktyor baş rolun ifaçısı kimi eyni zamanda fərqli
xarakterli bir-neçə obraz yaratsa da, dəyişə,
başqalaşa bilməsi, obrazdan-obraza keçidlər
etməsilə seçilir. Bəxtiyar Xanızadənin
Abbas Mirzəsi və rejimin ziyalıya, sənət adamına
olan münasibəti, Nurəddin Mehdixanlının
Əhməd Cavadı, Aydın Əliyevin Seyid Hüseyni,
böyük insanların və şairlərin
faciələri, Şahmar Qəriblinin Abdulla Şaiqi və
görkəmli ədibin sakit və mülayim xarakteri,
Ramiz Novruzovun Mir Cəfər Bağırovu və alında
düyünlənən xarakterik mimika, Ramiz müəllimin
mülayim qəlbi və M.C.Bağırovun qəddar
dünyası... İrili-xırdalı
neçə-neçə obraz və möhtəşəm
"Cavid ömrü" - "İblis" filmi. Bu film
bütövlükdə ssenari müəllifi Anarın Cavid
romantizminə, Cavid fəlsəfəsinə və Cavid
ömrünə böyük sevgisinin
təzahürüdür. "Azvideo" prodüser
mərkəzinin və şəxsən Rasim Həsənovun
peşəkar prodüser kimi fəaliyyətinə də
toxunmaq istərdim. Hələ təzə yaranmaqda olan
prodüserlik institutu gələcəkdə bu sahəyə
diqqətin artacağına inam yaradır. Filmin
çəkilişləri başa çatsa da,
"Şərq-Qərb" Bakı Beynəlxalq
Kinofestivalında tamaşaçı rəğbəti ilə
qarşılansa da, baş prodüser Rasim Həsənov
hələ də işini bitmiş hesab etmir. İnanmaq olar
ki, bu film ölkəmizdə olduğu kimi, bütün
dünyada kinosevərlərin diqqətini çəkəcək.
Quruluşçu operator İsrafil Ağazadənin işini
də yüksək qiymətləndirmək olar. Aydın
kadrlar, işıq və kölgə sisteminin düzgün
seçimi filmin keyfiyyəti haqqında müsbət
fikirlər yaradır. Eyni sözləri filmin
bəstəkarı Cavanşir Quliyevin gözəl musiqisi
və rəssam Aqil Azayın dekorasiya, interyer, natura seçimi
ilə də bağlı demək mümkündür. Film
ümummilli lider Heydər Əliyevin Naxçıvanda Cavidin
məqbərəsinin açılışı zamanı
söylədiyi nitqlə yekunlaşır. Ulu öndərin
Cavid şəxsiyyətinə hörməti, uzaq Sibirdən
məhz onun təşəbbüsü ilə ölməz
sənətkarın nəşinin vətənə
qaytarılması kimi mühüm faktlar bu film
vasitəsilə bir daha təsdiqlənir və tarixi
qiymətini alır.
525-ci qəzet.-2007.- 4 oktyabr.- S.7.