Məhərrəmova T.

 

Heç bir sənət əsəri insanı dəyişmir

 

"Yanmış körpülər" teleserialı bu yaxınlarda Az.TV-də təkrar nümayiş etdirildi. Qeyd edək ki, ilk təqdimatından başlayaraq filmə münasibət birmənalı deyil. Filmin reyissoru və baş rolun ifaçısı Elçin Cahangirlinin dediyi kimi, bu mövzunu görməyənlər, zəif aktyor oyunundan, texniki qüsurlardan danışanlar, bir sözlə, tənqid və tərif edənlər vardı və bu gün də var.

E.Cahangirli insan alveri ilə bağlı aktual bir mövzuya müraciət etmələrini belə izah edir:

 

- İnsanda fəhm deyilən bir şey var. Fəhmim məni aldatmadı. İnsan alverinin zamanla səsləşən mövzu olduğunu görüb bu barədə film çəkmək qərarına gəldim. Həmin ərəfədə 1-2 verilişim ekrana çıxmışdı. Televiziyanın hazırkı sədri Arif Alışanov verilişlərimdən birini bəyənməyərək dedi ki, "Sənin imicin var. O cür verilişlər yox, maraqlı seriallar çəkməlisən". Sonra Arif müəllim mənə artıq televiziyada və mətbuatda haqqında söhbət açılan insan alveri ilə bağlı serial çəkməyi məsləhət gördü. Mən də elə həmin gündən başlayaraq dostum Firudin Məhərrəmli ilə ssenari yazıb işləməyə başladım. Həmin vaxt başladığımız iş sanki bu gün üçün nəzərdə tutulmuşdu. Çünki bu gün ölkəmizdə insan alverinə qarşı geniş mübarizə aparılır. Nəticədə həmin filmin baxımlılıq dərəcəsi yüksəldi.

Əvvəlki iki seriya bir qədər naşı təsiri bağışladı. Sonra bizə maneçilik törətmək istəyənlər, "axıra çıxa bilməyəcəksiniz" - deyənlər də oldu. Ancaq bu gün həmin insanlara minnətdaram ki, onların sözü bizə yaxşı mənada əziyyət verirdi. Biz yaxşı mənada onlara məqsədimizi sübut etməyə çalışırdıq. Şükür Allaha ki, film yaxşı alındı. Çəkilişlər çox sürətlə gedirdi. Bir seriya efirə gedən kimi 4 gün ərzində növbəti seriyanın montayını başa çatdırırdıq. Bu, həm pis, həm də yaxşı idi. Ona görə ki, qısa bir müddətdə bunu həyata keçirmək ağlasığmaz bir şey idi. Həmin müddətdə tamaşaçıların reaksiyasını da öyrənirdik. Adamlar hansısa hadisəni bəyənmədiklərini, obrazı necə görmək istədiklərini bildirirdilər. Biz də analiz edirdik. Ssenariyə görə, Dubaya aparılan Lalə orada Sahib ağanın şərtləri ilə razılaşır. Biz bu kadrları çəkməyə hazırlaşarkən tamaşaçıların reaksiyasını öyrəndik: "Çox yaxşı obraz seçmisiniz və yaxşı ki, azərbaycanlı qızını filmdə əyməmisiniz, vüqarını saxlamısınız". Biz bilavasitə tamaşaçıların təsiri ilə ssenaridə dəyişiklik etdik. Fikirləşdik ki, obrazı belə təqdim etmək lazımdır. Nəticədə, iş adı ilə aldadılıb Dubaya aparılan Lalə Sahib ağanın zindanında onun şərtləri ilə razılaşmadı. Demək, tamaşaçının gücü bizə kömək oldu.

- Necə bilirsiniz, bəlkə elə öz ssenariniz əsasında çəkəcəyiniz kadrların effekti daha təsirli alınacaqdı. Çünki bu gün insan alveri ətrafında baş verən hadisələrdə heç də həmişə qadınlar vüqarlarını, mənliklərini güdmürlər.

- Kimlərsə hansı işlərə görəsə xaricə gedirlərsə, bu, onların öz işidir. Bununla məşğul olan səlahiyyətli orqanlar da var. Biz əxlaqsız qızı - heç aldanmadan, öz xoşu ilə Dubaya gedən qızı göstərməklə nə qazanacaqdıq? Bu hadisələri olduğu kimi təqdim etmək bizə nə verəcəkdi? Bir də ki, bu, kinodur, öz dili var. Əgər daha konkret cavab istəyirsinizsə, mən öz gördüyümü vermişəm. Yəni mən belə görmək istəyərdim: "kaş qızlar ora aldadılaraq aparılaydılar və onlar öz vüqarlarını sındırmayaydılar".

- Filmin ilk təqdimatından sonra rezonans necə oldu?

- Vay o gündən ki, film çəkilə və tamaşaçılar onun üstündən sükutla keçə. Rezonans o oldu ki, insanlar arasında bu serial haqqında kifayət qədər danışıldı. Demirəm ki, təkcə tərifləndi, tənqid də etdilər. Mənə yaxınlaşanlar, öz adımla deyil, "Rüfət" - deyə çağıranlar da oldu. Tamaşaçı bu obrazı istəyirdi. Hətta, Rüfətin güllələnməsi səhnəsini çəkməmişdən əvvəl tamaşaçıların məni sayıqlığa çağıran zəngləri də olurdu. Eyni zamanda, bu mövzunu görməyənlər, zəif aktyor oyunundan danışanlar, texniki qüsurlardan danışanlar da vardı. Ancaq ən çox eşitdiyim söz bu oldu ki, "nə gözəl və aktual mövzuya toxunmusunuz". Bir sözlə, reaksiyalar müxtəlif idi. Onu da qeyd edim ki, xaricdə belə seriallar üzərində bəlkə də 200 nəfərlik heyət işləyir. Bizdə isə 2-3 nəfər çalışırdı. Bu, inanılmaz bir şey idi.

- Bəs "Yanmış körpülər"ə qədər nə çəkirdiniz?

- Yaradıcılıqda müəyyən "xaltura"lar olur, bunlarsız mümkün deyil. Ola bilər ki, mən də müəyyən dövrlərdə "xaltura" eləmişəm və bu hesaba qazandığım pullarla şans yaranıb. O şansın hesabına "Məhv olmuş gündəliklər"i, "İynə-sap"ı çəkmişəm.

- İnsan alveri ilə bağlı film sonradan sizin üçün hansı mövzulara qapı açdı?

- Yəqin ki, bu mövzuya bir də ömrümün axırına qədər toxunmayacağam. Çünki həyatımızda daha önəmli və ümumbəşəri mövzular da var. Bu serialdan sonra fərqli bir şey çəkmək qərarına gəldim. Əsil sənətlə şounun əbədi mübarizəsindən bəhs edən bir serial üzərində işləyirik. Bu filmin bir neçə seriyası çəkilib və davamı da İtaliyanın Milan şəhərində çəkiləcək. Bu, süyetin öz tələbindən irəli gəlir. Görürsünüz ki, mən şounun içində şou qururam. Özünüz də bilirsiniz ki, bugünkü şounun bir xüsusiyyəti var: "sənətçilər" xaricə gedir və qayıdandan sonra müsahibələrində "Hollivud məni dəvət elədi, sənətim qarşısında baş əydi" kimi çıxışlar edirlər. Biz bu cür əldəqayırma sənətçiləri ekrana gətirəcəyik.

- Bəs nəzərdə tutduğunuz şou əhlinin qəzəbinə tuş gələcəyinizdən ehtiyat eləmirsiniz?

- Məgər deməklə və ya çəkib göstərməklədir? Ümumiyyətlə, dünyanın heç bir böyük sənət əsəri insanı dəyişmir. Nə vaxt görmüsünüz ki, ekranda böyük bir əsər göstərilsin və kimsə səhəri gün dəyişilsin - bu, mümkün deyil. Sadəcə, insan baxır və fikirləşir ki, mən dəyişə bilərəm.

Neçə illərdir insanların həyatını şikəst edən, taleləri qıran müxtəlif mafiyalar haqqında tükürpədici filmlər göstərilir. Hadisələr azalır, yoxsa çoxalır?

- Demək, onda incəsənətin təsir gücü heç nədir? Əgər belədirsə, niyə çəkirsiniz?

- Bu işlərdə şeytanvari bir təsir var. O hadisələr haqqında nə qədər çox çəkirsən, o qədər əksinə reklam olunur. Yəni antireklam da, reklamdır. Hərdən fikirləşirəm ki, bəlkə heç çəkməyək? Ancaq bu da mümkün deyil.

- Yenidən filminizə qayıdaq. Reyissoru olduğunuz bu filmdə həm də baş rolu oynayırsınız. Özünüzü aktyor, yoxsa reyissor kimi daha rahat hiss edirsiniz? Sizcə bu sənətlərin hansı ilə daha çox söz deyə bilirsiniz?

- Mən həmişə böyük sənətdən danışanda özümü çox narahat hiss edirəm. Adam var ki, heç bir məsuliyyət hissi keçirmədən çəkir, filmi ekranlara çıxır və bununla da "qurtardı getdi"- deyə fikirləşir. Mən isə filmi çəkməmişdən əvvəl hər an gözümün qabağına dünyanın böyük əsərlərini, Hollivudu gətirirəm. Özümə tez-tez sual verirəm: mənim çəkdiyim onların müqabilində çox cılız görünmür ki? Bu fikirlər mənə həmişə əziyyət verir. Onu da fikirləşirəm ki, bu əziyyətləri çəkmək məsuliyyəti artırır. Ancaq bizdə istədiyimizi bundan artıq etmək olmur. Əgər Amerikada yaşasaydıq, tələblər də başqa olardı.

- Bu fikirləriniz reyissorluğunuza aiddir, bəs aktyorluq?

- Aktyorluğu çox sevirəm. Mən aktyorluq sənətini bitirmişəm. Hələ birinci sinifdə oxuyanda rayon tədbirlərində şeirlər deyirdim. Yəni bütün bunlar məndə mərhələ ilə baş verib.

Ona görə də özümü aktyorluqda daha rahat hiss edirəm.

- Bəs aktyorluqda özünüzü bu qədər rahat hiss etdiyiniz halda, reyissorluğa meyliniz nədən yarandı? Adətən aktyorlar bu sənətdə sözlərini dedikdən sonra və ya özlərini sənətdə tapmadıqda reyissorluğa keçirlər.

- Mən söhbətimizin əvvəlində sizə fəhmdən danışdım. Fəhmim məni reyissorluğa keçməyə təhrik elədi. Məsələn, fəhmlə çəkdiyim filmin mövzusunun aktuallığını bilib reyissoru qabaqladım və özüm çəkdim. Bir də ki, indi aktyor sənəti bir az geri çəkilib, şoumenlər irəli çıxıb.

- Adətən teatr və kino reyissorlarının aqressiv xarakterindən danışırlar. Bu fikri televiziya reyissurasına da aid etmək olarmı?

- Məncə reyissor, reyissordur. Arif Babayev televiziyada işləyib, kino da çəkib. Həmişə deyirəm ki, reyissor odur ki, ortaya bir bədii film və ya ən azı bir sənədli film qoysun. Reyissor təkcə diplom əldə etmək və ya işə gedib qayıtmaq demək deyil, bu, həyat tərzidir, insanın xarakteridir. Mən reyissorluq keçməmişəm. Amma Mehdi Məmmədov kimi müəllimlərdən dərs almışam. Reyissorların aqressivliyinə gəlincə, mən reyissorluğa təzə başladığım vaxtlarda özümdən asılı olmayaraq, aktyorların üstünə qışqırırdım. Sonra hiss etdim ki, bu, ətrafda o qədər də yaxşı qarşılanmır. Ona görə bir az mülayim üsula keçdim. Ancaq aqressiya şişirdilmiş şəkildə yox, ötkəm şəkildə olmalıdır. Bəziləri deyir ki, məktəb olmalıdır. Ancaq mənə elə gəlir ki, reyissor ilk növbədə psixoloq olmalıdır. Onun müşahidə qabiliyyəti olmalı, insanı duymalıdır. Reyissor sevgini, dostluğu dəyərləndirməli, qəddar da olmalıdır.

- Elə isə özünüzü baş qəhrəman kimi çəkdiyiniz filminizdə reyissor kimi özünüzlə necə davranırdınız?

- Maraqlı sualdır. Aktyor kimi özümə deyirəm ki, get özünə reyissor tap, reyissor olaraq deyirəm ki, get özünə başqa aktyor tap. Əgər başqa aktyor olsaydı, reyissor kimi ona qarşı bəlkə daha sərt və sərbəst olardım. Dünyada elə bir adam yoxdur ki, eyni vaxtda həm reyissor, həm senarist, həm də aktyor olsun və böyük uğurlar qazansın. Bu sahələrin peşəkarlığının biri mütləq digərindən üstün olur. Mən məmnuniyyətlə başqa bir reyissor dəvət edər və işimi asanlaşdırardım. Ancaq bunu etsəydim, həmin serial alınmayacaqdı. Ona görə yox ki, məndən aciz və istedadsızdırlar. Bu mexanizmi ki, mən işə saldım, başqa reyissor bu cür kiçik imkanlarla onu edə bilməyəcəkdi.

- İndicə reyissor Arif Babayevin adını çəkdiniz. Məlumdur ki, o televiziya reyissoru kimi işə başlasa da, sonradan bədii filmlərin reyissoru kimi çox məşhurlaşdı. Siz necə, "Yanmış körpülər"inizi bədii kinoya doğru ilk addım hesab edirsinizmi?

- Nəinki bu serialda, bundan əvvəlki işlərimdə də həmişə əlimdə bir məşəl tutub ona doğru gedirəm. Ola bilər, bu arzumu heç vaxt həyata keçirə bilməyim. Ancaq bu, mənim arzum və getdiyim yoldur. Filmdə elə səhnələr var ki, sırf kino atributlarıdır və demək olar, kino estetikasından çəkilib. Təkcə bu kadrları sırf kino lentinə köçürmək qalır. Buna da maliyyə vəsaiti lazımdır. Ancaq məndən də istedadlı insanlar var ki, artıq yaşa dolublar və hələ sənətdə sözlərini deyə bilməyiblər. Nə vaxtsa siz dediyiniz böyük bir iş gələcəyini gözləyirlər. Bəlkə o iş gəlməyəcək, mən oturub gözləyim? Həyat sürətlə keçir, vaxt ötür. Ona görə istəyirəm ki, hər filmdə az da olsa öz sözümü deyim.

 

Kaspi.- 2007.- 18 oktyabr.- S.16.