Tağıyeva G.
Azərbaycan kinosu
Dünən, bu gün və sabah
Azərbaycanda kino sənəti
bir əsrdən artıq dövr ərzində əlamətdar
hadisələrlə zəngin özünəməxsus
inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi
həyatında mühüm rol oynamışdır. Uzun
müddət Azərbaycan kinosunun tarixi iki seriyalı «Neft və milyonlar səltənətində
bədii filminin 1916-cı il mayın 14-də ekranlara
buraxıdığı gündən hesablanırdı.
Əslində isə
ölkəmizdə onun yaranma tarixi XIX əsrdən etibarən
cərəyan edən maarifçilik hərəkatının,
dünyəvi teatrın və mətbuatın inkişafı
ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə
istehsalına başlanması nəticəsində Bakının
iqtisadi dirçəlişi milli mədəniyyətin bir
çox sahələri ilə yanaşı, kino sənətinin
də meydana çıxması üçün əlverişli
zəmin yaratmışdır. Belə bir vaxtda Fransada ixtira
olunmuş sinematoqraf dünyanın ən iri şəhərlərində
olduğu kimi, çox keçmədən Bakıda da peyda
oldu. Tezliklə neft Bakısında yerli həyatdan bəhs edən
müxtəlif mövzuda ilk kinosüjetlər çəkildi.
1898-ci il yanvarın 8-dən
etibarən Bakıda xarici fılmlər göstərilməyə
başlandı. Həmin il avqust ayının 2-də müstəqil
şəkildə yeni proqram göstərildi. Bu proqrama
"Bibiheybətdə neft fontanı yanğını",
"Əlahəzrət Buxara əmirinin "Великий княз Алексей"
paroxodunda yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal-sənədli
və "İlişdin" bədii kinosüjetləri daxil
edilmişdi. Bu kinosüjetləri fransız yəhudisi, Rusiyada
anadan olub böyümüş, 25 ildən artıq Bakıda
yaşayıb işləmiş, Bakı elmi foto dərnəyinin
katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə
almışdır. Həmin kinosüjetlərdən 2-si -
"Bibiheybətdə neft fontanı yanğını" və
"Balaxanıda neft fontanı" 2001-ci ildə Azərbaycan
Dövlət Film fondunun təşəbbüsü ilə
Fransanın kinoarxivindən Azərbaycana göndərilmişdir.
Bu kəşfın nəticəsi olaraq, mədəniyyətimizə
daim qayğı göstərən, milli kinomuzun
inkişafı üçün diqqət və köməyini
əsirgəməyən Ümummilli lider cənab H.Əliyev
18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqustu kino
işçilərinin peşə bayramı - Azərbaycan
kinosu günü elan etmişdir.
XX əsrin ilk onilliklərindəki
Azərbaycan kinosu xalq adət-ənənələri və məişətinin
dolğun təsvir olunduğu, 1915-ci ildə Bakıda Pirone
qardaşları tərəfindən təsis edilmiş
"Filma" Səhmdar Cəmiyyətinin istehsalı olan
"Neft və milyonlar səltənətində",
"Arşın mal alan" kimi ilk bədii filmlərlə
xüsusən yadda qalmışdır. 1920-ci ildə Azərbaycan
Foto-Kino İdarəsi, 1923-cü il aprelin 28-də AFKİ nəzdində
I Dövlət kinofabriki və 2 il sonra 2 illik aktyor və
rejissor studiyası təsis edilmişdir.
Sonrakı illərdə (1924-1938-ci
illər) "Qız qalası əfsanəsi",
"Bismillah", "Gilan qızı", "Hacı
Qara", "Sevil", "Almaz" fılmləri çəkilib
ekranlara buraxıldı. Bu dövrün ən əlamətdar
hadisəsi 1935-ci ildə ilk səsli bədii fılmin
-"Mavi dəniz sahilində" filminin çəkilməsi
olmuşdur. 50-ci illərdə sənətkarlıq
baxımından bir-birindən xeyli fərqlənən bədii
və sənədli fılmlər - "Görüş",
"Bəxtiyar", "Qara daşlar", "Qızmar
günəş altında", "Mahnı belə
yaranır", "O olmasın, bu olsun", "Uzaq sahillərdə",
"Bakının işıqları" və "Fətəli
xan" istehsal olunmuşdur. Daha sonralar milli
kinonun professional səviyyəsinin yüksəlməsi, ideoloji
stereotiplərin müəyyən dərəcədə
yumşalması, təsvir vasitələrinin genişlənməsi,
sosial və əxlaq problemlərinin daha kəskin həlli nəzərə
çarpır. Bütün bunları "Bizim Cəbiş
müəllim", "Yeddi oğul istərəm",
"Axırıncı aşırım", "Şərikli
çörək", "Nəsimi", "Babək" və
digər filmlərdə müşahidə edirik. Müstəqillik
dövrünün uğurlu filmlərindən "Qətl
günü", "Pəncərə", "Fəryad",
"Təhminə", "Yuxu", "Ailə" filmlərini
göstərmək olar.
Kinomuzun bu
günkü vəziyyəti ürəkaçan olmasa da,
ümid edirik ki, kino işçilərimizin yeni nəsli
özəl kino istehsalı şəbəkəsini daha da
genişləndirəcək, yeni şəraitə
uyğunlaşıb dünya kinosunun tərkib hissəsi kimi Azərbaycan
kinematoqrafiyasını inkişaf etdirəcək, xalqımıza
layiq sənət əsərləri yaradacaq.
Mədəni-maarif.- 2007.- № 9.- S. 44.