Tahirə
Mənim
təbiətimdə bir qanun var”
Rasim Balayev: “İnsan ictimaiyyət
içindədirsə, hərəkətlərinə diqqət
yetirməlidir”
Mənim
xanımımda da qısqanclıq olub
- Mən
əvvəllər küçəyə çıxanda
çox yaxınlaşırdılar, qız, qadın, kişi
baxırdılar. Adamı vahimə basırdı ki,
görən neynəmişəm?
Hər
bir xalqın simasını, irsini, mədəniyyətini
və psixologiyasını tanımaq üçün kinonun
böyük rolu var. Kino dünya arenasına çıxmaq
və tanınmaq üçün ən əlverişli
vasitələrdən sayılır. Demək, bu sahədə
ən böyük məsuliyyət kinorejissorların və
aktyorların üzərinə düşür. Belə
ağır məsuliyyəti illərdir çiynində
daşıyan aktyorlardan biri də xalq artisti Rasim Balayevdir.
Tanınmış aktyorla səmimi söhbətimiz həm kino
ilə bağlı oldu, həm də ömür yolunu
vərəqlədik.
- Necə oldu ki, məhz
kino sahəsinə gəldiniz?
-
Sözün düzü, mən kino aktyoru olmaq istəmirdim.
Çəkilmək istəyirdim, ancaq konkret kino aktyoru olmaq
niyyətində olmamışam. Akademik Milli Dram Teatrında
çalışmağı düşünürdüm.
Mən institutu bitirəndə teatra getdim dedilər ki, yer
yoxdur. Kütləvi səhnələrdə
köməkçi heyətə götürmək
istədilər, mən də razı olmadım. Bir
müddət Tədris Teatrında işlədim. Məqam
gözləyirdim. Elə oldu ki, dedilər kinostudiyada aktyor
ştatı açırlar. Rəhmətlik Ədil
İsgəndərov məni şərtlə
götürdü. Bir il müddətində filmə
çəkilməsəm, özüm ərizə verib
getməliydim. Elə oldu ki, o müddətdə mən
“Nəsimi” filminə düşdüm və qalası oldum.
- “Nəsimi” sizin Rasim
Balayev kimi tanınmağınıza nə qədər
təsir etdi?
-
Təbii ki, “Nəsimi” mənim həyatıma,
yaradıcılığıma təsirini göstərdi. Bu
rol mənə məşhurluq gətirdi. Sonra başqa
rejissorlarda mənə qarşı inam yaratdı. Ondan sonra
dəvətlər almağa başladım. Həm burdan,
həm də Orta Asiyadan. O vaxt SSRİ məkanından
çox dəvətlər aldım. Elə hesab edək ki,
“Nəsimi” məni qabağa verdi.
- Bəs qısqanclıqlar
necə, oldumu? Yəqin ilk dəfədən belə
məsuliyyətli rolun sizə həvalə olunması da
birmənalı qarşılanmayıb...
-
Yəqin ki olurdu, amma mənim başım elə
qarışıq idi ki, belə şeylərə fikir
vermirdim. Bir də mənim yanımda nəsə
danışılmırdı. Dedi-qodu da bugünkü
qədər deyildi. Vardısa da, kimsə həsəd
aparırdısa da, içində gizlədirdi. Tək-tük
adamlarda yəqin ki, olub. Mənim işim çox idi deyə
maraqlanmırdım. Necə “Nəsimi” başladısa, bir
də gördüm ki, 30-40 il keçib. Mən o
dönəmlərdə aktiv çəkiliş
meydançalarında idim. Təbii ki, hər sahədə
qısqanclıq var. Cürətli adamlar heç vaxt
paxıllıq etmirlər. Bəlkə də dedi-qodu
olardı, ancaq o vaxt mətbuat da belə deyildi. Kim nə
istəyirdisə, onu deyə bilməzdi. Bu gün televizorda
hər kəs biri-birinin ünvanına ağzına nə gəldisə
deyə bilir.
- Demək mətbuatın,
KİV-in günahı var?
- Bəli. Kanallara baxmaq
mümkün deyil. Efirdən biri-birinin ünvanına qeyri-etik
ifadələr işlədirlər, səhəri gün
isə elə həmin kanalda onların öpüşüb
görüşdüyünü görürsən.
Qəzetlər reytinqlərini qaldırmaq üçün
yalan-doğru, nə gəldi yazırlar.
Təəssüfləndirici məqam odur ki, bizdə dedi-qoduya
maraq göstərən insanlar da var. Teleməkanlarda
qəribə bir üslubdan istifadə edirlər. Balaca bir
hadisəni şişirdərək “Az sonra” şok
açıqlama. Maraqlanırsan ki, nə olub? Məlum olur ki,
iki nəfər vecsiz bir adam, vur-tut bir-iki mahnı oxuyub
bir-birinin haqqında təhqirlə ittihama keçiblər.
Kütləni də belə mənasız yollarla ələ alırlar.
Bu gün sorğu keçirməyə başlasaz, inanın
ki, bilməzlər Füzuli, Laçın nə zaman
alınıb. Ancaq soruşun ki, filan müğənni ayın
neçəsi ərə gedib, şəxsi həyatında
nə baş verib, onu əzbər deyərlər. Bu nə
mənəviyyatdır? Biz gələcəyə nə qoyub
gedirik? Bunlara böyüklük edən bir qurum yoxdumu?
Əxlaqsız adamların efirdən
yığışdırılmasının zamanı deyilmi?
- Ömrünün böyük hissəsini
çəkiliş meydançasında keçirən aktyor
üçün bu gün çəkilişdən uzaq qalmaq
ağır deyil ki?
- Sözün düzü,
hərdən mən heç olmasa, çəkilirəm.
- Axı aktyor həm də illərini itirir belə
fasilələrlə. Bu müddətdə o, daha böyük
obrazlar yarada bilərdi. Bir də ki son illər
çəkildiyiniz filmlərin əksəriyyəti kommersiya
xarakteri daşımırmı?
- Düzdür, aralarında
kommersiya xarakterli filmlər də var, ancaq maraqlı filmlər
də olur. Bilirsiz necədir, təəssüf ki, bu gün
az-çox çəkilən filmlərimiz də
tamaşaçıya göstərilmir. Cəmi bir
kinoteatrımız var - “Azərbaycan” kinoteatrı. Bununla
axı iş bitmir. O kinoteatrın da cəmi 150 nəfərlik
yeri var. Camaatın da teatra gəlmək həvəsi
ölüb. Yəqin ki, bunun da müxtəlif sosial
səbəbləri var. Mənəviyyata, intellektə,
sənətə qiymət verən insanlar var ki, maddiyyat onlara
imkan vermir. Maddi durumu yaxşı olanlar isə
incəsənətə maraq göstərmirlər. Onlara
elə gəlir ki, həyat elə yeyib-içməkdən,
dəbdəbəli maşından, bu kimi amillərdən
ibarətdir. O zaman hər bir film çəkiləndən
sonra bunun premyerası olurdu. Səs-küy yaranırdı.
Bilirsiz necədir, sanki biz başımızı
aşağı salıb mal istehsal edirik, ancaq
alıcının buna ehtiyacı olub-olmamasından
xəbərimiz yoxdur. Filmi çəkmək hələ
işin əsas prinsipi deyil. Onu həm də tamaşaçıya
təqdim etmək lazımdır. O qədər əziyyət
çəkirik, çəkilişdə oluruq, film
çəkilir, axırda da kiçik bir zalda 100
nəfərlik insana təqdim olunur, vəssalam.
- Elə bir xarakterik obraz
düşünürsüzmü ki, onu bu yaşda daha
dolğun oynayardız?
- Bilirsiz, kino aktyoru ilə
teatr aktyoru arasında fərq var. Teatr aktyorunun seçim
imkanı var, konkret obrazlar arzulayır. Ancaq kinoda bir
qədər fərqlidir. Teatrda bir aktyor Hamleti arzulayır
və fürsət düşəndə oynayır. Ancaq kinoda
aktyor üçün hansısa obrazı gerçəkləşdirmək
asan deyil. Sözsüz ki, tarixi əsərlərin
qəhrəmanları var ki, onları oynamaq
mümkündür. Bu baxımdan mənim bəxtim gətirib
desəm, səhv etmərəm. Bir çox tarixi obrazları
oynamışam. Bu gün elə yaş
dönəmindəyəm ki, istərdim dərin, psixoloji rollar
oynayım. Tragikomik rollar. İçimdə o tələbat
var. Müəyyən təcrübə var, duyum var,
götür-qoy etmək qabiliyyəti var, ancaq
təəssüf ki, səndən asılı olmayan
problemlər mövcuddur. Biz illərimizi itiririk.
- Nə vaxtsa özünüzü rejissor kimi sınamaq
fikrinə düşmüsünüzmü?
- Heç vaxt.
Çünki bu, böyük bir sənətdir. Bunun
üçün insanın duyum qabiliyyəti, istedadı
olmalıdır, bu da məndə yoxdur.
- Həyatınız necə, çətinmi keçib?
- Vallah, adi həyat
tərzim olub. Hamı kimi.
- Gəlin etiraf edək ki, siz sadə insan deyilsiz axı...
- Böyük mənada
götürəndə, həyatım fərqli olmayıb.
Şəxsi həyatım da sadə olub, adi insanlar kimi.
Çətin vaxtlarım da olub, sevincim də. Müqayisə
edib tərəziyə qoymamışam, ancaq çətinliyim
az olmayıb. Maddi-mənəvi çətinliklərdən
çox keçmişəm.
- Aktyor olmaq, populyarlıq sizə problem yaradıb, ya
kömək edib?
- Yox, əslində bu
peşə bir insan kimi formalaşmağıma kömək
edib. Həyatda mövqeyimi tapmışam. Misal
üçün, filan işin öhdəsindən adi
peşə sahibi olsaydım, gələ bilməzdim, ancaq
aktyor Rasim Balayev kimi gəlmişəm. Yəni çox
qapılar problemsiz üzümə açılıb. Sadə
bir misal çəkim. Sürücü kimi hansısa qanunu
pozmuşamsa, maşından düşəndə deyiblər
ki, Rasim müəllim, sizsiz, bağışlayın. Cərimə
etməyiblər, yola veriblər. Tutaq ki, hələ Sovet
dönəmində, qıtlıq vaxtı nəyisə almaq
lazım olanda, növbəyə qalmamışam. Arxa
qapıdan yola salıblar, getmişəm. Yəni
sənətimin mənə köməyi dəyib.
Mənəvi baxımdan götürəndə isə
həmişə hörmətlə qarşılanmışam.
Mən də bu hörməti hiss edib indikilər kimi
təkəbbürlük yox, qarşılıqlı
hörmət yaratmışam.
- Dediniz ki, cəmiyyət arasında olanda
özünüzü loru dildə desək,
yığıb-yığışdırmısız. Bəs
qarşımızda oturan Rasim Balayevin əslində
daxilində kim oturur?
- Mən düşünmürəm
ki, populyar olmasaydım fərqli insan olardım, fərqli
hərəkətlər edərdim. Bu da xarakterdən irəli
gəlir. Xaraktercə həmişə bir qədər
ağır olmağa çalışmışam. İnsanlar
var ki, ictimai yerlərdə özlərini bir qədər
qeyri-etik aparırlar. Daha anlamırlar ki, onlar şəxsi
evlərində deyillər ki, necə istəyirlər, elə
də hərəkət etsinlər. Ona görə də
mənim təbiətimdə bir qanun var, insan ictimaiyyət
içindədirsə, hərəkətlərinə
diqqət yetirməlidir. O tanınsa da, tanınmasa da. Elə
evdə də tanıdığınız Rasim Balayevəm.
Artıq hərəkətləri sevmirəm.
- Yaratdığınız obrazlardan, xüsusilə
də Həsənzadədən sonra Rasim Balayev
tamaşaçının yaddaşında təmkinli,
səbirli bir insan kimi qalıb. Ailə daxilində də bu
qədər səbirlisiz?
- Ağırlıq,
təmkinlik də elə-belə yaranmır. O da
müəyyən etaplardan keçir. Ola bilər ki, mən
çəkilişdə və ya küçədə
hər hansı bir hadisə ilə hirslənim,
əsəbiləşim. Müəyyən gərginliyin
içində o əsəblər dartılır,
çəkilir, onu yalnız evdə olanda boşalda
bilirəm. Xaraktercə fərqli insanlar var. Adam var ki,
müəyyən hadisəyə
çılğınlıqla reaksiya verir, ya da əksinə,
səbirli insanlar var ki, hər şeyi süzgəcdən
keçirir, götür-qoy edir.
- Sizdə necə?
- Mənim də
dözümsüz olan vaxtlarım olub. Nəsə xoşuma
gəlmirsə, mən də üsyanımı bildirirəm.
Ancaq sənət aləmində başqadır,
cəmiyyətdə başqa.
- Üsyanlarınızın qurbanı həyat
yoldaşınızmı olur? Sonda bütün
əsəbiliklərinizi evdə boşaldırsız?
- Elə demək olar.
Düzünü deyim, çox çəkməsə də,
çəkdiyini çəkib. Ancaq mən çox narahat adam
olmamışam. Yola gedən insanam. Ancaq mən də insan
olduğum üçün elə şeylər olub ki,
səbirsiz olmuşam.
- Ailədə siz güzəştə gedirsiz, ya
yoldaşınız?
- (Gülür.
Pəncərəyə baxaraq bir qədər fikrə gedir).
Bilirsiniz, güzəşt qarşılıqlı
olmalıdır. Yəqin ki, o mənə daha çox
güzəşt edib. Ailədə gərək adamın
havasını saxlayalar. Yəni mən səhər qapıdan
çıxanda əsəbi halda gedərəmsə,
sözsüz ki, çəkiliş meydançasında bu, təsirini
göstərəcək. Tutaq ki, bir musiqiçi alətini
kökləməyib ifaya başlasa, o alətdən çox
biədəb səslər çıxar. İnsan da
səhər-səhər köklənir. Xüsusilə aktyor
üçün bu amil çox önəmlidir. Olub ki, hər
hansı problem olub, işə gedəndə onu mənə
deməyib ki, çəkilişə gedir, axşam
deyərəm.
- Ailəniz sevgi üzərində qurulub, ya
valideynlərinizin məsləhəti olub?
- Yox, sevgi olub. Sevib ailə
qurmuşam. Düzdür, sevgi məfhumu hələ də tam
araşdırılmayıb. Yəqin əvvəl sevgi hissi
yaranır, müəyyən dövrdən sonra bu hiss
dəyişir. Enerjinin itməməsi qanunu var, bir
şəkildən başqa şəklə düşür.
Qarşılıqlı hörmət yaranır. Uşaqlar
dünyaya gəlir, sevgi bölüşür, sevgi
qayğıya dönür. Ömür-gün yoldaşı
sözünü yəqin ki, əbəs yerə demirlər.
Tədricən yoldaşlıq münasibəti yaranır. Əlbəttə
ki, əsl sevgi ölmür. Niyyətlə qurulan ailə
isə dözümlü olmur. Ömür boyu o, hər iki
insan üçün əziyyət olur. Çünki
fərqli xarakterli insanlar olurlar.
- Sevən qadının qısqanclığı nə
qədər olur? Axı siz tanınmış aktyorsuz.
Yəqin ki, qısqanmaq üçün səbəblər
olub...
- Sözsüz ki, qadın
qısqanc olur. Mənim xanımımda da qısqanclıq olub.
Mən əvvəllər küçəyə
çıxanda çox yaxınlaşırdılar, qız,
qadın, kişi baxırdılar. Adamı vahimə
basırdı ki, görən neynəmişəm?
Tədricən öyrəşirsən, sənin
üçün bu adiləşir. Mənim kimi xanımım
da tədricən bunları qəbul etdi. Başa
düşdü ki, bu, sənətə olan diqqətdir,
sevgidir. Əgər bu sənətdə olmasaydım, yəqin
ki, mənimlə bu qədər maraqlanmazdılar. Hətta
nə qədər zahiri görünüş gözəl olsa
belə. Bizim evdə də əvvəllər az-çox
söz-söhbətlər olub. Mən birdən-birə populyar
oldum. Bu gün belə populyarlıq görmürəm.
Mənə Rusiyanın bütün məkanlarından
məktub göndərirdilər. Düzdür, bu gün
sənətçilərə SMS göndərirlər, ancaq o
dönəmdə populyar olmaq heç də asan deyildi.
- Sizin üçün Nəsimi kimi soyulmaq, yoxsa Babək
kimi doğranmaq çətin idi?
- Görürsünüz,
hər obrazın öz xarakteri var idi. Hər bir obrazı
yaratmağın özünəməxsus çətinliyi var
idi. Mən hər hansı bir filmdə və ya
ədəbiyyatda görmüşəm ki, bir insanın
dərisi soyulsun. Bu tarixə belə yazılıb və
mən çalışdım ki, həm Nəsimini, həm
Babəki yaradarkən tamaşaçını inandıra
bilim.
- Bu gün necə, o filmə baxanda nəsə
dəyişiklik etmək ürəyinizdən keçibmi ki,
bu gün onu oynasaydım, bu yerdə belə edərdim?
- Yox,
heç bir dəyişiklik etməzdim. Çünki o,
mükəmməl əsərdir. Özündən demək
olmasın, ancaq mən “Nəsimi” filminə 20-30 ildən sonra
tamaşaçı kimi yaxşı baxa bilmişəm.
Baxırdım, ancaq filmə film kimi baxa bilmirdim.
Ümumiyyətlə, çəkildiyim çox filmlər var
ki, onları uzun illərdən sonra seyr edə bilmirəm.
“Nəsimi”yə indi-indi baxıram. Çünki
əvvəllər baxanda film başlayarkən mənim
yadıma çəkiliş meydançası
düşürdü, orada olan hadisələr, aktyorlar,
çəkiliş meydançasında baş verən
məqamlar və bir də görürdüm ki, film
qurtardı. Ancaq bu gün tamaşaçı
gözündə açıq başla baxmağa
başlayıram. Görürəm ki, filan aktyor artıq
yoxdur. Ancaq bu gün də oynasaydım, yəqin eyni
şəkildə oynayardım. Teatrdan fərqli olaraq kinoda bir
neçə dubl olur. Rejissor da bu dublların ən
yaxşısını seçir, saxlayır. Ona görə
də qüsur az olur. Əsaslı surətdə bu gün
də “Nəsimi”ni oynasaydım, dəyişiklik etməzdim.
- Böyük obrazlar
yaratmısız. “Yaramaz” filmində isə kiçik bir
obrazı canlandırmısız...
- O zaman o filmi Moskvada da
bəyənmişdilər. Məni tanıyanlar
üçün də təəccüblü idi ki, necə
olub bu rola çəkilməyə razılıq
vermişəm? Rejissor məni inandırdı ki, orada
adamların yeri səhv düşüb. Mən də
bacardığım qədər oynadım. Demək olar ki,
orada danışmamışam da. Yəqin peşəkar aktyor
üçün bircə baxış da tamaşaçı
ilə ünsiyyətə girməyə kömək edir.
- Daha çox sizi müsbət obrazlarda
görmüşük. Ancaq Davud obrazı mənfi xarakterli
idi. Necə oldu ki, belə obraza razılıq verdiz?
- Mənə çox irad
tuturlar ki, filan rolu niyə oynadın? Yenə də deyirəm,
məni oynadığım rollarla səhv salmasınlar.
Həyatda mən Rasim Balayevəm. Kamera qarşısında
isə mən müxtəlif xarakterli insan ola bilərəm. Bu
gün mən Nəsimi oynayıramsa, Nəsimi deyiləm.
Həsənzadə oynayıramsa, Həsənzadə də
deyiləm, nə də Davud. Bilirəm ki,
tamaşaçılar məni pis rolda görmək
istəmirlər. Ancaq sənətçinin tələbləri
də var. Rəhmətlik Rasim Ocaqov deyirdi ki, çox vaxt
adamı mələk simalı insanlar aldadır. Ona
görə də müəyyən obrazlar vasitəsilə
bunu çatdırmaq mümkündür ki, insan mələk
simaya aldanmasın. Mənfi obrazı yaratmaq çətindir.
Mən sevinirəm ki, Davudu inandırıcı şəkildə
oynamışam. Əgər mənim bir obrazımla insanlar
Davud kimilərə nifrət edirlərsə, bu mənim
uğurumdur, xalqa köməyimdir.
Şərq.- 2007.- 9 oktyabr.- S.14.