Nəzakət

 

XX əsr Azərbaycanın yaradıcı nəsilləri

 

Cığıraçanlar nəslinin nümayəndəsi

 

Dünən Azərbaycan Yazıçılar Birliyi "Natəvan" adına klubda Azad Şərifin "XX əsr Azərbaycanın yaradıcı nəsilləri" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə birliyin sədri, xalq yazıçısı Anar açaraq Azərbaycan mədəniyyəti tarixində təqdim olunan kitabın böyük mahiyyət kəsb etdiyini vurğuladı, belə bir əsərin ərsəyə gəlməsində müəllifə təşəkkürünü bildirdi. Belə ki, kitabda Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermiş, bir soyadın daşıyıcıları olan şəxsləri yaradıcılıq uğurları qeyd olunmuşdur. Bu nəsilləri xalqa tanıtmaq, onların sənət tarixinə saldığı izləri gənclərə, eləcə də gələcək nəsillərə ötürmək mahiyyət baxımından çox böyük əhəmiyyətə malikdir. Kitabın "Hacıbəyovlar" bölməsində bu nəslin nümayəndələri olan Üzeyir Hacıbəyov, Zülfü Hacıbəyov, Soltan Hacıbəyov, Çingiz Hacıbəyov, İsmayıl Hacıbəyov kimi sənətkarların fəaliyyətindən qısa və tarixi ştrixləri özündə əks etdirən yazılar dərc olunmuşdur. Şekspir obrazlarının ən yaxşı ifaçısı kimi teatr sənətinə töhfələr vermiş, Abbas Mirzə Şərifzadə və bu ailədə yaşayan, böyüyüb boya-başa çatan Mərziyə Davudova, Firəngiz Şərifova kimi böyük sənətkarların yaratdığı obrazlardan, onların imkanlarından söz açan Azad Şərifov bir tədqiqatçı kimi ötən illərə nəzər salaraq, faktları göz önündə canlandırmışdır.

"Cığıraçanlar nəslinin nümayəndəsi" başlığı altında verilən yazıda müəllif baba Müslüm Maqomayev və nəvə Müslüm Maqomayev kimi iki nəslə mənsub olan yaradıcı simaların sənət ştrixlərini qeyd edib, onların Azərbaycan milli sənətinin inkişafındakı rolunu vurğulamışdır. Səməd Vurğun ailəsinin yetirmələri olan Vaqif və Yusif Səmədoğlular, Bülbül və Polad Bülbüloğlu, Qara Qarayev və Fərəc Qarayev, Rəsul Rza, Nigar Rəfibəyli və Anar, Fikrət Əmirov və Cəmil Əmirov, Tahir Salahov, Alagöz Salahova və Aydan Salahova, Cövdət Hacıyev, İsmayıl Hacıyev, Mikayıl Hacıyev və Oqtay Sadıqzadə, Elmira Şaxtaxtinskaya, Toğrul Sadıqzadə və Altay Sadıqzadə, Həqiqət Rzayeva, Həsən Rzayev, Hüseyn Rzayev və Azər Rzayev, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli və Fərhad Bədəlbəyli eləcə də digər sənətkarların sənət izlərini çözələyən müəllif bir çox başlıqlar altında onların sənət peşələrinin sırf mədəniyyət və incəsənətlə bağlı olduğunu və bir ailədə bir neçə nəslin sənətkar qismində fəaliyyət göstərməsini qeyd etmişdi. Azad Şərifovun ərsəyə gətirdiyi kitabın hər səhifəsində sənətkarlar haqqında dolğun və bitkin məlumatlar verilmişdir. Kitabın bədii tərtibatçısı, Azərbaycan xalq rəssamı Arif Hüseynov, redaktoru, filologiya elmləri namizədi Xeyrulla Əliyevdir. Kitab iki dildə nəşr olunduğundan, rus nəşrinin redaktoru, əməkdar jurnalist Elmira Əliyevadır. "XX əsr Azərbaycanın yaradıcı nəsilləri" kitabı müəllifin oğlu Azərbaycan Milli Ordusunun mayoru Fərhadın xatirəsinə ithaf olunmuşdur.

Tədbirdə xalq şairi Fikrət Qoca, xalq artiştləri Eldar Quliyev, Azər Rzayev, Oqtay Mirqasımov, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, dirijor Yalçın Adıgözəlov, xalq rəssamı Arif Hüseynov və başqaları çıxış edərək, Azad Şərifin belə bir nəfis tərtibatla çap etdirdiyi nümunənin bədii dəyərindən söz açıb, onun hər zaman prinsipial mövqedə olaraq vətəndaşlıq mövqeyini büruzə verdiyini nəzərə çatdırdılar. Qeyd olundu ki, Azad Şərif bacarıqlı bir ziyalı olmuş, çalışdığı bütün sahələrdə istedadını nümayiş etdirmiş, üzərinə düşən öhdəliyin məsuliyyətini dərk etmişdir. Azad Şərif jurnalistika sahəsində çalışmış "Molodyoj Azərbaycana" qəzetinin ilk azərbaycanlı redaktoru olmuşdur. 1969-cu ildən Heydər Əliyevin təkidi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1988-ci ilin "Azərforum" informasiya agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. Bu və ya digər vəzifələrdə çalışan və hər zaman öz işi ilə diqqət mərkəzində olan Azad Şərif Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi qayğı göstərmişdir.

Təqdimat mərasiminin sonunda söz Azad Şərifə verilmişdir. O, "XX əsr Azərbaycanın yaradıcı nəsilləri" kitabının ingilis variantında nəşrinin də nəzərdə tutulduğunu vurğuladı. Əsas məqsəd Azərbaycan sənətinin görkəmli nümayəndələrini dünya ölkələrində tanıtmaqdan ibarətdir. Müəllif sonda bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

 

Səs.- 2007.- 4 oktyabr.- S. 12.