Alim Qasımov Harvard Universitetində konsert verib

 

Oktyabrın 12-də ABŞ turnesinə çıxan xanəndə Alim Qasımov oktyabrın 14-də Massaçusets ştatında konsert verib. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, "Orta Asiyanın ruhani səsləri" adı altında keçirilən konsert Harvard Universitetinin Sanders Teatr salonunda "Ağaxan" Mədəniyyət Fondu tərəfindən təşkil olunub. Konsertdə Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə Tacikistanın "Bədəxşan" ansamblı, Qazaxıstan vokal sənətçisi Ulcan Baibussynova və Özbəkistan təmsilçisi Ziyada Şərifova da çıxış edib. Proqramda xanəndələrə həsr olunmuş filmdə nümayiş etdirilib. Filmdə eyni zamanda muğam sənətinin tarixi, Azərbaycan musiqi alətləri ilə yanaşı, A.Qasımovun muğama gəlişindən və muğam sənətini Azərbaycanda yaşatmasından söhbət açılıb. Konsertdə Harvard Universitetinin tələbə və müəllim kollektivindən başqa, Boston şəhərinin 1000-dən çox sakini iştirak edib.
Tarkan Yaşıl Teatrda konsert verəcək
Türkiyənin meqa-starı Tarkan mayın 10-11-də Yaşıl Teatr Bakı Konsert Kompleksində solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən konsertin təşkilatçısı "N. E. Organization"un rəhbəri Nahid Emiloğlu bildirib ki, Tarkan bakılı pərəstişkarlarının qarşısına dekabrda işıq üzü görəcək ən yeni albomu ilə çıxacaq: "Tarkanın Bakıdakı konsertində bir sıra sürprizlər gözlənilir. Bu sürprizləri ancaq iki günlük konsertə qatılacaq tamaşaçılar şahid olacaq. Düşünürəm ki, bu layihəmiz bir çoxlarını sevindirəcək". Təşkilatçı biletlərin qiymətinin hələ müəyyənləşmədiyini deyib. Tarkanın pərəstişkarları konsertlə bağlı fikir və düşüncələrini, eləcə də istəklərini nahid@ses.az ünvanına göndərə bilər. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

 

Xalq cəbhəsi.- 2007.-17 oktyabr.- S.14.