Babayeva T.
Musiqinin olimpinə doğru
Əsasən tarzən kimi tanınan gənc musiqiçi Əyyub
Quliyev Xorvatiyada keçirilən Lovro fon Matacicin
xatirəsinə həsr olunmuş dirijorların beynəlxalq
musiqi festival-müsabiqəsində xüsusi mükafata layiq
görülüb. Sözügedən müsabiqə 23
yaşlı gənc dirijorun fəaliyyətində ilk uğur
deyil. Hələ on beş yaşında ikən Bakı Musiqi
Akademiyasının (BMA) dirijorluq fakültəsinə daxil olan
Ə.Quliyev iki il sonra BMA Elmi Şurasının qərarı
ilə Ü.Hacıbəyov adına təqaüdə layiq
görülüb. 2002-ci ildə isə "Azərbaycan
Mədəniyyətinin Dostları" Fondunun təsis etdiyi
"İlin ən yaxşı tələbəsi"
mükafatı ilə təltif edilib.
Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu
ilə bitirdikdən sonra istedadlı gənc təhsilini davam
etdirmək üçün opera-simfonik dirijorluğu
ixtisası üzrə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq
Dövlət Konservatoriyasının aspiranturasına daxil olub.
Daim bilgilərini artırmağa səy göstərən
Ə.Quliyev İtaliyanın məşhur dirijoru Rikardo Kapasso,
SSRİ xalq artisti, professor Y.İ.Simonov və tanınmış
dirijor, professor R.Abdullayevin ustad dərslərində də
iştirak edib.
Ə.Quliyev aktiv konsert fəaliyyətinə isə daha
erkən vaxtlarından, uşaqlıq dövründən
başlayıb. 1997-ci ildə o, atası - məşhur
tarzən, xalq artisti, professor Ramiz Quliyev ilə birlikdə
dünya şöhrətli violonçelist M.L.Rostropoviçin
Bakıda keçirilən yubiley konsertlərində iştirak
edib. Gənc musiqiçinin ifasına valeh olmuş
görkəmli maestro Rostropoviç onu Moskva
Konservatoriyasının Böyük zalında
keçirilən yubiley qala-konsertində çıxış
etmək üçün dəvət edib. Bundan başqa,
Ə.Quliyev görkəmli müğənni M.Maqomayevin
Bakı və Moskva şəhərlərində
keçirilən 55 illik yubileyinə həsr olunmuş
konsertlərdə də uğurla çıxış edib.
Böyük Britaniyada keçirilən Azərbaycan
mədəniyyəti günlərində də gənc ifaçı
uğurlu çıxışları ilə yadda qalıb.
2002-2003-cü illərdə nüfuzlu Stavanger Beynəlxalq
Musiqi Festivalında Norveçin "Trondheim" orkestrinin
müşayiəti ilə çıxış edib.
Ötən il isə gənc musiqiçinin
fəaliyyətində ən yaddaqalan illərdən biri olub.
Oktyabr ayında Ə.Quliyev Polşanın Belostok
şəhərində keçirilən dirijorların
V.Lyutoslavski adına IV Beynəlxalq müsabiqəsində I
yeri qazanmaqla bərabər, "Orkestrin xüsusi
mükafatı"na da layiq görülüb. Bu uğur ona
mövsümi konsertlərdə Polşada Podlyaziya Opera və
Filarmonik Orkestri, Baltik Filarmonik Orkestri, Minsk
şəhərində Belarusun Dövlət Akademik Simfonik
Orkestrinə dirijorluq etmək imkanı yaradıb. Bu ilin yanvar
ayında isə Ə.Quliyev Podlyaziya Orkestri və Belarusun
Dövlət Xor Kapellası ilə birlikdə
C.Puççininin "Messa di Gloria" əsərinin
ifasını dirijor kimi həyata keçirib. Həmin ilin may
ayında isə Ə.Quliyevin Sankt-Peterburq Dövlət Akademik
Opera və Balet Teatrında bilavasitə opera dirijoru kimi
debütü baş tutub. O, V.A.Motsartın "Fiqaronun
toyu" operasına dirijorluq edib.
Əyyub Quliyev gənc olmasına baxmayaraq, dünyanın bir
çox tanınmış səhnələrində -
P.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının Böyük zalı, Sankt-Peterburq
Konservatoriyasının "Qlazunov zalı", Moskvanın
"Rossiya" konsert zalı, Londonun "Ron Xobbard salonu"
və "Kensington holl", Norveçin "Stavanger
konzertholl", "Haakonshallen", Polşanın
"Podlaziya Opera və Filarmoniyası", "Baltik
Filarmoniyası"nda çıxış edib. 1998-ci ildə
mərhum Prezident Heydər Əliyevin sərəncamı
ilə adı Azərbaycanın gənc istedadlarının
"Qızıl kitabı"na yazılan Ə.Quliyev həm
də prezident təqaüdçüsüdür. Ötən
il istedadlı gənc musiqiçi Azərbaycanın Milli
Mədəniyyət Mərkəzi tərəfindən
"Uğur-2006" mükafatına layiq görülüb.
Bu günlərdə Xorvatiyadakı beynəlxalq musiqi
festivalında əldə etdiyi uğur isə onun beynəlxalq
arenada tanınmasına daha bir təkan olacaq.
Festival-müsabiqə ilə bağlı daha ətraflı
məlumat almaq üçün hazırda Sankt-Peterburqda
təhsil alan gənc musiqiçinin özünə
müraciət etdik.
- Xorvatiyanın paytaxtı Zaqrebdə sentyabrın 24-dən
29-dək keçirilən məşhur xorvat dirijoru Lovro fon
Matacicin xatirəsinə həsr olunmuş dirijorların
beynəlxalq musiqi festival-müsabiqəsində iştirak etmək
üçün dəvət olunmuşdum. Qeyd edim ki, bu
festival Xorvatiyada keçirilən ən böyük
mədəni tədbirlərdən biridir. Festival
görkəmli dirijor Lovro Matacic və onun xanımı,
məşhur xorvat alimi və ziyalısı Lili Matacicin
adını daşıyan Fondun təşəbbüsü
ilə keçirilirdi. Xüsusi qeyd etməliyəm ki, festival
Xorvatiyanın prezidenti S.Mesiçin himayəsi altında baş
tutdu.
- Festivala hansı ölkələrin
nümayəndələri qatılmışdı?
- Festivalda iyirmiyə yaxın ölkənin dirijorları
iştirak edirdi. Onların arasında Fransa, Böyük
Britaniya, Şotlandiya, İtaliya, Almaniya, Xorvatiya, Azərbaycan,
Sloveniya, Yaponiya, Çin, Koreya, Amerika Birləşmiş
Ştatları və digər ölkələr vardı.
Mən bu festivalda iştirak edən ilk azərbaycanlı
musiqiçi idim.
- Hansı orkestrlərlə çıxış etdin və
konsertlər harada baş tutdu?
- Sentyabrın 25-də mənim Xorvatiyanın ən
yaxşı orkestrlərindən biri sayılan Zaqreb Filarmonik
Orkestrilə konsertim oldu. Proqrama Motsartın, Bethovenin və
xorvat bəstəkarı Yakov Qotovacin simfonik
əsərləri daxil idi. Konsert Zaqrebin ən böyük konsert salonlarının birində
- "Lisinski Hall"da
keçirilirdi. Elə həmin konsertdən
sonra Matacic Fondunun prezidenti Vladimir Benic səhnəyə çıxaraq məni
"Matacic Fondunun xüsusi mükafatı"
ilə təltif etdi. Festival həm
də tanınmış
musiqiçilərin iştirakı
ilə yaddaqalan oldu. Festivalda qonaq qismində
dünyanın müxtəlif
ölkələrindən gəlmiş
dirijorlar iştirak edirdilər. Onların
sırasında İsveçrədən
Dmitri Kitayenko, Avstriyadan Alp Kraus, Almaniyadan
Martin Ziqxart, Avstraliyadan
Simona Yanq, Makedoniyadan Fimko Muratovski kimi sənətkarlar vardı.
Festival çərçivəsində
bütün iştirakçıları
Zaqreb şəhərinin
meri də qəbul etdi. Şəhərin meri bizimlə
çox səmimi görüşdü və
yaradıcı fəaliyyətimizlə
maraqlandı. Sonra
isə Zaqreb şəhərində ekskursiya
təşkil olundu, iştirakçılar şəhərin
görməli yerləri,
tarixi abidələri ilə
- Bu yaxınlarda sənin
Sankt-Peterburqda konsertin
gözlənilir. Bu haqda məlumat verərdin...
- Oktyabrın 11-də Sankt-Peterburq
Dövlət Kapellasında
Sankt-Peterburq Dövlət
Simfonik Orkestri ilə konsertim olacaq. Orkestrin bədii rəhbəri
Rusiyanın xalq artisti Nikolay Kornevdir. Konsert Rusiyanın Mədəniyyət
üzrə Federal Agentliyi
və "Sankt-Peterburq
Dövlət Musiqi Evi"nin təşəbbüsü
ilə keçirilir.
"Musiqi Evi"nin prezidenti isə görkəmli musiqiçi, Rusiyanın xalq artisti, professor Sergey Rolduqindir. Növbəti konsertim oktyabrın
22-də Sankt-Peterburq Dövlət
Konservatoriyası Simfonik
Orkestrinin iştirakı
ilə elə həmin Konservatoriyanın
məşhur Qlazunov zalında baş tutacaq. Roqrama P. Çaykovskinin "İtalyan
kapricciosu", "Françeska
da Rimini" simfonik fantaziyası və E.Qrigin fortepiano və orkestr üçün konserti daxildir. Solist beynəlxalq müsabiqələr
laureatı, çinli
Dun Syuan olacaq.
- Tamaşaçılar səni
atan, məşhur tarzən Ramiz Quliyevlə birgə çıxışlarından tanıyırlar. Yaxın günlərdə ata-oğul dueti gözlənilirmi?
- Gözlənilir. Noyabrda mənimlə
atamın Rusiyanın
Novosibirsk şəhərində Dövlət Filarmoniyasının
orkestrilə "V ritme
tansa" adlı böyük konsertimiz planlaşdırılır. Bu, Azərbaycan tarının
və musiqisinin
Novosibirsk Filarmoniyasında ilk ifası olacaq. Proqrama Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Aqşin Əlizadə, Azər Rzayev, Həsən Rzayev, həmçinin dünya bəstəkarlarının
əsərləri daxildir.
Noyabrın 23-də isə Ramiz
müəllimlə Polşanın
Belostok şəhərində,
ən mötəbər
salonlardan biri olan Podlaziya Opera və Filarmoniyasında çıxış edəcəyik.
Konsertin
ilk şöbəsində Ramiz
müəllimi Podlaziya
Filarmonik Orkestri ilə müşayiət edəcəm. Qeyd etmək
istəyirəm ki, bu şöbə tamamilə Azərbaycan musiqisinə həsr olunub. Burada H.Xanməmmədovun tar və
orkestr üçün
konserti və H.Rzayevin "Çahargah Rapsodiyası" ifa olunacaq. İkinci şöbədə isə dünya klassiklərinin simfonik orkestr üçün yazdıqları ən çətin əsərlərə
dirijorluq edəcəm.
- Bəs, Sankt-Peterburqdakı
təhsilini nə zaman başa vuracaqsan?
- Dekabrda Sankt-Peterburq
Dövlət Konservatoriyasının
aspirantı kimi təhsilimi başa vururam. Amma buna baxmayaraq, bu şəhərdə gələn il
üçün bir sıra konsertlər nəzərdə tutulub. Bunlardan xüsusilə "Musiqi Olimpi" Fondunun keçirdiyi, dünyanın
gənc musiqiçilərinin
marafonu kimi adlandırılan Beynəlxalq
Musiqi Festivalını
qeyd etmək istəyirəm. Festival gələn
il may ayının
sonlarında keçiriləcək.
Festival təşkilatçılarının
iştirakçılar qarşısında
qoyduğu əsas şərt orada yalnız beynəlxalq müsabiqə qaliblərinin
iştirak etməsidir.
Festival rəhbərliyi mənə artıq dəvət göndərib.
İnşallah, ümid edirəm
ki, Azərbaycanın adını orada layiqincə təmsil edə biləcəyəm.
Xəzər.- 2007.-6 oktyabr.- S.18.