Dünyamalıoğlu F.

 

Münsiflər heyəti çaş-baş qaldı

 

5 yaşlı Osmanı K.Səfərəliyev adına 16 saylı musiqi məktəbinə gətirəndə artıq o, Azərbaycan xalq və bəstəkar mahnılarını oxuya bilirdi. Müəllimlərin hansı musiqi alətini ifa etməyə marağın var? sualına Osman cavab verdi ki, həm skripka, həm fortepiano. Məktəbin direktoru balaca  Osmanın  arzusunu yerinə yetirdi.  Ona həm fortepiano, həm skripka şöbəsində təhsil almağa icazə verdi.

Eyyublu Osman Fəxri oğlu 1994-cü il mart ayının 15- Bakı şəhərində anadan olub. Onun nənəsi , babası da musiqiçi olub. Anası da fortepiano dərsi alıb. Amma sonralar həkim olmağa üstünlük verib.

Lap körpə vaxtlarından evlərində musiqi səsi eşidən Osman, elə körpə ikən musiqiyə meyl edib. Osmanda bu həvəsi görən valideynləri 1999-cu ildə onu 16 saylı musiqi məktəbinə gətirirlər həmin məktəbə qəbul edilir. Hazırda 9-cu sinifdə oxuyur.

İlk vaxtlardan Osmanın həm skripkada, həm fortepianoda etdiyi ifalar müəllimlərin diqqətindən yayınmır. Bu illər ərzində Osman bir sıra uğurlara imza atır.

2002-ci ildə "Döngə-2002" VI Bakı uşaq musiqi festivalında diploma layiq görülür.

2004-cü ildə F.Əmirov adına skripka üzrə II dərəcəli diploma, Q.Qarayev adına gənc pianoçuların III Bakı musiqi müsabiqəsinin III dərəcəli diplomuna, dinləmə nəticəsində Beynəlxalq Regionlararası

"Yeni adlar" ictimai fondundan diploma və həvəsləndirici təqaüdə layiq görülüb.

2005-ci ildə Rusiyanın – Suzdal şəhərində YUNESKO-nun xətti ilə keçirilən Beynəlxalq kurslarda təcrübə zamanı ifalarına görə - Tatarıstanın əməkdar incəsənət xadimi K.A.Şaşkinanın fortepiano sinfində, professor M.A.Qotedinerin skripka sinfində, Rusiyanın əməkdar incəsənət xadimi, professor T.A.Qoydomoviçin kamera orkestri sinfində - üç diploma layiq görülür.

2006-cı ildə MDB ölkələrinin Astanada keçirilən IV gənclər "Delfin oyunları" müsabiqəsində sertifikat əldə edib. Eyni zamanda həmin ildə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepianoda müşaiyət ifaçılığına baxışda yüksək səviyyəli çıxışına görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin diplomunu alır. Moskvada V.Spivakovun Xeyriyyə Fondunun keçirdiyi Beynəlxalq Festivalda iştirak edir və həmin Fondun Şəhadətnaməsini alır.

Onun ən böyük uğuru 2007-ci ilin may ayında Rumıniyanın Zalei şəhərində keçirilən "Viva la Musica" adlı Gənclərin IX Beynəlxalq müsabiqəsində olur. Osman həmin müsabiqədə iki nominasiya-skripka və piano üzrə çıxış edir. Münsiflər heyəti hər iki ifanı yüksək qiymətləndirir. O, həm iki birinci dərəcəli "Diplom"a, həm "Qran pri" layiq görülür.

Osman artıq Azərbaycandan xaricdə də konsertlərdə iştirak edir. 2006-cı ildə Moskvada çıxışı olur. Elə həmin il Amerikada senatorlar Amerikanın məşhur siyasət elm adamları qarşısında çıxış edir. Hər iki çıxışı yüksək qiymətləndirilir.

Bütün bu uğurlarına görə istedadlı skripkaçı pianoçu Əyyublu Osman Fəxri oğlu 14 iyun 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə adı "Qızıl Kitab"a yazılmaqla prezident təqaüdünə layiq görülür.

Arzusu gələcəkdə tanınmış musiqiçi olmaqdır.

 

Mədəniyyət.- 2007.- 5 oktyabr.- S. 4.